Məhkəmə qərarları › İş №2(060)-1674/2023

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-1674/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1674/2023 02.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında, xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri 27 saylı notariat ofisində bağlanmış kredit müqaviləsinə əsasən tərəfindən Cavabdeh verilmiş 2000 manat, xx.xx.2022-ci il tarixdə borc kimi cavabdehin **********882253 nömrəli kart hesabına köçürülmüş 1000 manat və xx.xx.2022-ci il tarixdə köçürülmüş 200 manat olmaqla, ümumilikdə 3200 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh o öz qardaşı Toğrulun vasitəçiliyi ilə, taksi xidməti göstərən şəxs kimi tanımışdır. Belə ki, qardaşı Toğrulun yaxın tanışı olan Cavabdeh 2022-ci ilin oktyabrında öz anasının avtomobil qəzasına düşərək ağır xəsarətlər aldığını və onun müalicəsi üçün təcili olaraq 2000-3000 manat civarında pul vəsaitinin lazım olduğunu bildirərək Bakı şəhəri 27 saylı notariat ofisində aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci tarixədək geri qaytarmaq şərtilə 2000 manat məbləğində, daha sonra və eyni məqsədlə özünə məxsus olan **********882253 nömrəli kart hesabına tərəfindən xx.xx.2022-ci il tarixdə köçürülməklə 1000 manat, həmçinin, xx.xx.2022-ci il tarixdə isə daha 200 manat məbləğində, ümumilikdə 3200 manat məbləğində borc pul vəsaiti almış və bu zaman aralarında baş tutmuş razılaşma (şifahi müqavilə) üzrə, Cavabdeh ona olan bütün borcunu cəmi iki ay müddətində qaytaracağını öz öhdəsinə götürərək, söz versə də hal-hazıra qədər bunu etməmiş və pulunu geri istədiyində isə hər dəfə müxtəlif bəhanələrlə ondan əlavə vaxt-zaman alaraq, hal-hazıra qədər ona olan borcunu qaytarmamışdır. Son vaxtlar telefon zənglərinə belə cavab verməyən cavabdeh ona olan borcunun qaytarılması ilə bağlı tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tartixli pretenziyaya da heç bir münasibət bildirməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, AR MPM-nin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 2000 manat məbləğində pulu faizsiz notariusun bankından açılan depozit hesabı vasitəsilə borc vermiş, borc alan krediti xx.xx.2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, müqavilə Bakı şəhəri 27 saylı notariat ofisində təsdiqlənmiş və bu barədə reyestrdə 3M-170 saylı qeydiyyat aparılmışdır. - xx.xx.2022-ci il tarixli mədaxil orderindən görünür ki, 2000 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən cavabdehin hesabına göndərilmişdir. - xx.xx.2022-ci il tarixli eManat qəbzindən görünür ki, 1000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - Pretenziya məktubundan görünür ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında ondan pul tələb olunması barədə xəbardarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 2000 manat məbləğində pulu faizsiz notariusun bankından açılan depozit hesabı vasitəsilə borc vermiş, borc alan krediti xx.xx.2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi icra etməmiş və aldığı pulları da qaytarmamışdır. Daha sonra cavabdeh iddiaçıdan xx.xx.2022-ci il tarixdə karta hesabına köçürülmə yolu ilə 1000 manat, həmçinin xx.xx.2022-ci il tarixdə isə daha 200 manat məbləğində, ümumilikdə 3200 manat məbləğində borc pul vəsaiti almış və bu zaman aralarında baş tutmuş razılaşma (şifahi müqavilə) üzrə, cavabdeh iddiaçıya olan bütün borcunu cəmi iki ay müddətində qaytaracağını öz öhdəsinə götürərək, söz versə də hal-hazıra qədər bunu etməmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında borc pulu qaytarmaq öhdəliyi daşıyır və həmin öhdəliyin əmələ gəlməsi əsası onların bağladıqları yazılı və şifahi kredit müqavilələridir. Məhkəmə hesab edir ki, tərəflər arasında borc müqaviləsi münasibətləri olmuş, cavabdeh üzərinə götürdüyü vəzifələrə dair öhdəlik götürmüşdür. Lakin nəzərdə tutulan öhdəlik onun tərəfindən yerinə yetirilməmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında 2000 manat məbləğin verilməsi barədə kredit müqaviləsi bağlanmış, 1000 manat və həmçinin 200 manat məbləğində borc pul barədə aralarında şifahi razılaşma olmuş, cavabdeh iddiaçıya ondan aldığı pulları qaytarmağı barədə üzərinə öhdəlik götürmüşdür. Lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən tam yerinə yetirilməmişdir. Odur ki, iddia əsaslıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bu Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 2000 manat, xx.xx.2022-ci il tarixdə borc kimi cavabdehin **********882253 nömrəli kart hesabına köçürülmüş 1000 manat və xx.xx.2022-ci il tarixdə köçürülmüş 200 manat olmaqla, ümumilikdə 3200 manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar