Məhkəmə qərarları › İş №2(060)-1669/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1669/2021

03.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1669/2021 03.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Sumqayıt şəhər Probasiya Şöbəsinin Cavabdeh qarşı «vurulmuş maddi ziyan tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt şəhər Probasiya Şöbəsi Cavabdeh qarşı «vurulmuş maddi ziyan tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh elektron qolbağ dəyəri, yəni 637.91 manat məbləğində pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Cavabdeh Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2019-cu il tarixdə Sumqayıt Şəhər Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə məhkum qeydiyyata götürülmüşdür. xx.xx.2019-cu il tarixdə nəzarət subyekti Cavabdeh yaşadığı ünvanında elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektron qolbaq və 3 ədəd ev siqnal ötürücüsü təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın icrasının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsinin daşınması, işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, dəyərinin ondan tutulacağı izah edilərək yaddaş kitabçası verilmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Cavabdeh ona təhvil verilmiş elektron nəzarət vasitəsinə məxsus elektron qolbağı evdə yıxıldığı üçün zədələmiş və xx.xx.2020-ci tarixdə şöbəyə dəvət edilərək elektron qolbağı zədələdiyi üçün tərəfindən imzalarla təsdiq olunmuş akt tərtib edilmişdir. Belə olan halda hesab edilir ki, cavabdeh məsuliyyətli olmadığından elektron qolbağı zədələmiş və maddi ziyan vurulmuşdur. Avadanlığın dəyəri 637.91 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək göstərdi ki, ona tətbiq edilmiş qolbağı sol ayağının topuq hissəsindən yuxarıya qaldırarkən, o, heç bir müdaxilə etmədən elektron qolbağ bərkidilmə yerindən qırılmışdır. O, tez bir müddətdə qolbağın dəyərini İcra və Probasiya şöbəsinə ödəyəcəkdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Sumqayıt Şəhər Probasiya Şöbəsinin böyük icra məmuru X2 və icra məmuru X3 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunan aktdan görünür ki, məhkum Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsinə məxsus elektron qolbağa baxış keçirilən zaman elektron nəzarət vasitəsinə məxsus olan elektron qolbağı bərkidilmə yerindən qırılmağı tərəfindən müəyyən edilmişdir. Məhkum Cavabdeh şöbəyə gələrək bildirmişdir ki, evdə yıxıldığı üçün onun ayağında olan elektron qolbaq zədələnmişdir. Odur ki, bununla bağlı akt tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsi tərəfindən Probasiya Xidmətinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 21/1-3-1717 saylı məktubdan görünür ki, elektron nəzarət vasitəsi kimi tətbiq edilmiş elektron qolbağlar (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazlarla birlikdə) HSM 800/900/1800/1900 Mhz internetə qoşulma: 2G/3G GNSS, GPS/GLONASS 600 Mah Li-onun qiyməti olaraq nəzarət subyektindən tutulmalı olan məbləğ 637.91 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pqzuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2,-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 .-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə işin hallarına, şərh olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddiaçının zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi əsaslıdır, cavabdehin hüquqazidd əməl törətməsi toplanmış sübutlarla öz təsdiqini tapır, odur ki, cavabdeh vurduğu zərər həddində mülki cavabdehlik və maddi məsuliyyət daşıyır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 637.91 manat Sumqayıt Şəhər Probasiya Şöbəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 637.91 manat pul Sumqayıt şəhər Probasiya şöbəsinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar