Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-170/2021 08.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Hüseynov Əli Yediyar oğluna qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh və Hüseynov Əli Yediyar oğluna qarşı əmr icraatı qaydasında kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2383,5 ABŞ dolları əsas borc və 1002,05 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3385,55 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14667/2017 saylı, 02.10.2017-ci il tarixli əmri ilə Cavabdeh və Hüseynov Əli Yediyar oğlundan İddiaçı ASC-nin xeyrinə 2383,5 ABŞ dolları əsas borc, 1002,05 ABŞ dolları faiz borcu, cəmi 3385,55 ABŞ dolları və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. 17.03.2020-ci il tarixində Cavabdeh məhkəməyə etiraz təqdim edərək 2(060)- 14667/2017 saylı, 02.10.2017-ci il tarixli əmrin ləğv edilərək iddia icraatına keçilməsi xahiş olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14667/2017 saylı, 06.04.2020-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14667/2017 saylı, 02.10.2017-ci il tarixli məhkəmə əmri ləğv edilmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, cavabdehlərdən 1655,51 ABŞ dolları əsas və 941,84 ABŞ dolları faiz borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 10.02.2015-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən iddiaçı cavabdehə illik 31%-lə, 18 ay müddətinə, 6000 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdeh Hüseynov Əli Yediyar oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və ona hesablanmış faizləri ödəməkdən yayınır və kredit müqaviləsinə əsasən öhdəliklərini yerinə yetirmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, maddi vəziyyətinin aşağı olması səbəbindən ödənişləri gecikdirmişdir. Ödənişləri vaxtı-vaxtında edəcəyini bildirərək, qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər cavabdeh Hüseynov Əli Yediyar oğluna məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdeh Hüseynov Əli Yediyar oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: - 10.02.2015-ci il tarixli, MK/52595/49/27 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə illik 31%-lə, 18 ay müddətinə, 6000 ABŞ dolları məbləğində kredit vermişdir. - 10.02.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Hüseynov Əli Yediyar oğlu kredit müqaviləsinin təminatı olaraq borclu Cavabdeh zamin olmuşdur. - 10.02.2015-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya hər ay 421,03 manat, sonuncu ay isə 422,79 manat ödəməlidir. - İddiaçının 23.10.2020-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh 1655,51 ABŞ dolları əsas borc və 941,84 ABŞ dolları faiz borcu vardır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14667/17 saylı, 02.10.2017-ci il tarixli məhkəmə əmrindən görünür ki, Hüseynov Əli Yediyar oğlundan İddiaçı ASC-nin xeyrinə 2383,5 ABŞ dolları əsas, 1002,05 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3385,55 ABŞ dolları borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14667/17 saylı, 06.04.2020-ci il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14667/17 saylı, 02.10.2017-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsi qərara alınmışdır. - Problemli kreditlərin kompensasiyasına dair məlumatdan görünür ki, sözügedən kreditlə bağlı cavabdehə kompensasiya verilmiş, lakin qalan borcu restrukturizasiyaya təklif olunmamışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 10.02.2015-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən borcluya illik 31%-lə, 18 ay müddətinə, 6000 ABŞ dolları məbləğində kredit verilmiş, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Kredit müqaviləsinin təminatı olaraq Hüseynov Əli Yediyar oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehin 1655,51 ABŞ dolları əsas borc və 941,84 ABŞ dolları faiz borcu yaranmışdır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 10.02.2021-ci il tarixli, 9/5379 saylı rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 10.02.2015-ci il tarixli MK/52595/49/27 saylı kredit sazişinin şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu 10.08.2016-cı il tarixə 2321,45 ABŞ dolları əsas və 157,90 ABŞ dolları faiz; 23.10.2020-ci il tarixə 2321,45 ABŞ dolları əsas və 2417,90 ABŞ dolları faiz borcu təşkil edir. Problemli kreditlərin kompensasiyasına dair məlumatdan görünür ki, sözügedən kreditlə bağlı cavabdehə kompensasiya verilmiş, lakin qalan borcu restrukturizasiyaya təklif olunmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 10.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 10.02.2015ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehlərdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi Hüseynov Əli Yediyar oğlu zaminlik müqaviləsinə əsasən Cavabdeh iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Zaminlik müqaviləsinə əsasən o iddiaçı qarşısında kredit müqaviləsi üzrə Cavabdeh birgə məsuliyyət daşıyır. Bu səbəbdən Cavabdeh kredit müqaviləsinə əsasən yaranmış borcu onunla birlikdə Hüseynov Əli Yediyar oğlundan da müştərək qaydada tutulmalıdır. İddia təmin edildiyinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir., cavabdehlərdən ödənilmiş 20 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə onu da nəzərə alır ki, hazırki iddia tələbi əmr icraatı qaydasında baxıldığına görə ərizəçi tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Lakin, əmr icraatı ləğv olunaraq iddia icraatı qaydasında mülki işə baxıldığına görə iddia tələbinin həcminə görə 30 manat dövlət rüsumu tutulmalı idi. Belə olan halda hesab olunur ki, 30 manat ödənilməli dövlət rüsumu hissəsindən çatışmayan 10 manatı cavabdehlərdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda pul tələbinin ödənilməsinin üsulunu araşdıraraq hesab edir ki, tərəflər arasında kreditor-debitor hüquq münasibətləri üzrə hesablaşmalar və ödəmələr ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan, cavabdeh tərəfindən ödənilməli pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 10 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə əsas borc üzrə 1655,51 ABŞ dolları, faiz borcu üzrə 941,84 ABŞ dolları olmaqla, cəmi 2597,35 ABŞ dolları məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlər Cavabdeh və Hüseynov Əli Yediyar oğlundan müştərək qaydada tutularaq İddiaçı ASC-ə ödənilsin. 30 manat ödənilməli olan dövlət rüsumunun çatışmayan 10 manatı Cavabdeh və Hüseynov Əli Yediyar oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza təqdiqatının dəyəri olan 150 manat pul cavabdehlər Cavabdeh və Hüseynov Əli Yediyar oğlundan müştərək qaydada tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********,Müxbir hesab:AZ41NABZ********************) Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-170/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-170/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver