Məhkəmə qərarları › İş №2(060)-1583/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1583/2023

13.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1583/2023 13.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X9 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi, bacısı X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4816/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, cavabdehdən hər ay hər uşaq üçün 220 manat olmaqla, iki uşağa görə 440 manat sabit pul məbləğində alimentin tutulub birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü Lalə və xx.xx.2007-ci il təvəllüdlü Xədicənin yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi, həmçinin müdiasiya üçün ödədiyi 50 manat rüsumun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 10 may 2003-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından üç övladları vardır: xx.xx.2003-cü il təvəllüdlü Anar, xx.xx.2006-cı il təvəllüdlü Lalə və xx.xx.2007-ci il təvəllüdlü Xədicə. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3179/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1642/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi birgə nikahlarından olan uşaqların yetinlik yaşına çatana kimi saxlanması üçün cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4816/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi birgə nikahlarından olan xx.xx.2003-cü il təvəllüdlü Anar, xx.xx.2006-cı il təvəllüdlü Lalə və xx.xx.2007-ci il təvəllüdlü Xədicənin yetinlik yaşına çatana kimi saxlanması üçün cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında və hər ay hər uşağa 10 manat aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. Birgə nikahlarından olan xx.xx.2003-cü il təvəllüdlü Anar yetkinlik yaşına çatıb və iddiaçı həmin uşağa görə aliment almır. İddiaçı uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh iddiaçıya əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların təlabatları da günü-gündən artır. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, uşaqların böyüməsi ilə əlaqədar olaraq onların tələbatı artır və iddiaçı onların maddi ehtiyaclarını təmin etməkdə çətinlik çəkir. Əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment miqdarı onların tələbatlarını ödəmir. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi, bacısı X5 məhkəmə iclasında bildirdi ki, cavabdeh heç bir yerdə işləmir. O, ikinci qrup əlildir. Cavabdehin özünün dərman xərcləri var və maddi imkanı olduqca aşağıdır. Cavabdeh yenidən nikaha daxil olub. Cavabdehin həyat yoldaşı hamilədir. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1980-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1977-ci ildə anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən iddiaçı və cavabdeh arasındakı nikaha xx.xx.2012-ci il tarixində xitam verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X4 xx.xx.2007-ci ildə, X6 isə xx.xx.2006-cı ildə anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4816/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi birgə nikahlarından olan uşaqların yetinlik yaşına çatana kimi saxlanması üçün cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında və hər ay hər uşağa 10 manat alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. 490633 saylı nikah haqqında şəhadətnamənin surətinə əsasən cavabdeh X3 ilə xx.xx.2022-ci ildə nikaha daxil olmuşdur. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışa əsasən cavabdeh hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar ikinci qrup əlildir. O, ümumilikdə 712,8 manat pensiya alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. İddiaçı uşaqları üçün 440 manat aliment tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh 2-ci qrup əlildir və yenidən ailə qurmuşdur. Bu səbəbdən məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşaqların mənafeləri nəzərə alınmaqla uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4816/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 180 manat olmaqla, ümumilikdə 360 manat məbləğində müəyyən edilməlidir. İddiaçı eyni zamanda mediasiya xərcinin ona qaytarılmasını xahiş etmişdir. Lakin mediasiya xərci mülki prosessual qanunvericilikdə məhkəmə xərclərinə aid edilmədiyindən iddia mediasiya xərcinin iddiaçıya qaytarılması hissəsində təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4816/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar