Məhkəmə qərarları › İş №2(060)-1730/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1730/2022

06.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1730/2022 06.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən hüquqi yardım üçün ona müraciət etdiyi zaman onu aldadaraq özünü vəkil kimi təqdim edərək məhkəmə tərəfindən ona təyin olunmüş alimentin məbləğinin azaldılması barədə məhkəmə qərarı alacağına dair yalan vədlər verərək, 2013-cü ilin sentyabr ayında "xxxx" MMC-nin Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən “Arzu” şadlıq sarayında icarəyə götürdüyü ofisində 2200 (iki min iki yüz) manat, bundan sonra əmək stajını bərpa etdirəcəyinə dair məhkəmə qərarı alacağı barədə yalan vədlər verərək 2013-cü ilin oktyabr ayının əvvəlində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində 500 yüz (beş yüz) manat, sonradan keçmiş qaynatası ilə aralarında olan mübahisə ilə əlaqədar məhkəmə yolu ilə maddi və mənəvi ziyan ödətdirəcəyinə dair yalan vədlər verərək, 2013-cü ilin oktyabr ayının ortalarında ofisində 300 (üç yüz) manat, məhkəmə yolu ilə uşaqla görüş hüququ alacağına dair yenə yalan vədlər verib aldadaraq, 2014-cü ilin iyun ayında ofisində 250 (iki yüz əlli) manat məbləğində pulu ondan alaraq, ümumilikdə ona 3250 (üç min iki yüz əlli) manat maddi ziyan vurmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh digər cinayətlərlə yanaşı ona qarşı törətdiyi həmin cinayətə görə də Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 9 il müddətinə azadlıqdan məhrum edilmişdir. Sonra bu qərardan appelyasiya şikayəti verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinin yekun baxışına dair 28 yanvar 2019-cu il tarixli, 1(105)-20/2019 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli hökmü dəyişdirilərək Cavabdeh əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apelyasiya şikayətinin baxışına dair yekun məhkəmə qərarında bütün zərərçəkənlərə, o cümlədən ona dəymiş maddi zərər öz təsdiqini tapmışdır. Cavabdeh azadlığa çıxmasına baxmayaraq, hələ də ona vurduğu maddi zərərin əvəzini ödəməmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən Cavabdeh tərəfindən ona dəymiş zərər yəni 3250 (üç min iki yüz əlli) manat, habelə ödənilmiş dövlət rüsumu 53 manat, yəni cəmi 3303 manat ona ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh onun xeyrinə 3303 (üç min üç yüz üç) manat pulun alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun, eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(105)-20/19 saylı, 28 yanvar 2019-cu il tarixli apelyasiya şikayətinin yekun baxışına dair qərarı ilə müəyyən edilir ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, həyat yoldaşından ayrıldığı üçün ona məhkəmə tərəfindən iki uşağa görə kəsilmiş 256 manat alimentin azaldılması barədə məhkəməyə müraciət etmək istəmişdir. 2013-cü ilin təxminən oktyabr ayında Nüşabənin yanına getmiş, ona gəlişinin məqsədini izah etmişdir. Nüşabə ona özünü vəkil kimi təqdim edərək bütün problemlərini həll edəcəyini vəd vermişdir. Həmin işlərin müqabilində ondan 3400 manat pul almış, lakin bunun müqabilində heç bir iş görməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh 3250 manat məbləğində pul və 53 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Bundan əlavə məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 3250 manat məbləğində pul və 53 manat dövlət rüsumu alınıb İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3250 (üç min iki yüz əlli) manat məbləğində pul və 53 (əlli üç) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar