Məhkəmə qərarları › İş №2(060)-1642/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1642/2024

16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1642/2024 16.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 aprel 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 155 manat əsas borc, 100 manat hüquqi xidmətlərə görə və dövlət rüsumu olaraq ödədiyi 30 manat, cəmi 285 manat pulun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhərinin Karvan ticarət mərkəzində paltar ticarəti ilə məşğuldur. 2023-cü ilin noyabr ayının 12-də Cavabdeh ticarət etdiyi dükana gəlmiş və uşağı üçün ondan 155 manat dəyərində nisyə paltar istəmişdir. O, kasıb olduğunu və pulu üç günə ödəyəcəyini demişdir. Onun cavabdehə ürəyi yanmış və istədiyi 155 manat dəyərində uşaq paltarını ona nisyə satmışdır. Cavabdeh onu inandırmaq üçün anası X2 adına olan şəxsiyyət vəsiqəsini ona vermişdir. O, şəxsiyyət vəsiqəsini götürmək istəməmiş, lakin cavabdeh təkidlə şəxsiyyət vəsiqəsini yanında qoyub getmiş və vicdanlı adam olmasına onu inandırmağa çalışmışdır. Lakin, vaxtın bitməsinə baxmayaraq cavabdeh gəlməmişdir. Onu axtarıb tapdıqdan sonra müxtəlif bəhanələr gətirib pulunu qaytarmamışdır. Polisə müraciət etmişdir. Polisdə şikayəti üzrə araşdırma aparmamış və mülki mübahisə olduğunu bildirib məhkəməyə müraciət etməyini məsləhət bilmişlər. Polisdə ona demişdirlər ki, Xəyalə dələduzdur və bir neçə adamı da bu qaydada aldatmışdır. Onun barəsində başqa şəxslər də polisə şikayətlər etmişlər. Hazırda cavabdehdən pulun məhkəmə qaydasında alınması zərurəti yaranmışdır. Məhkəməyə müraciət etmək üçün sənədlərin toplanmasına, hazırlanmasına və hüquqi xidmət göstərilməsinə görə “Hüquqi işlər mərkəzi" MMC-yə müraciət edib və 100 manat hüquqi xidmət haqqı ödəyib. Bundan başqa dövlət rüsumu olaraq 30 manat ödəyib. Həmin məbləğlər da cavabdehdən tutulub ona qaytarılmalıdır. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh paltarları 13 noyabrda almış və həftənin 3-cü günü pulunu ödəyəcəyini bildimişdir. Cavabdeh ancaq uşaq üçün qış paltarları almışdır. O, özünə məxsus dəftərdə cavabdehin aldığı mallarını qiymətini qeyd etmişdir. Məsələ ilə bağlı cavabdehə telefonla mesajlar göndərib və hər dəfə cavabdeh pulu kart vasitəsilə ilə ödəcəyini demişdir. Həmçinin o, bununla bağlı Polis İdarəsinə də müraciət edib və orada cavabdehin bir neçə adamı da aldatdığını ona bildiriblər. Cavabdeh borclarını ödəməmək üçün tez-tez şəxsiyyət vəsiqəsini də dəyişir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SX014334030AZ saylı poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən) iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı ərizəsində göstərilən xüsusatlar mülki xarakterli olduğundan mülki icraat qaydasında məhkəməyə müraciət olunması ona tövsiyyə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan ümumi dəyəri 155 manat olan uşaq paltarları almış, lakin onların dəyərini iddiaçıya ödəməmişdir. Hazırda iddiaçı həmin pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə 155 manat dəyərində uşaq paltarları satması ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında olan telefon yazışmalarının mətnindən görünür ki, Cavabdeh iddiaçıya olan borcu olduğunu etiraf etmiş və dəfələrlə həmin məbləği qaytaracağını bildirmiş, lakin vədinə əməl etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 155 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilən xərclərə (219798 nömrəli, 20 yanvar 2024-cü il tarixli qəbzə əsasən) görə cavabdehdən 100 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsində də iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 155 (bir yüz əlli beş) manat borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilən 100 (bir yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar