Məhkəmə qərarları › İş №2(060)-1644/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1644/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1644/2022 31.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi İmanov Xəqani Qurban oğlunun iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbinə dair mülki işə 31 mart 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 1344.88 (bir min üç yüz qırx dörd manat 88 qəpik) manat, 06.01.2022-ci il tarixə faiz borcu üzrə 5.32 (beş manat 32 qəpik) manat, cəmi 1350.20 (bir min üç yüz əlli manat 20 qəpik) manat kredit borcunun və 33.50 (otuz üç manat.50 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 15 avqust 2019-cu il tarixli, SF-02977 nömrəli kredit müqaviləsinə əsasən ona illik 1 (bir) faiz dərəcəsi ilə 1465.03 (bir min dörd yüz altmış beş manat 03 qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən Cavabdeh1 məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt əızində Banka qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən kredit 60 (altmış) ay müddətinə verilir və həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kredıt müqaviləsinin 2.5-ci bəndinə əsasən faizlərin hesablanması kreditin Borcalan verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam vərilənədək davam edir. Həmin müqavilənin 2.9-cu bəndinə əsəsan bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.2-ci bəndində göstərilən dəbbə pulu hesablanır. 1-ci Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə onun Banka əsas borc üzrə 1344.88 (bir min üç yüz qırx dörd manat 88 qəpik) manat, 06.01.2022-ci il tarixə faiz borcu üzrə 5.32 (beş manat 32 qəpik) manat, cəmi 1350.20 (bir min üç yüz əlli manat 20 qəpik) manat məbləğində borcu yaranmışdır. 2ci Cavabdeh2 yuxarıda qeyd olunan Kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımınca icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş və onunla Bank arasında 15 avqust 2019-cu il tarixli, SFZ- 02977/1 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə Borcalan Kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə, Zamin Borcalanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 öhdəliklərin icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və Banka dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit üzrə borc axırıncı dəfə 03.09.2021-ci il tarixdə cəmi 32 (otuz iki) manat məbləğində ödənilmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hər iki cavabdehə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, tərəflər arasında bağlanmış sözügedən müqavilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın təsirə altına düşmüşdür. Cavabdehlər tərəfindən sonuncu ödəniş 2021ci ilin sentyabr ayında olmuşdur. 3-5 aydan bir ödəniş olur. Nümayəndə qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişlərə və SS766431570AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamyə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 15 avqust 2019-cu il tarixli, SF-02977 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 oğlu İddiaçı ASC-nin Sumqayıt filialından 60 ay müddətinə, illik 1 faiz ödəmək şərti ilə 1465.03 manat məbləğində kredit götürmüşdür. İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış 15 avqust 2019-cu il tarixdə, 106-SFZ-02977/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kreditor qarşısında borclunun kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İşdə olan 06.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 15 avqust 2019-cu il tarixli, SF-02977 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 iddia qaldırılan günə əsas kredit borcu üzrə 1344.88 manat, 06.01.2022-ci il tarixə faiz borcu üzrə 5.32 manat olmaqla, cəmi 1350.2 manat borcu yaranmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 15 avqust 2019cu il tarixli, SF-02977 nömrəli kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehlərə 13.04.2021-ci və 30.04.2021-ci il tarixli xəbərdarlıq məktubları göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsini təmin etməmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlərin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 15 avqust 2019-cu il tarixli, SF-02977 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış 1344.88 manat məbləğində kredit borcu və 5.32 manat məbləğində faiz borcunun əsas borclu və zamin olan cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 33,50 manat da cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 15 avqust 2019-cu il tarixli, SF-02977 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 1344,88 (bir min üç yüz qırx dörd manat səksən səkkiz qəpik) manat, 06.01.2022-ci il tarixə faiz borcu üzrə 5,32 (beş manat otuz iki qəpik) manat, cəmi 1350,20 (bir min üç yüz əlli manat iyirmi qəpik) manat kredit borcu və ödnilmiş 33,50 (otuz üç manat əlli qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar