Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-165/2024 08.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 15/27B ünvanında yerləşən 51 saylı mənzilə dəymiş maddi ziyanın əvəzi olaraq 3.000 (üç min) manat, eləcə də 50 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxx 1983-cü il tarixdə anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. İş üzrə Cavabdeh onun qonşusudur və Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 15/27B ünvanında yerləşən mənzildə pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdeh tərəfindən onun mənzilinə vurulmuş maddi ziyan ilə bağlıdır. Belə ki, cavabdehin evindən suyun axması nəticəsində onun mülkiyyətində olan mənzilə 3.000 (üç min) manat məbləğində maddi ziyan dəymişdir. Evin mətbəxi hazırda yararsız vəziyyətdədir. Bununla bağlı video görüntülər də vardır. Həmin görüntülər diskə köçürülərək iddia ərizəsinə qoşma qismində əlavə ediləcəkdir. Hesab edir ki, ədalətli məhkəmə araşdırması ilə yuxarıda qeyd edilən hallar öz təsdiqini tapacaq və cavabdehdən vurulmuş maddi ziyanın əvəzi olaraq 3.000 (üç min) manat, eləcə də 50 manat məbləğində dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılacaqdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, 3000 manat məbləğində ziyan dəymişdir. Ekspertin rəyi ilə də razı deyildir. Lakin 1500 manat ilə razıdır. Cavabdeh məhkəmə iclasında izahat verərək 1500 manat ilə razı olduğunu, həmin məbləği ödəməyə etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin hesabına məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən ünvan 2 ünvanında yaşayan X2 ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətə cavabdan görünür ki, müraciət əsasında mənzilə baxış keçirilən zaman üst qonşu tərəfindən mənzilə su axması və ziyan dəyməsi aşkar edilmişdir. Lakin ərizədə qeyd edilən xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-10/9423 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, 51 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, (diskdə movcud olan şəkillərə əsasən), həmin qüsurların su sızmaya xarakterik olduğunu, mənzillərin bir-birinə nəzərən yerləşmə vəziyyətini, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 15/27B ünvanında yerləşən 51 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan və binanın ikinci mərtəbəsində yerləşən 55 saylı mənzildən su axıdıldığı və nəticədə 51 saylı mənzilin tikililərinə ziyan vurduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 55 saylı mənzilin qapısı bağlı olduğuna, baxış keçirmək mümkün olmadığına görə, 51 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 51 saylı mənzilə su sızması 55 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq və 55 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Baxış zamanı və mülki iş materiallarında olan məlumatlara əsasən aparılan hesablamlar nəticəsində, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 15/27B ünvanında yerləşən 51 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirilən təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 250 manat məbləğində müəyyən edilmişdir. Tərəflərin iştirakı ilə iddiaçı tərəfindən təqdim edilmiş diskə baxış keçirilmiş, mənzilə su sızması və bunun nəticəsində zərər dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Lakin ekspertin rəyi ilə iddiaçının razılaşmaması, bunun nəticəsində tərəflərə təkrar ekspertiza keçirilməsi və ya vurulmuş ziyanın məbləği barədə qarşılıqlı razılığa gəlinməsi təklif edilmiş, tərəflər vurulmuş ziyanın məbləği barədə razılığa gəlmişlər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-ci maddəsinə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkiledir; 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək vəi.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən tərəflərin qarşılıqlı razılaşması əsas götürülməklə (yəni cavabdehin vurulmuş zərərə görə 1500 manat məbləği qəbul etməsi) maddi zərər 1500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan, yəni 1500 manat iddia tələbinin qiymətinə uğun dövlət rüsumu, yəni 35 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza xərci olan 50 manat məbləğində pul məbləği Cavabdeh aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiqolunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 1500 (bir min beş yüz) manat pul və 35 (otuz beş) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia ərizəsi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE**********0002088501 hesabına keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-165/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-165/2024
08.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver