Məhkəmə qərarları › İş №2(060)-1731/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1731/2022

13.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1731/2022 13.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 2343 (iki min üç yüz qırx üç) manat tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh əri X1 "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində verilmiş üç otaqlı mənzili zəbt edən məcburi köçkünlərin mənzildən çıxarılması məsələsinin həll edilməsinə köməklik göstərəcəyi, Avropa məhkəməsinə müraciət edəcəyi, uzun müddət həmin mənzildən məhrum olmağa görə əlavə kompensasiya ödətdirəcəyi barədə yalan vədlər verməklə onu aldadaraq, 2013-cü ilin yayında "xxxx" MMC-nin Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən “Arzu” şadlıq sarayında icarəyə götürdüyü ofısində 2300 (iki min üç yüz) manat məbləğində pulu ondan alaraq ona maddi ziyan vurmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh digər cinayətlərlə yanaşı ona qarşı törətdiyi həmin cinayətə görə də Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 9 il müddətinə azadlıqdan məhrum edilmişdir. Sonra bu qərardan appelyasiya şikayəti verilmişdir. Sumqayıt Appelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinin yekun baxışına dair 1(105)- 18/2019 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli hökmü dəyişdirilərək Cavabdeh əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Appelyasiya şikayətinin baxışına dair yekun məhkəmə qərarında bütün zərərçəkənlərə, o cümlədən ona dəymiş maddi zərər öz təsdiqini tapmışdır. Cavabdeh azadlığa çıxmasına baxmayaraq, hələ də ona vurduğu maddi zərərin əvəzini ödəməmişdir. Halbuki, Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 21 və 1096cı maddələrinə əsasən Cavabdeh tərəfindən ona dəymiş zərər yəni 2300 manat, habelə ödənilmiş dövlət rüsumu 43 manat, yəni cəmi 2343 manat ona ödənilməlidir. Qeyd edilənlərə əsaəsn iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SS780689501AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən) iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.2-ci mаddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli, 1(105)-18/2019 saylı qərarından görünür ki, həmin qərar ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli hökmünün dəyişdirilməsi, Cavabdeh əməlinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilməsi, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hökmün qalan hissəsinin dəyişdirilməməsi, hökmdən təqsirləndirilən şəxs Cavabdeh və onun müdafiəçisi X2 tərəfidən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır Məhkəmə iddiaçınının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən: 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Azərbaycan Respublikası CPM-nin 179.3-cü mаddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarına əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 28 yanvar 2019cu il tarixli, 1(105)-18/2019 saylı qərarından görünür ki, Cavabdeh təkrarən qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən əri X1 "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində verilmiş 3(üç) otaqlı mənzili zəbt edən məcburi köçkünlərin, mənzildən çıxarılması məsələsinin həll edilməsinə köməklik göstərməsi üçün ona müraciət etmiş İddiaçı özünü vəkil kimi təqdim edərək həmin problemi qısa müddətə həll edəcəyi, bununla bağlı Avropa Məhkəməsinə müraciət edəcəyini, uzun müddət həmin mənzildən məhrum olmağa görə əlavə kompensasiya ödətdirəcəyi barədə yalan vədlər verməklə aldadaraq 2013-cü ilin yay ayında "xxxx" MMC-nin Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən «Arzu» şadlıq sarayında icarəyə götürdüyü ofısində 2300 (iki min üç yüz) manat pulunu ələ keçirərək, zərərçəkmiş İddiaçı həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə Sumqayıt Apelyasiya Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli, 1(105)- 18/2019 saylı qərarından görünür ki, Cavabdeh törətdiyi cinayət hadisəsi nəticəsində İddiaçı 2300 (iki min üç yüz) manat məbləğində ziyan vurulmuşdur. Məhkəmə Sumqayıt Apelyasiya Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli, 1(105)- 18/2019 saylı qərarının preyudisiallığını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddia tələbi təmin edilməli, Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 2300 (iki min üç yüz) manat məbləğində pul tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 43 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 2300 (iki min üç yüz) manat və 43 (qırx üç) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar