Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1610/2022 05.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14.09.2018-ci il tarixli 6/Y-2-0-3384-18 №-li kredit müqaviləsi üzrə 6567,22 manat əsas borc, 380,8 manat faiz borcu, 223,4 manat cərimə borcu və kredit müqaviləsi üzrə 14.09.2021-ci il tarixdən 03.12.2021-ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 71,6 manat borc olmaqla ümumilikdə 7243,02 manat borcu və 30.05.2019-cu il tarixli 6-Y-4-0-1637-19 №-li kredit müqaviləsi üzrə 3964,81 manat əsas borc, 1,87 manat faiz borcu olmaqla cəmi 3966,68 manat borcun və 152,1 manat ödənilmiş dövlət rüsumunun tutulması, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 30.05.2019-cu il tarixli 6-Y-4-0-1637-19 №-li kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 14.09.2018-ci il tarixli 6/Y-2-0-3384-18 №-li kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən "xxxx" İKB ASC-dən illik 23 faizlə 36 ay müddətinə 7000 manat, 30.05.2019-cu il tarixli 6-Y-4-0-1637-19 №-li kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 17 faizlə 36 ay müddətinə 20000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il dekabrın 03-dək Cavabdeh banka 14.09.2018-ci il tarixli 6-Y-2-0-3384-18 №-li kredit müqaviləsi üzrə 6567,22 manat əsas borc, 380,8 manat faiz borcu və 446,79 manat cərimə borcu və kredit müqaviləsi üzrə 14.09.2021-ci il tarixdən 03.12.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz olmaqla 71,6 manat olmaqla ümumilikdə 7466,41 manat borcu vardır. Cavabdeh 14.09.2018-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 446,79 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 233,40 manat məbləğində tələb olunur. 2021-ci il dekabrın 03-dək Cavabdeh banka 30.05.2019-cu il tarixli 6-Y-4-0- 1637-19 №-li kredit müqaviləsi üzrə 3964,81 manat əsas borc, 1,87 manat faiz borcu olmaqla cəmi 3966,68 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14.09.2018-ci il tarixli 6- Y-2-O-3384-18 №-li kredit müqaviləsi üzrə 5867,22 manat əsas borc, 999,53 manat faiz borcu, 2024,37 manat cərimə borcu və kredit müqaviləsi üzrə 14.09.2021-ci il tarixdən 04.05.2022-ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 207,85 manat borc olmaqla ümumilikdə 9098,97 manat borcun və 152,1 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh öz izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir, pandemiya dövründə işləmədiyi üçün ödənişləri ödəyə bilməmişdir. Amma hal-hazırda işləri bərpa olunub, ödənişləri ödəyir. Lakin gecikmələri olduğunu qəbul edir, məhkəmədən əmlak vəziyyətini nəzərə alaraq faiz və cərimə borcunun silinməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarına əlavə edilmiş: "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 14.09.2018-ci il tarixli 6/Y-2-0- 3384-18 №-li kredit kartının verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, kreditor borcalana illik 23 faizlə 36 ay müddətinə 7000 manat məbləğində kredit xətti açmağı, borcalan kart vasitəsilə mallar, iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vəasitinin əldə edilməsi, nağdsız formada öz hesabından vəsaitin başqa hesaba köçürülməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdehnın 04 may 2022-ci il tarixə 14.09.2018-ci il tarixli 6/Y-2-0-3384-18 №-li kredit kartının verilməsi müqaviləsi üzrə 5867,22 manat əsas, müqavilə müddətinə 49,41 manat faiz borcu, 2024,37 manat cərimə, gecikdirilmiş müddətə görə illik 5(beş) faizlə hesablanmış 207,85 manat faiz borcu vardır. Xəbərdarlıq bildirişlərindən də görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay dövri olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırda iddiaçı həmin əsasdan çıxış edərək borcun qaytarılmasını tələb edir. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739, 462-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla belə məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövrə həmin müqavilə üzrə faizlərin və cərimənin hesablanması, borcluya qarşı belə bir tələbin irəli sürülməsi qanuni və əsaslı deyildir. İddiaçı bununla Mülki Məcəllənin 425-ci maddəsində nəzərdə tutulan vicdanlılıq prinsipinə əməl etməmişdir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata kesirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İfadə olunan hüquq normasının məzmununa əsaslanaraq məhkəmə hesab edir ki, borcluya qarşı tələb hüququna malik olan kreditor müqavilədən irəli gələn hüquqlarını tələb edərkən öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalı idi. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur (MM-in 399-cu maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, «Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur». Konstitutsiya məhkəməsinin qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə, həminçinin qanunvericiliyin tələbinə görə kredit müqaviləsi müddətli olmaqla müəyyən vaxt çərçivəsi ilə məhdudlaşır. Bu hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, araşdırılan mülki iş üzrə öhdəliyin icrası müddətinin aydın şəkildə ifadə olunduğu kredit müqaviləsinin həmin müqavilənin bütün borclar tam ödənilənədək qüvvədə olması barədə şərti hüquqi müəyyənlik prinsipinə və mülki qanunvericiliyin müddətləri tənzimləyən müddəalarına zidd olduğu üçün etibarsızdır. Belə ki, hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən bu hərəkətlərin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. O cumlədən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki işin materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış 14.09.2018-ci il tarixli kredit müqaviləsinin müddəti 36 ay olmaqla 14.09.2021-ci il tarixdə bitmişdir. İddiaçı müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün borcluya qarşı pul tələbi (faiz borcu) irəli sürmüşdür. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə davamlı olaraq faizlərin hesablanması, borcluya qarşı belə bir iddia tələbinin irəli sürülməsinin hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən 14.09.2018-ci il tarixli kredit müqaviləsi üzrə iddia tələbi kredit müqaviləsinin bitdiyi günə mövcud olan faiz borcu nəzərə alınmaqla qismən təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 2024,37 manat məbləğində dəbbə pulu azaldılaraq 50 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üsün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunun mənasına görə kreditor icranın gecikdirilməsinə görə kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqaviləyə uyğun hesablanmış faizləri və dəbbə pulunu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün isə gecikdirilmiş vaxta görə illik beş faiz, yaxud ona əlavə zərərin vurulduğunu sübut edə bilərsə daha artıq məbləğ tələb edə bilər. Məhkəmə şərh olunan hüqun normalarına istinadən hesab edir ki, tərəflər arasında kredit müqaviləsinin bitdiyi 14.09.2021-ci il tarixdən sonrakı dövr nəzər alınmaqla 02.09.2021-ci il tarixədək ödənilməmiş 5867,22 manat əsas borc məbləğinə illik 5% hesablanmaqla gecikdirilmiş müddət üçün 207,85 manat ödənilməsi barədə iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 49,10 manatı iddiaçıya aid edilməli, 103 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 14.09.2018-ci il tarixli 6-Y-2-O-3384-18 №-li kredit müqaviləsi üzrə 5867,22 manat əsas, 49,41 manat faiz, 50 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 207,85 manat, cəmi 6174,48 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 103 manat İddiaçı ASCnin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 14.09.2018-ci il tarixli 6-Y-2-O-3384-18 №-li kredit müqaviləsi üzrə 5867,22 manat əsas, 49,41 manat faiz, 50 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 %lə hesablanmış 207,85 manat, cəmi 6174,48 (altı min bir yüz yetmiş dörd manat qırx səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 103 (bir yüz üç) manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1610/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1610/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver