Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1672/2021 30.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 2120 manat borcun, hüquqi xidmətə görə ödənilmiş 200 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2350 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı faktiki nikahda olduğu X4 ilə kirayədə yaşamaq üçün ev axtarırdı. 27.04.2020-ci il tarixdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən stadionun ətrafında yaşayan sakinlər bir otaqlı həyət evi göstərib o evin satıldığını bildirmişlər. İddiaçı evin sahibi, Cavabdeh ilə telefon əlaqəsi saxlayıb görüşmüş, evin açarını almışdır. 28.04.2020-ci il tarixində aylıq kirayə haqqı 90 manat olmaqla razılaşıb həmin pulu cavabdehə ödəməklə kirayəçi kimi evdə yaşamağa başlamışlar. 30.04.2020-ci il tarixdə cavabdeh Radik adlı bir nəfərlə onların yanına gəlmiş və evin alqı-satqısı barədə söhbət etməyə başlamışdır. İddiaçının yaxın dostu X5 da onların yanında olub. Cavabdeh onlara evin sənədi olmadığını, nağd olaraq 8000 manat verəcəkləri təqdirdə, evi onlara satacağını bildirmişdir. İddiaçı 3 ay möhlət istəmiş və bu möhlətə görə qiymət 8500 manat olaraq müəyyənləşdirilmişdir. 12.05.2020-ci il tarixdə iddiaçı və dostu Orxan Firidunov bankdan kredit götürüb həmin gün axşam cavabdehin yaşadığı Sumqayıt şəhəri, 15-ci məhəllədə onun yaxın qohumu Bəhruz adlı şəxsin avtomobilində ona 4000 manat pul vermişlər. Onlar razılaşmışlar ki, pulun qalığını daha sonra ödəsinlər. İddiaçı pulun qalığını ödəmək üçün avqust ayının 31-nə kimi vaxt istəmişdir. Buna görə də cavabdeh evin qiymətinin 9000 manat olacağını bildirmişdir. Tərəflər bu barədə razılaşmışlar. İddiaçı 4000 manatın verilməsi barədə yazılı iltizam tələb etmiş, lakin, cavabdeh razılaşmamışdır. Pul veriləndə Samirə Sadıqova və Orxan Firidunov da onların yanında olmuşlar. Hətta öz aralarında belə şərtləşmişlər ki, əgər iddiaçı evi almaqdan imtina etsə 4000 manat qaytarılmayacaq. Əgər cavabdeh evi satmaqdan imtina edərsə, 4000 manatın üstünə 4000 manat da əlavə edib iddiaçıya verməlidir. Şərt belə olsa da, 29.08.2020-ci il tarixdə cavabdeh Cümşüd adlı bir nəfərlə gəlib onları evdən çıxarmışdır. Belə ki, cavabdehə onların 180 manat kirayə haqqı borcu qalmışdı. Avqustun 29-da onları evdən çıxaranda iddiaçı heç olmasa pulu qaytarmağını istəmişdir. Cümşüd adlı şəxs 4000 manatdan 1000 manat qaytaracağını, qalanını isə 1-2 aya hissə-hissə verəcəyini bildirmişdir. Ertəsi gün Cümşüd ona 600 manat pul verərək qalan pulu da hissə-hissə verəcəyini bildirmişdir. Beləliklə, cavabdeh 4000 manat puldan 600 manat qaytarmış, iddiaçının isə ona kirayə haqqı kimi 180 manat borcu qalmışdır. Bundan sonra cavabdeh ona pul verməmiş və telefon zənglərinə də cavab verməmişdir. 20.10.2020-ci il tarixdə saat 14.00 radələrində Sumqayıt şəhəri, Daş Bazarı ərazisində Cümşüd adlı şəxs avtomobildə ona 800 manat pul vermişdir. X3 və Tahir Yəhyayev də nəfər olmuşlar. Cümşüd adlı şəxs oktyabr ayının axırında ona 1500 manat da pul verəcəyini bildirmişdir. Bundan sonra 03.11.2020-ci il tarixində İnşaatçılar qəsəbəsində yerləşən stadionun arxasında Baxış adlı şəxs iddiaçıya 300 manat da pul verərək pulun cavabdeh tərəfindən göndərildiyini bildirmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı ona zəng vurub və evində kirayədə yaşamaq istədiyini bildirib. O, bununla razılaşıb. İddiaçı Samirə adlıq qadınla evdə aylıq kirayə haqqı 90 manat olmaqla aprel ayından kirayədə yaşamağa başlayıb. Lakin, iddiaçı kirayə pulunu ödəmirdi. Sonradan o, evi satmaq istədiyini bildirəndə iddiaçı ona evi almaq istədiyini bildirib. Onlar razılaşmış və iddiaçı beh kimi ona 12.05.2020-ci ildə 4000 manat vermişdir. Razılaşmalarına görə qalan məbləğ sentyabrın axırına kimi ödənilməli idi. Lakin, iddiaçı ona ödəniş etməyib. Buna görə 30 sentyabr 2020ci ildə iddiaçını evdən çıxarıb. Həmin məbləğdən iddiaçıya 2000 manat qaytarılıb. Sonra hissə hissə pul qaytarılıb. Lakin, iddiaçıya müəyyən qədər borcu qalsa da həmin məbləğ iddiaçının tələb etdiyindən azdır. İddiaçı onun evindən bir sıra əşyaları götürüb aparıb. Bu səbəbdən həmin məbləği qeyd edilən əşyaların dəyəri ilə əvəzləşdirib. Qeyd edilənlərə əsasən qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1992-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1958-ci ildə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş üzrə ifadə vermiş şahid X5 öz ifadəsində bildirdi ki, o iddiaçının dostudur. Evin alınması ilə bağlı məsələlərdə o da iştirak edib. İddiaçı 12.05.2020-ci ildə cavabdehə 4000 manat pul verib. Pulun verilməsində şəxsən iştirak edib. O və iddiaçı bankdan ayrıayrılıqda kredit götürmüşdülər. Həmin pulun bir qismini o, bir qismini isə iddiaçı ödəyib. Cavabdeh iddiaçını 29.08.2020-ci ildə evdən çıxarıb. Bundan sonra isə cavabdeh iddiaçıya əvvəlcə 600 manat, təxminən bir ay sonra 800 manat, təxminən 20 gün sonra isə 300 manat pul ödəyib. Məhkəmə iclasında ifadə vermiş şahid X1 bildirdi ki, cavabdeh onun xalasıdır. Evin satışında o da iştirak etmişdir. Cavabdeh iddiaçının verdiyi puldan 2000 manat borclu qalıb. Lakin, iddiaçı evdən ev əşyalarını götürdüyü üçün həmin pulu iddiaçıya qaytarmayıb. İş materiallarına əlavə edilmiş 12.05.2020-ci il tarixli, BPM**********53 və BPM**********30 saylı kredit müqavilələrindən görünür ki, iddiaçıya 4550 manat, X2 3200 manat məbləğində kredit verilmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). İşdən göründüyü kimi tərəflər aralarındakı münasibətlər mahiyyət etibarilə alqı-satqı münasibətləridir. Bu səbəbdən mübahisəyə mülki qanunvericiliyin alqı-satqı ilə bağlı müddəaları tətbiq edilməlidir. Mülki Məcəllədə göstərilmişdir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (569.1.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh satılan evin qiymətindən 4000 manatın ilkin olaraq, qalan məbləğin isə sonradan ödənilməsi barədə razılığa gəlmişlər. Bu səbəbdən mübahisəyə nisyə alqı-satqı ilə bağlı müddəalar tətbiq edilməlidir. Mülki Məcəlləyə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir (600.3.). Həmin məcəllədə həmçinin göstərilmişdir ki, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər (427.1.). Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir (427.3.). İddiaçı cavabdehlə razılaşmalarına əsasən evin qiymətindən qalan məbləği avqust ayının axırına kimi ödəməli olduğunu, lakin cavabdehin onu 29.08.2020-ci ildə evdən çıxardığını bildirmişdir. İş üzrə ifadə vermiş şahid Orxan Firidunov da bu halı təsdiq etmişdir. Cavabdeh isə izahatında iddiaçı ilə qalan məbləğin sentyabr ayının axırında ödəniləcəyi barədə razılaşdıqlarını, iddiaçının həmin məbləği ödəmədiyini və 30 sentyabrda iddiaçını evdən çıxardığını bildirmişdir. Cavabdehin iddiaçını 29.08.2020-ci ildə evdən çıxarması iş üzrə şahid ifadəsi ilə təsdiqlənir. Hətta cavabdeh iddiaçını sentyabr ayında evdən çıxarmış olsa belə öz izahatında qalan məbləğin sentyabrın axırında ödənilməsi ilə bağlı razılaşdıqlarını bildirmişdir. Yəni, cavabeh iddiaçının öz öhdəliyini icra etməsi üçün zəruri olan müddəti gözləməmişdir. Cavabdehin izahatı bəzi məqamlarda ziddiyyətli olmuşdur. Belə ki, cavabdeh 4000 manatı iddiaçıdan əvvəlcə beh kimi aldığını bildirmişdir. Sonra isə həmin məbləğin ilkin ödəniş olaraq qəbul edildiyini və iddiaçının evdən əşyaları apardığı üçün qaytarılmadığını qeyd etmişdir. Bu səbəbdən məhkəmə cavabdehin izahatına tənqidi yanaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1.). Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə 4000 manat pul verməsi tərəflərin izahatları, həmçinin şahid ifadəsi ilə müəyyən edilir. Bu halda həmin məbləğin qaytarılmasını sübut etmək yükü cavabdehin üzərinə düşür. Lakin, cavabdeh həmin məbləğdən 1700 manat qaytarmış, 2300 manat borclu qalmışdır. İddiaçı cavabdehə borclu olduğu 180 manat kirayə haqqını həmin məbləğdən çıxaraq cavabdehdən 2120 manat pul tələb edir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Eyni zamanda iddiaçı hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 200 manat pulu da cavabdehdən tələb edir. Lakin o, bununla bağlı iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. Buna görə iddia həmin hissədə də təmin edilməməlidir. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2120 (iki min yüz iyirmi) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 (on beş) manatı Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1672/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1672/2021
30.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver