Məhkəmə qərarları › İş №2(060)-1594/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1594/2021

16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1594/2021 16.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı Mövlud oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Mövlud oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mövlud oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4000 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh çoxdan tanıyır. 2 il bundan qabaq Nəsimi rayonu, 28 May küçəsi ətrafinda yerləşən çay evində onunla birlikdə oturan zaman cavabdeh onu “BP” şirkətinə fəhlə kimi işə düzətməyi təklif edərək bunun müqabilində 3000 manat pul lazım olduğunu bildirmişdir. Bir müddət sonra o, cavabdehin təklifi ilə razılaşmış və ona 3000 manat məbləğində pul vermişdir. Cavabdeh bu barədə qəbz yazaraq ondan 3000 manat pul aldığını və onu bir ay müddətində işlə təmin edəcəyini bildirmişdir. Cavabdeh sonradan ondan 1000 manat məbləğində pul alaraq ona işə düzəldilən yerdə mühasibə verməyi bildirmişdir. Sonuncu dəfə o, 1000 manat məbləğində pulu cavabdehə verərkən onun yanında X2 da olmuşdur. O, bununla əlaqədar Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək Cavabdeh barəsində cinayət işinin başlanmasını xahiş etmiş, Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 05.11.2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda qərarda qeyd edilmişdir ki, toplanmış material üzrə əməldə cinayət tərkibinin olmaması və tərəflərin mübahisəsinin mülki xarakterli olması sübuta yetirilmişdir. Həmin qərarda onun tərəfindən cavabdehə 4000 manat məbləğində pul verməyi də sübuta yetirilmişdir. Belə ki, həmin qərarda cavabdehə verdiyi 3000 manat məbləğində pul ilə əlaqədar cavabdehin özü tərəfindən yazılıb imza edilmiş qəbzlə, ona verdiyi 1000 manat məbləğində pul isə şahid X1 izahatı ilə sübuta yetirilmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul etdiyini, 3000 manat məbləğində pulu ödəməyə razı olduğunu bildirdi. Məhkəmə, iddiaçı və cavabdehi dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı Mövlud oğlundan 05.1.2017-ci il tarixində 3000 manat pulu alaraq, “BP” şirkətinə fəhlə kimi işə düzəldəcəyi barədə söz verərək sənədə imza etmişdir. -05 noyabr 2019-cu il tarixli Nərimanov rayon Pİ-nin qərarından görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. - Cavabdeh 16.04.2021-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı Mövlud oğluna 3000 manat borcu olduğunu etiraf edir və həmin borcu hissə-hissə ödəməyə razıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə 3000 manat məbləğində pul vermişdir. Cavabdeh 3000 manat pulu almış, lakin üzərinə götürdüyü öhdəliyi icra etməmiş və aldığı pulları qaytarmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2- ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1- ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2- ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə cavabdehin iddiaçını işə düzəldəcəyi vədi ilə iddiaçıdan ödəniş qəbul etməsi, əvəzində isə hər hansı bu növ işləri yerinə yetirməməsi, eyni zamanda bu sövdələşmənin hüquqi və müqavilə əsasının olmaması, yalnız bu barədə yazılı qəbz verməklə, belə bir əqdin bağlanması təəssüratı yaratması, habelə onun bu növ xidmət göstərməyə səlahiyyətinin olmaması hallarına qiymət verərək hesab edir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə edərək əsassız varlanmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tələb olunan 3000 manat əsassız varlanma nəticəsində cavabdehin ələdə etdiyi vəsaitdir. Ona görə də iddia tələbi 3000 manat pulun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, bundan əlavə 1000 manat məbləğində pulun cavabdehə verilməsi iş materialları ilə təsdiq olunmadığından, bu barədə iddiaçı tərəfindən mötəbər sübut təqdim edilmədiyindən iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan və tutulmalı məbləğ 500 manatdan yuxarı olduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 3000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı Mövlud oğlunun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Mövlud oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar