Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1677/2023 06.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əzizli Səma Elburus qızının katibliyi, İlkin İddiaçı və onun vəkili Vəkil, Qarşılıqlı iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh ilkin İddiaçı qarşı atalığın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia tələbləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2658/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarını dəyişərək, cavabdehdən hər ay bir uşaq üçün 250 manat sabit pul məbləğində alimentin alınıb xx.xx.2008-cı il təvəllüdlü X1 üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı atalığın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2008-ci il təvəllüdlü X2 atası olubolmamağının müəyyən edilməsi, onun İİ qrup əlil olmasını nəzərə alaraq, onu dövlət rüsumundan azad edib, nəzərdə tutulan məhkəmə dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2658/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh hər ay 75 manat sabit pul məbləğində aliment tutulub xx.xx.2008-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi qət edilmişdir. Qızı ilə birlikdə uzun illər kirayədə yaşamışdır. Hazırda bankdan kredit götürərək yeni mənzilə köçmüşdürlər və hər ay kredit ödəyir, uşağının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Hesab edir ki, bazar qiymətlərinin qalxması, uşağın azyaşlı olması ilə əlaqədar ehtiyaclarını ödəmək, ən əsası fiziki saxlamlığını təmin etmək üçün bir uşağa hazırkı vəziyyətdə 75 manat aliment kifayət etmir. Hazırda cavabdeh həm pensiya alır, həm də Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsindən əmək haqqı alır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə 2007-ci ildə qeyri-rəsmi, 2008-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdurlar. Onların birgə nikah münasibətlərindən bir uşaqları xx.xx.2008-ci il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdehlə aralarında olan rəsmi nikah onun iddia tələbinə və məhkəmə qətnaməsinə əsasən pozulmuş, həmçinin Sumqayt Apellyasiya Məhkəməsinin 2(105)- 2658/2016, 16 noyabr 2016-cı il tarixli qətnaməsi ilə ondan 75 (yetmiş beş) manat sabit pul məbləğində aliment tutulub xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehə verilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və Sumqayıt şəhər İcra İdarəsində icra hərəkətlərinə başlanılmışdır. Ona görə də 2016-cı ildən ondan hər ay 75 manat aliment tutulur. Borcu yoxdur. Hazırda cavabdeh Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş 75 manat məbləğində alimentin miqdarını dəyişərək, ondan hər ay bir uşaq üçün 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulmasını tələb edir. Hazırda cavabdeh İddiaçı qarşı «atalığın müəyyən edilməsi tələbinə dair» qarşılıqlı iddianın verilməsi zərurəti yaranmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, o, səhhəti ilə bağlı, yəni keçirdiyi müxtəlif xəstəliklərə görə İİ qrup əlildir. Cavabdeh onun 3-cü həyat yoldaşı olmuşdur. Cavabdehlə ailəyə xəyanət etməsi səbəbindən boşanmışdırlar. O, həmçinin xx.xx.2008-ci il təvəllüdlü X2 onun övladı olmamasından şübhələnmişdir. Belə ki, düzdür birinci həyat yoldaşından 1992 və 1994-cü il təvəlllüdlü iki övladı olsa da, o, 1999-cu ildə səhhəti ilə bağlı uroloji əməliyyat olunmuşdur. Əməliyyatdan öncə həkimi ona bildirmişdir ki, əməliyyatdan sonra bir daha ata olmayacaq. O, razılaşıb əməliyyat olunmuşdur. Əməliyyatdan sonra iki dəfə ailə qursa da, həkimin dediyi kimi övladı olmamışdır. Cavabdeh onun üçüncü həyat yoldaşı olmuşdur və qızlarına ana olmuşdur. Bu da onda ciddi şübhələr yaratmış və ailədə davamlı sözsöhbətə səbəb olmuşdur. Ona görə də cavabdehdən boşanmışdır. Lakin şəxsiyyətinə toxunduğundan atalığın müəyyən edilməsi barədə iddia qaldırmaqdan utanmış, susmuş və uzun illər az məbləğdə aliment ödəyərək taleyi ilə barışmışdır. Bundan sonra bir dəfə rəsmən, iki dəfə qeyri-rəsmi ailə qursa da, onun yenə də övladı olmamışdır. Ona görə də qızı xx.xx.2008-ci il təvəllüdlü X3 onun övladı olmamasına qəti əmin olmuşdur. Qeyd edir ki, 15 ildir, o, xx.xx.2008-ci il təvəllüdlü X1 üçün aliment ödəsə də, uşağın üzünü görmür, ona bir ata kimi qanı qaynamır. Yuxarıda qeyd olunduğu kimi hazırda cavabdeh onun susmağından, utanmağından sui-istifadə edərək alimentin həddən artıq, 250 manat məbləğinə artırılması barədə iddia qaldırmışdır. Ona görə də hazırki qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmeyə məcburdur. Belə ki, o, uşağın atası olmaya-olmaya həyatından, ehtiyac içərisində yaşamaqdan bezmişdir. Yuxarıda sadalananlara əsasən hesab edir ki, məhkəmə tərəfindən bu problemin həlli yolunda zəruri hərəkətlərər edilməklə (məhkəmə bioloji tibbi ekspertizası təyin edilməklə) xx.xx.2008-ci il təvəllüdlü X2 atası olub-olmamağı müəyyən edilməlidir Məhkəmə iclasında iştirak edən ilkin İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, övladı talassemiya xəstəsidir və müalicə alır. 9-cu sinifdə oxuyur, müəyyən fənnlər üzrə əlavə müəllim yanına getməlidir. Bildirir ki, uşağı 3 yaşında olanda evdən çıxmışdır. Cavabdehdən 75 manat aliment alsa da, bu məbləğ uşağının heç bir xərcini qarşılamır. Aliment məbləği əvvəlcə 2011-ci ildə 10 manat, daha sonra 45 manat, ən son isə 75 manat müəyyən edilib. O, cavabdehin 3-cü ailəsidir, hazırda 9-cu ailəsi ilə birlikdə yaşayır. Əgər həqiqətən uşaq cavabdehdən deyilsə, əksinə o, cavabdehə 300 manat aliment verməyə razıdır, əks halda cavadehdən 220 manat yox, 250 manat aliment tələb edəcək. Onu da məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh onun iş yerinə gedib onun şərəf və ləyaqətini alçaldır. İlkin iddiaçı qeyd edilənlərə əsasən ilkin iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin İddiaçı vəkili Vəkil ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin qəbul etmədiyini və qarşılıqlı iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı uşağın saxlanması üçün ondan əvvəl 39 manat, daha sonra 46 manat, ən son isə 75 manat məbləğində aliment almışdır. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı ilə 2007-ci ildə təsadüfən görüşmüşdür, iddiaçı taksiyə minərək onun evinə gəlmişdir. Daha sonra isə iddiaçı guya onu qaçırdığı kimi davranmış və ona hədə-qorxu gələrək onunla zorla nikaha daxil olmuşdur. Əvvəlcə iddiaçı tərəf ona nikah 1 aylıq olacağını, 1 aydan sonra boşana biləcəyini bildirmişdilər. Məhkəmənin nəzərinə çatdırır ki, o, 1999-cu ildə əməliyyat olunan vaxt həkim ona əməliyyatdan sonra övladının olmayacağını bildirmişdi. İddiaçı aralarında bağlanan nikahdan sonra hamilə olduğunu bildirdi. Bu səbəbdən də, hesab edir ki, bu uşaq onun övladı deyil, bu halda o, həmin uşaq üçün aliment ödəməməlidir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, Ekspertiza Mərkəzində ona haqsızlıq olunduğunu görmüşdür. Ona görə də verilmiş rəylə razı deyil, həqiqiliyinə inanmır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı ona şər atır. Ondan 3-4 dəfə artıq maaş alır və uşağına özü baxa bilər. İddiaçının bu iddia ilə məhkəməyə müraciət etməyinin səbəbi onun vəziyyətini daha da ağırlaşdırmaq, onu evsiz qoymaq və hazırki ailəsini dağıtmaqdır. İddiaçı aliment ödəmək lazım gəldikdə onun ata olduğunu xatırlayır. Qarşılıqlı iddiaçı qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və ilkin iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-850/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt şəhər məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(060)-14373/2017 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin azaldılması tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamənin məzmunundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2658/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh hər ay 75 manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2008-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. İşdə olan AZ-İİ 058890 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X5 adlı bir övladları anadan olmuşdur. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı vəkili Vəkil tərəfindən ödənilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından isə görünür ki, Cavabdeh "xxxx" MMC-də sosial işçi vəzifəsində işləyir, 345 manat əmək haqqı alır. Eyni zamanda Cavabdeh 2-ci qrup əlildir və 324.24 manat pensiya alır. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a. tərəflərdən birinin təşəbbüsü əsası ilə) xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Sumqayıt şəhər Tibb Mərkəsi Sumqayıt 1 nömrəli şəhər xəstəxanası Poliklinika Şöbəsinin 321 saylı, xx.xx.2023 saylı arayışından görünür ki, Cavabdeh “tibbi mənşəli epilepsiya, əqli şəxsiyyət pozğunluğu, qıcolma – diaqnozu ilə 1 nömrəli şəhər xəstəxanası Poliklinika Şöbəsinin psixiatrik kabinetində dispanser və ya ambulator müşahidədədir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh atalığın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin əsası kimi xx.xx.2008-ci il təvəllüdlü Zəhranın atası olmadığını bildirmişdir. Bu məsələnin araşdırılması ilə əlaqədar Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2023cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi bioloji ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 X9 xx.xx.2023-cü il tarixli 576/2023-MTBŞ saylı ekspert rəyindən görünür ki, tədqiq olunmuş sistemlərin qrup faktorlarının göstəricilərinə əsaəsn anası İddiaçı olan X5 adlı uşaq barəsində Cavabdeh atalıq faktı inkar olunmadı. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Göstərilənlərə əsasən qarşılıqlı iddiaçı Cavabdeh ilkin İddiaçı qarşı atalığın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilkin İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılmasına dair ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2658/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu və cavabdehin pensiyasının məbləğini nəzərə alaraq hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2658/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay 175 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2658/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün qarşılıqlı iddiaçı Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq ilkin İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qarşılıqlı iddiaçı Cavabdeh ilkin İddiaçı qarşı atalığın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1677/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1677/2023
06.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver