Məhkəmə qərarları › İş №2(060)-1655/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1655/2021

27.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1655/2021 27.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətini və Azərbaycan Respublikasının Fövqəladə Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyini üçüncü şəxslər qismində işə cəlb etməklə Cavabdeh qarşı “qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və tikinti işləri nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və tikinti işləri nəticəsində vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətini və Azərbaycan Respublikasının Fövqəladə Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyini üçüncü şəxslər qismində işə cəlb etməklə Cavabdeh qarşı “qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və tikinti işləri nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məhəmməd Füzuli küçəsi 75 “A” nömrəli 0,0215 ha torpaq sahəsi üzərində tikilmiş qanunsuz fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi, aparılmış qanunsuz tikinti işləri nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 5.000 (beş min) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məhəmməd Füzuli küçəsi 75 ünvanında yerləşən sahəsi 0.028 hektar torpaq sahəsini alğısatqı müqaviləsi əsasında almışdır. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış da verilmişdir. Bundan sonra torpaq sahəsində fərdi yaşayış evinin tikintisi ilə bağlı məlumatlandırma qaydasında Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmiş və 21.06.2018-ci il tarixli məktubla müraciətinə cavab verilmişdir. Bildirmək istəyir ki, öz evinə köçdükdən bir müddət sonra ona məxsus torpaq sahəsinin qonşuluğunda tikinti işlərinin başlanmasını görmüşdür. İlk əvvəl tikinti işlərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada tikinti qaydalarına uyğun işlərin aparılacağını düşünmüşdür. Daha sonra görmüşdür ki, tikinti işləri pərakəndə nəzarətsiz şəkildə həyata keçirilir. Tikilən ev artıq onun evinin qarşısını tamamilə kəsmişdir. Evinin pəncərələrinin qarşısında aparılan tikili, evinə günəş işığının düşməsinin qarşısını almışdır. Bu evində gələcəkdə nəmişliyin olmasına, təmirinin korlanmasına gətirib çıxaracaqdır. Evin üzərinə vurulan dam örtüyü demək olar ki, evinin içərisinə girmişdir. Qonşu sahələr arasında ara məsafəsinə riayət edilməmişdir. Həmçinin qeyd edir ki, aparılan tikinti işləri zamanı, beton işlərinin aparılması nəticəsində tinkintiyə tərəf düşən hissədəkı evinin mişar daşı ilə üzlənmiş üzlüyü tamamilə yararsız vəziyyətə düşmüş bununla da ona xeyli miqdarda maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri müəyyən edilmişdir. Həmin Məcəllənin 69.5.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi həcmində ara məsafəsi olmalıdır. Mübahisə edilən tikintidə bu ara məsafəsinə riayət edilməmişdir. Bu halın qarşısını almaq üçün həmin ərazidə tikinti işlərinə nəzarət edən şəxsə oz iradını bildirmiş və mülkiyyətindən istifadəni məhdudlaşdıran maneələrin aradan qaldırılması, ara məsafəsinə riayət edilməsi və qanunsuz tikilinin sökülməsi barədə ondan xahiş etmişdir. Lakin o, xahişlərini yerinə yetirməmiş və tikinti işlərini davam etdirmiş, buna dair sənədinin olmasını və ona hara istəyirsə şikayət etməsini bildirmişdir. Bundan sonra həmin tikintinin sənədlərinin olmaması barədə onda şübhələr yaranmışdı. Məsələ ilə bağlı aidiyyəti orqanlara müvafiq sorğular göndərilmiş, sorğulara cavab olaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən məlumata əsasən müəyyən olunmuşdur ki, ona məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məhəmməd Füzuli küçəsi 75 ünvanında yerləşən torpaq sahəsinin sağ tərəfində yerləşən torpaq sahəsi ilk əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məhəmməd ünvan 1 nömrəli 0,0215 ha torpaq sahəsi X1 adına 08.08.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra həmin torpaq sahəsindən 0,0203 ha sahəsi Sumqayıt şəhəri 4 saylı notariat kontorunda 04.06.2020-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmiş və tam mülkiyyət hüququ 05.08.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Digər sorğuya cavab olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsindən verilən 15.12.2020-ci il tarixli, 493 nömrəli məktubunda adıçəkilən ərazidə (Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məhəmməd ünvan 1 ünvanında yerləşən ona məxsus torpaq sahəsinə üzbəüz baxanda sağ tərəfdə yerləşən torpaq sahəsində) fərdi yaşayış evinin inşa edilməsi barədə məlumatlandırma qaydasında müraciətin idarəyə daxil olmadığı bildirilmişdir. Göründüyü kimi Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məhəmməd ünvan 2 ünvanında yerləşən torpaq sahəsində tikilən fərdi yaşayış evi nəinki tikinti normalarına uyğun olmadan ara məsafəsi saxlamamış, hətta qanunsuz şəkildə tikinti işləri aparmışdır. Həmin qanunsuz fərdi evin tikilməsi nəticəsində onun evinin qarşısı kəşilmiş, eyni zamanda ara məsafəsinin saxlanmaması nəticəsində gələcəkdə baş verə biləcək hər hansı hadisə nəticəsində onun evinin zərər görməsi ehtimalı və əsası yaranmışdır. Digər sorğu isə məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərində tikinti işlərinin aparılmasına nəzarəti həyata keçirən Azərbaycan Respublikasımın Fövqəladə Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinə göndərilmişdir. Lakin bu işə birbaşa cavabdehlik daşıyan qurumdan bu günə qədər cavab alınmamış, qanunsuz tikilidə tikinti işlərinin dayandırılması ilə bağlı hər-hansı təbir görülməmişdir. Yerli icra hakimiyyəti məlumatlandırma icraatı ilə bağlı tikililərdə Fövqəladə Hallar Nazirliyinə məlumat verilməklə bağlı öhdəliyi olduğu kimi, eyni zamanda qanunsuz tikili barədə də məlumat verməli idi. Fövqəladə Hallar Nazirliyi də öz növbəsində tikinti işlərində pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib etməli və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim etməli idi. Bu halda tikinti işlərində pozuntudan deyil bütövlükdə qanunsuz pozuntudan söhbət getdiyindən tikintinin dayandırılması ilə bağlı yazılı göstəriş verməli idi. Beləliklə, tikintisi hələ də davam etdirilən bu qanunsuz tikili nəticəsində, onun mülkiyyətində olan evinin qarşısı kəsilmiş, evinə günəş işığının düşməsi məhdudlaşmış, tikinti aparılan tərəfə düşən hissədə evinin üzlüyü tamamilə yararsız vəziyyətə salınmışdır ki, bununla da ona maddi ziyan dəymiş, habelə onun mülkiyyətinə birbaşa qəsd edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və tikinti işləri nəticəsində vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi və vurulmuş mənəvi ziyanın əvəzi olaraq onun xeyrinə 10.000 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı J. Göyüşova qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məhəmməd ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.0203 ha torpaq sahəsini alqı-satqı yolu ilə əldə etmişdir. İlk öncə lisenziya əsasında fəaliyyət göstərən memara müraciət edib torpaq sahəsində tikiləcək evin layihəsini azırlatdırıb məlumatlandırma qaydasında sənədlərini Sumqayıt şəhər İcra Hakimiyyətinin şəhərsalma və Tikinti idarəsinə müraciət etmişdir. Göstərilən hərəkətləri etdikdən sonra mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evini əvvəlcədən hazırlanmış layihə əsasında tikmişdir. Fərdi yaşayış evi hazır olduqdan sonra dərhal DƏDRX-nin 2 saylı Sumqayıt ərazi idarəsinə müraciət edib torpağa və evə dair hüquqlarını 24.12.2020-ci il tarixdə qeydiyyatdan keçirtmişdir. Hal-hazırki fərdi yaşayış evi özbaşına tikili deyil, qanunvericiliklə müəyyən olunmuş bütün prosedur qaydalarına uyğun tikilmiş yaşayış evidir. Məhkəmənin nəzərinə çatıdırmaq istəyir ki, ilkin iddia üzrə iddiaçıdan fərqli olaraq o, hüquqlarını tam qaydada qeydiyyatdan keçirtmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh isə yalnız torpağa münasibətdə hüquqlarını qeydiyyatdan keçirib. Bu baxımdan gələcəkdə fərdi yaşayış evinə dair hüquqlarını həyata keçirtmək istə də bu halda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğunlaşdırdıqdan sonra qeydiyyatdan keçirə bilər. Cavabdeh torpaq üfiqi səthindən yuxanda birinci mərtəbəni tikərək eyni zamanda gələcəkdə evin zirzəmi hissəsindən birinci mərtəbə kimi istifadəyə edəcək. Belə olduğu halda İddiaçı tikdirdiyi evin mərtəbələrinin sayı mansard da daxil olmaqla 3 deyil 4 mərtəbədir. Bu da Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun gəlmir. Faktiki olaraq reallıqda qarşılıqlı iddia üzrə cavabdehin yuxarı mərtəbəsindəki pəncərə və onun qarşısındakı olan kiçik eyvan onun tikdiyi hasarın üstündədir. Cavabdehin yan divarındakı pəncərələr onun tikdirdiyi evə və həyətə açılır. Lakin o, Azərbaycan xalqına məxsus olan etik normalarına riayət edərək evin qarşılıqlı iddia üzrə cavabdehə məxsus olan evə baxan hissəsinə pəncərə qoymamışdır. Hesab edir ki, məhkəmə qaydasında həmin pəncərələr bağlanmalı, onlar xırda nəfəslik pəncərələri ilə əvəz olunmalıdır. Qarşılıqlı iddia üzrə cavabdehin yuxarıda göstərilən qanunsuz hərəkətləri nəticəsində o, hər gün mənfi emossiyalar qazanır. Ona elə gəlir ki, kimsə onu izləyir. Cavabdehin tiktirdiyi fərdi yaşayış evi ətrafda ən hündür yaşayış evidir. Bu baxımdan onun və digər qonşuların mənzilinə təbii işıqlandırmanın qarşını alır. Qarşılıqlı iddia üzrə cavabdeh bu normaların tələblərini də, təkcə ona münasibətdə deyil, digər şəxslərə münasibətdə də, pozmuşdur. Bununla da cavabdeh ona 10.000 manat mənəvi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili ilkin iddia tələbini müdafiə edirərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunda izahat verdi və ilkin iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, qarşılıqlı iddianı qəbul etmir və rədd olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmış ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək qarşılıqlı iddiaya mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin olunmalı, qarşılıqlı iddia isə rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məhəmməd Füzuli küçəsi 75 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 10.12.2020-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məhəmməd ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 24.12.2020-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2607 saylı 30 avqust 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məhəmməd ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sərhəd xəttindən ara məsafəsinin 1,92m (6,4x0,3) nəzərdə tutulmasını, lakin faktiki 1m ara məsafəsinin olmasını və İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məhəmməd Füzuli küçəsi 75 ünvanında yerləşən fərdi yaşayış evinin sərhəd xəttindən ara məsafəsinin 2,7m (9,0x0,3) nəzərdə tutulmasını lakin faktiki 0,8m ara məsafəsinin olmasını nəzərə alaraq, həmin evlərin tikintisi zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 bəndinin tələblərinə uyğun olaraq ara məsafəsinin saxlanılmadığı müəyyən olunur. İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məhəmməd Füzuli küçəsi 75 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh tərəf olan hissəsində üzlük daşlarının üzərində təqribən 70 kv.m sahədə suvaq ləkələri olduğu müəyyən olunur. Üzlük daşlarının üzərində yaranmış qüsurların aradan qaldırılması üçün tələb olunan vəsaitin məbləği təqribən 350 manat (70x5) məbləğində müəyyən olunur. Qeyd olunur ki, görülmüş işlərin əmək haqqı dəyəri sifarişçi ilə podratçı arasında razılaşdırma nəticəsində yarana bilər. Üzlük daşlarının təmizlənmiş hissəsi ilə digər hissələri arasında fərq yaranıbyaranmamasını qüsurlar aradan qaldırıldıqdan sonra müəyyən etmək mümkün olacaqdır. İddiaçı məxsus fərdi yaşayış evi ilə Cavabdeh məxsus fərdi yaşayış evi arasında 2 metr məsafə olduğu və həmin hissədə İddiaçı məxsus fərdi yaşayış evinin pəncərələrinin və eyvanının yerləşdiyi müəyyən olunur. Cavabdeh məxsus fərdi yaşayış evinin iddiaçıya maneçilik yaradıb-yaradmamasının müəyyən edilməsi subyektiv məsələ olmaqla xüsusi bilik tələb etmir və ekspertin səlahiyyətlərindən kənardır. Beləliklə, işin hallarından göründüyü kimi mülki iş iki – ilkin və qarşılıqlı iddia tələblərindən ibarətdir. Hər iki iddia üzrə əsas tələb tikilinin sökülməsi ilə bağlıdır. Tərəflərin mübahisələndirdikləri tikili - fərdi yaşayış evləri olmaqla, daşınmaz əmlak üzrə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Qanunvericilik aktlarından göründüyü kimi daşınmaz əmlaka mülkiyyət hüququ və onunla bağlı digər hüquqların dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) və digər qanunvericilik aktlarında müəyyən edilmişdir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi daşınmaz əmlakın dövlət qeydiyyatı, həmçinin əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi çıxış edir. Şərh olunan hüquq normalarının göstərişlərindən çıxış edərək məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia fərdi yaşayış evlərinin sökülməsi hissədə əsassızdır. Məhkəmə araşdırması zamanı qeyd olunan tiklilərin şəhərsalma və tikintiyə dair normativ qaydalara uyğun aparılmaması müəyyən edilsə də bu hal tikililərin sökülməsi qənaətinə gəlməyə əsas vermir. Belə ki, göründüyü kimi daşınmaz əmlaklar üzərində mülkiyyət hüququ mübahisələndirilməmişdir, belə olan halda fərdi yaşayış evlərinin sökülməsi hissədə iddianın təmini edilməsi mülkiyyət hüquqlarının pozulmasına və mülkiyyətə müdaxiləyə səbəb olardı. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, ilkin və qarşılıqlı iddia fərdi yaşayış evlərinin sökülməsi hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilkin iddianı maddi zərərin əvəzinin ödənilməsi hissədə qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə ilkin iddia üzrə iddiaçının, maddi zərərin ödənilməsi hissədə iddiasının əsası olaraq göstərdiklərini əldə edilmiş ekspert rəyi ilə müəyyən edilmiş hallarla birliklə araşdırıb, ekspert rəyini Azərbaycan Respublikası MPM-nin 76,88-ci maddələrinə əsasən sübut növü olaraq qəbul edərək hesab edir ki, maddi zərərin əvəzi olaraq 350 manat ilkin iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə mənəvi zərərin ödənilməsi hissədə tələb törəmə tələb olmaqla, əsas tələb hissədə iddia təmin edilmədiyindən törəmə tələb hissədə də təmin edilə bilməz. Beləliklə, məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda tədqiq edərək, hakimin verilmiş tələb daxilində işə baxması ilə bağlı göstərişini nəzərə alaraq bu nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh 350 manat ilkin iddia üzrə İddiaçı xeyrinə tutulmalıdır. İlkin iddia qalan hissədə və qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh vurulmuş maddi zərərə görə 350 (üç yüz əlli) manat ilkin iddia üzrə İddiaçı xeyrinə tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və tikinti işləri nəticəsində vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar