Məhkəmə qərarları › İş №2(060)-172/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-172/2022

07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-172/2022 07.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, girov qoyulmuş predmetə tutmanın yönəldilməsi və girov predmeti olan əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3513.15 manat əsas, 1272.74 manat faiz borcu olmaqla, cəmi 4785.89 manat borcun və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, eyni zamanda bank qarşısında girov qoyulmuş cavabdehə məxsus ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş 1 ədəd boyunbağı və 1 ədəd qolbağ 750 əyarlı, 24.79 qram: 1 cüt sırğa və 1 ədəd üzük, 750 əyarlı, 13.45 qram; 1 ədəd üzük 720 əyarlı, 4.5 qram; 2 ədəd üzük, 410 əyarlı, 7.5 qrama yönəldilməsi, qızıl-zinət əşyalarına tutmanın yönəldilməsi,qızıl-zinət əşyalarının açıq hərracda satılması və borcun həmin satışdan əldə edilən vəsaitin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh hazırki mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə mülki işin materiallarını tədqiq edərək hesab edir ki, mübahisə kommersiya məhkəməsinə aid olduğundan iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan: - 19.11.2019-cu il tarixli kredit müqavilədən və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 19.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 29% dərəcəsi ilə 5.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh krediti ödəniş cədvəlində qeyd olunmuş tarixlərdə və müqavilədə göstərilən müddətdə vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - İş materiallarında olan mikro kredir sifarişi – anketindən görünür ki, Cavabdeh sahibkarlıq fəaliyyətinə dair məlumatlar qeyd olunmuş, onun Sumqayıt şəhərində yerləşən “Cavid” və “Karvan” Ticarət Mərkəzlərində bijuteriya, saat, ətir və sair əşyaların satışı ilə məşğul olması göstərilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh vergi ödəyicisidir və ********** №-li VÖEN ona məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 32.3-cü maddəsinə əsasən hakim özü mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli, 10 №-li Qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 19-cu bəndində eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırda mövcud olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh fərdi sahibkar statusuna (VÖEN **********) malikdir və iddiaçı Bankdan krediti sahibkarlıq fəaliyyəti ilə əlaqədar götürmüş, cavabdehlə bu məqsədlə müqavilə bağlamışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 32, 35, 45, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, girov qoyulmuş predmetə tutmanın yönəldilməsi və girov predmeti olan əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası üzrə 2(060)-172/2022 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar