Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-173/2021 19.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı «xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: «xxxx” KB ASC (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mirzalı oğluna, X4, X8 və X9 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2012-ci il tarixli 21/12SU saylı kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2018-ci il tarixli 21-6/12SU saylı əlavə kredit müqaviləsi üzrə 2175,16 manat məbləğində əsas kredit borcu, 172,41 manat məbləğində faiz borcu və 175,72 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2523,29 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqının tutulması, Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 45 saylı evin 24 saylı mənzilin açıq hərracdan satılması, həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 45 saylı evin 24 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mirzalı oğlunun, X3, X6, X7 və ailə üzvləri Asiman İsgəndərovun və Aişə Əzizlinin həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2012-ci il tarixli 21/12SU saylı kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2018ci il tarixli 21-6/12SU saylı əlavə kredit müqaviləsinə əsasən 18 ay müddətinə, xx.xx.2019cu il tarixədək illik 24% ödəmək şərtilə 6284 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq iddiaçıya ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş müddətlər pozulmuşdur. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlə Bank arasında bağlanılmış xx.xx.2012-ci il tarixli, 21İ/12SU saylı ipoteka müqaviləsi və xx.xx.2015-ci il tarixli Saziş əsasında Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 45 saylı evin 24 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və bu Sazişin 3-cü bəndinə əsasən daşınmaz əmlakın ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı əsasında 55000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışlarından görünür ki Cavabdeh1 xx.xx.1960-cı ildə, Quba rayonu, Mirzə-Qışlaq kəndində, Cavabdeh2 xx.xx.1983-cü ildə, Sumqayıt şəhərində, Cavabdeh3 xx.xx.1961-ci ildə, Ağsu rayonu, Sarvan kəndində, Sara İskəndərova xx.xx.1986-cı ildə, Sumqayıt şəhərində, Elçin Bağırov xx.xx.1992-ci ildə, Sumqayıt şəhərində anadan olmuşlar. Onlar hazırda ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli əsas kredit müqaviləsi və bu müqavilə çərçivəsində bağlanmış xx.xx.2018-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə, xx.xx.2019-cu il tarixədək müddət ərzində, 24% ödəmək şərtilə 6284 manat kredit verilmişdir. 21-6/12SU saylı müqaviləyə 1 saylı Əlavəyə əsasən Cavabdeh1 həmin kredit sazişi üzrə 18 ay müddətində hər ay 420 manat, sonuncu ay isə 403 manat ödəməli idi. xx.xx.2012-ci il tarixli, 21İ/12SU saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 45-də yerləşən 24 saylı mənzil (bundan sonra – ipoteka predmeti olan mənzil) Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu müqavilə xx.xx.2015-ci il tarixli, 3M-669 saylı qeyd ilə Sumqayıt şəhəri 4 saylı Notariat orqanı tərəfindən təsdiq edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin MH seriyalı, ******* saylı çıxarışına əsasən Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 45 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 65,01 kv.m ümumi, 39,6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 24 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 180 nömrəli vərəqində qeydiyyata alınmışdır. DƏDRX-nin X10 14/4307 saylı xx.xx.2012-ci il tarixli arayışdan görünür ki, həmin mənzildə xx.xx.2012-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və ya yüklülük qeydə alınmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* saylı çıxarışına əsasən ipoteka predmeti olan mənzil xx.xx.2012–xx.xx.2017-ci ilədək, RX seriyalı, ******* saylı çıxarışa əsasən isə həmin mənzil xx.xx.2012–xx.xx.2027-ci ilədək iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Digər cavabdehlərin də mənzilin ipoteka ilə yüklü edilməsinə razılığını ifadə edən ərizələr Sumqayıt şəhər 3 saylı Notariat kontorunun xx.xx.2015-ci il tarixli, 7E-10876 və 7E-10877 saylı qeydləri ilə təsdiq edilmişdir. Sumqayıt şəhəri 11 saylı Mənzil Kommunal Sahəsindən verilən arayışdan görünür ki, ipoteka predmeti olan mənzildə cavabdehlərdən Cavabdeh3, Cavabdeh2, Sara İskəndərova, Günel Əzizova və Elçin Bağırov qeydiyyatdadırlar. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixə Cavabdeh1 əsas borc üzrə 2175,16 manat, faiz borcu üzrə 172,41 manat, cərimə üzrə 175,72 manat olmaqla, cəmi 2523,29 manat borcu vardır. İşdən göründüyü kimi göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixində qeydə alınmışdır. İddiaçı tərəfindən bu bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehlərə borcun qaytarılması haqqında pretenziya məktubları (xəbərdarlıqlar) göndərilmişdir. “FAME-PRO” Məhdud Məsuliyətli Cəmiyyətinin mənzilin qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin bazar dəyəri 65000 manat, likvid dəyəri isə 55000 manat müəyyən edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 21/12SU saylı kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2018-ci il tarixli 21-6/12SU saylı əlavə kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 18 ay müddətinə, xx.xx.2019-cu il tarixədək illik 24% ödəmək şərtilə 6284 manat məbləğində kredit verilmişdir. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və xx.xx.2019-cu il tarixə Cavabdeh1 əsas borc üzrə 2175,16 manat, faiz borcu üzrə 172,41 manat faiz borcu qalmışdır. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 2175,16 manat əsas borc məbləğinə 175,72 manat cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. Mülki Məcəllədə göstərilmişdir ki, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1.).Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (269.2.). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (269.4.). Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (319.1.). İşdən göründüyü kimi Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 45 saylı evin 24 saylı mənzili iddiaçı qarşısında kredit öhdəliklərinin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh1 kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi hissəsində də təmin edilməli, Cavabdeh1 kredit borcu üzrə tələb həmin ipoteka predmetinə yönəldilməli, mənzil açıq hərracda satılmalı və əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir (1.0.9.). İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir (10.5). Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (39.3.3.) Göründüyü kimi “FAME-PRO” Məhdud Məsuliyətli Cəmiyyətinin mənzilin qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli hesabatında ipoteka predmetinin likvid qiyməti 55000 manat məbləğdə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, mənzilin qiyməti həmin məbləğdə müəyyən edilməlidir. Mülki Məcəllənin 319.6-cı maddəsində göstərilmişdir ki, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə edilmiş vəsait Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan az olduğu təqdirdə qalan borc məbləği digər cavabdehlərdən ümumi qaydada tutulmalıdır. Həmin məbləğ kredit borcundan çox olduqda isə artıq qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır. Eyni zamanda iddiaçının ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı çəkdiyi xərclər də cavabdehdən tutulmalıdır. Mənzil satıldıqdan sonra boşaldılaraq alıcıya təhvil verilməsi məsələlərinə gəldikdə isə qeyd edilməlidir ki, həmin məsələlər ipoteka predmetinin satışından sonra həll edilməli olan məsələlərdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilə bilməz. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 2175 (iki min yüz yetmiş beş) manat 16 (on altı) qəpik, faiz borcu üzrə 172 (yüz yetmiş iki) manat 41 (qəpik), cərimə üzrə 175 (yüz yetmiş beş) manat 72 (qəpik) olmaqla, cəmi 2523 (iki min beş yüz iyirmi üç) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pul, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat rüsum və 20 manat xidmət haqqı və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 45 saylı evin 24 saylı mənzilinə yönəldilsin və mənzil açıq hərracda satılsın. Mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 “xxxx” KB ASC-yə olan borcları ödənilsin. “xxxx” KB ASC-yə olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Cavabdeh1 qaytarılsın. Mənzilin satışından əldə edilmiş məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ Cavabdeh1 ümumi qaydada tutulsun. Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 45 saylı evin 24 saylı mənzilinin ilkin satış qiyməti 55 000 (əlli beş min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Hazırkı qətnamə Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 45 saylı evin 24 saylı mənzilinə tutma yönəldildikdən və mənzil satıldıqdan sonra yaşayış sahəsində qeydiyyatda olan şəxslərin yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməklə onların mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-173/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-173/2021
19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver