Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1658/2023 10.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh ilə 22 sentyabr 2002ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Rəsmi nikahlarından 08 oktyabr 2003-cü il təvəllüdlü X3 və 15 dekabr 2006-cı il təvəllüdlü X6 oğlu anadan olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli, 2(060)-6976/2017 saylı qətnaməsi ilə rəsmi nikahlarına xitam verilmiş və 08 oktyabr 2003-cü il təvəllüdlü X2 və 15 dekabr 2006-cı il təvəllüdlü X6 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 136 manat, cəmi 272 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Müraciətindən sonra Sumqayıt şəhər Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(060)- 2824/2022 saylı qətnaməsi ilə 15 dekabr 2006-cı il təvəllüdlü X6 oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2(060)-4753/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay 193 manat məbləğində müəyyən edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli, 2(105)-3551/2019 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan əlavə xərclərin miqdarının 50 manat artırılaraq hər ay 150 (yüz əlli) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Övladlarından 15 dekabr 2006-cı il təvəllüdlü X6 oğlu 2007-ci dən “Bronxial astma, ağır gedişli, atopik forma, tez-tez residivləşən tənəffüs çatışmazlığı İİ dərəcə” xəstəliyindən əziyyət çəkir. İldə 8 dəfə Sumqayıt şəhəri 1 saylı Uşaq Poliklinkasında ambulator və stasionar müalicələr alır. Hər müalicə müddəti 10-15 gün çəkir. Müalicəsinə 300-400 manat pul sərf edir. Aldığı aliment uşağın müalicəsinə və dava-dərmanına bəs etmir. Uşaq ambulator və stasionar şəraitdə sistematik olaraq müalicə almalıdır. Oğlu Amin hal-hazırda orta məktəbin 10-cu sinif şagirdidir. O, ali məktəbə hazırlaşmaq istəyir. Bunu üçün əlavə repetitor hazırlığı tələb olunur. İddiaçı bir ana kimi övladının ali təhsil almasını istəyir və arzu edir. Lakin maddi imkanı buna imkan vermir. Onun tələbatı günü-gündən artır. Qeyd olunanlara əsasən rəsmi nikahlarından anadan olmuş 15 dekabr 2006-cı il təvəllüdlü X6 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt şəhər Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(060)-2824/2022 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 193 manat sabit pul məbləğində alimentin artırılaraq hər ay 220 manat sabit pul məbləğində alimentin, 15 dekabr 2006-cı il təvəllüdlü X6 oğlunun müalicəsi məqsədilə təyin olunmuş 150 manat məbləğində əlavə pulun artırılaraq hər ay 200 manat əlavə pulun və və mediasiya xərcinin əvəzi olaraq 25 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, uşağı xəstəxanadan təzə çıxartmışdır. Keçən il səkkiz dəfə xəstəxanada yatmışdır. İmkansızlıqdan evdə müalicə etdirir. Hazırda da rayondan gəlmişdir. Uşaqlar yemək-içmək və geyim istəyirlər. Uşaq astma xəstəsidir. Dərmanlar, yol pulu, çörək pulu qalxmışdır. Eyni zamanda qızı da xəstədir. Sadəcə istəmir bilsinlər ki, qızı xəstədir. Qızına demişdir ki, əgər anasına aliment istəməyə icazə versə onun məktəb pulunu ödəməyəcəkdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, 2017-ci ildən boşanma ərizəsi təqdim olunmuşdur. İli dəqiq olaraq tam bilmir. Aliment artırılmış və razılaşmış daha sonra uşaq üçün 50 manat müəyyən olunmuş və bir daha razılaşmış və ödəmişdir. Uşaq xəstə deyildir. Həkimdən aldıqları kağızlar saxtadır. O səbəbdən yalandan kağız almışlar. Övladı universitetə qəbul olmuşdur.Uşaq üçün 150 manat ödəyir. Həmin hissədə alimentin artırılmasına razı deyildir. İstəyir ki, uşağı versinlər və özü aparıb, yoxlatsın. 193 manat alimentin artırılmasına etiraz etmir. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli, 2(060)-6976/2017 saylı qətnaməsi ilə tərəflərin rəsmi nikahlarına xitam verilmiş və 08 oktyabr 2003-cü il təvəllüdlü X2 və 15 dekabr 2006-cı il təvəllüdlü X6 oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 136 manat, cəmi 272 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(060)-2824/2022 saylı qətnaməsi ilə 15 dekabr 2006-cı il təvəllüdlü X6 oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2(060)-4753/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay 193 manat məbləğində müəyyən edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli, 2(105)-3551/2019 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan əlavə xərclərin miqdarının 50 manat artırılaraq hər ay 150 (yüz əlli) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 oğlu xx.xx.2006-cı ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası X1r. Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən tərəflər arasındakı nikahın ləğv edilməsi barədə akt qeydi xx.xx.2019-cu ildə qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2003-cü ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası X1r. 02 fevral 2023-cü il tarixli MŞS/MT030/2023-00095 №-li “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiyada iştirak etməmişdir. Cavabdeh ilə telefon əlaqəsi saxlanılarkən mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir. Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X6 oğlu sağlamlıq imkanları məhdud uşaq olmaqla astma, (bronxial astma, ağır gedişli atopik forma, tez-tez residivləşən hormondan asılı vəziyyət). Vazomotor və allergik rinit, (allergik rinit). Xroniki respirator çatmamazlıq, (qarışıq tipli əhəmiyyətli ventilyatsiya pozğunluğu, tənəffüs çatmamazlığı 2-ci dərəcə) diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2023-cü ildə yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, hazırda İddiaçı uşağa görə ödənilən 193 manat məbləğində aliment uşağın saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir.Uşaqların əsaslı mənafeyi baxımından tərəflərin maddi vəziyyəti ədalətli şəkildə balanslaşdırılmaqla iddia tələbinin qismən təmin edilməsi uşağın mənafeyinə xidmət edir. Bundan əlavə cavabdeh olaraq Cavabdeh valideynlik vəzifəsini yerinə yetirmək baxımından da onun əsas öhdəliyidir. Yetkinlik yaşına çatmayan uşağın xəstəlikdən əziyyət çəkməsi, onun müalicə olunması təqdim olunmuş sənədlərlə, həmçinin məhkəmə aktı ilə təsdiq olunmuşdur. Hazırki halda aliment hissəsində cavabdeh yaşayış minumuna uyğun artırılmasına etiraz etməyərək, müalicə xərci ilə bağlı artırılmasına etiraz etməsini məhkəmə əsaslı hesab etmir.İş materiallarında olan Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X6 oğlu sağlamlıq imkanları məhdud uşaq olmaqla astma, (bronxial astma, ağır gedişli atopik forma, tez-tez residivləşən hormondan asılı vəziyyət) aşkar olunmuş, mülicəyə ehtiyacı vardır.Məhkəmə həmin hissədə iddia tələbini qismən əsaslı hesab edir. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2824/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə xx.xx.2006-cı təvəllüdlü X6 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay uşaq üçün 220 manat sabit pul məbləğində aliment və uşağın müalicəsi məqsədilə təyin olumuş 150 (yüz əlli) manat məbləğində əlavə xərclərin məbləği artırılaraq hər ay 180 (bir yüz səksən) maddi yardım tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Eyni zamanda, məhkəmə iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən yaşayış minimumu ilə olan məbləğ artırıldığından, uşağın xəstəliyi tərəflərin mübahisə etmədiyi hal olub, Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və təqdim olunmuş sonuncu muayinədən müəyyən edildiyindən qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-ci maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə iddianın qiyməti müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia tələbi qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməli, 25 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2824/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2006-cı təvəllüdlü X6 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment, uşağın müalicəsi məqsədilə təyin olumuş 150 (yüz əlli) manat məbləğində xərclərin məbləği artırılaraq hər ay 180 (bir yüz səksən) maddi yardım və 25 (iyirmi beş) manat mediasiya xərci tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1658/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1658/2023
10.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver