Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1651/2021 18.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan almış olduğu 5000 manat məbləğində pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi iki ildən artıq bir vaxtdır ki, tanıyır. Tanışlıqlarının əsas səbəblərindən birisi ortaq dostluqlarının olmasıdır. Belə ki, təxminən fevral ayının sonlarında cavabdeh - Cavabdeh ona zəng edərək nənəsinin ağır vəziyyətdə olmasını və əməliıyat olunması üçün ona təcili 9000 manat pul lazım olduğunu bildirmişdir. Bunun müqabilində də özünə məxsus əmək haqqı kartını girov qoyacağını demişdir. O isə cavabında bildirmişdir ki, onda o qədər pul yoxdur, 5000 manatı var ki, mənzilinə olan krediti ödəyəcəkdir. Cavabdeh həmin pulu ona verməsini, əvəzində iki ay ərzində 600 manat əlavə ilə qaytaracağını bildirmişdir. xx xxxx 2020-ci il tarixdə aralarında müqavilə bağlamaqla Sumqayıt şəhəri bazar küçəsində ailəvi dostları Təhminə xanımın iştirakı ilə həmin pul vəsaitini yəni 5000 manatı ona vermişdir və onun dilindən kağız almışdır. Təxminən xx xxxx 2020-ci il tarixdə Emillə əlaqə saxlayaraq pulu tələb edəndə ona yalançı vədlər verərək günü-günə satmağa başlamış və son olaraq bildirmişdir ki, pulu voxdur hara şikayət eləsə deyəcək ki, faiz puludur, vermir. Bundan sonra isə dəfələrlə zənglər etməyinə baxmayaraq telefonuna cavab verməmiş, versələr də ona dedikləri o olmuşdur ki, onu şərləyəcəklər. Bunları sübut edəcək onun yetərli qədər mesajları vardır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək oxşar məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixdə 5000 manat pulu 02 ay müddətinə qaytarmaq şərti ilə almışdır. Həmin qəbzi imzası ilə təsdiq etmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış, iddiaçı cavabdehə ümumilikdə 5000 manat borc pul vermiş, həmin borcu cavabdeh hazırkı vaxtadək ödəməmişdir. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 740, 385, 442, 448-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 5000 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat İddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 241, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçının xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Sumqayıt Şəhər Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1651/2021
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-1651/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver