Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1741/2024 25.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə istifadə hüququnun tanınması tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə istifadə hüququnun tanınması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzil, sahəsi 36,30 kv.metr olmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsusdur. Mənzil Sumqayıt Şəhər Məhkəməsinin iş № 2(060)-2829/2021, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlərin hər birinə hissə olmaqla payları müəyyən edilmiş və bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin mənzilə dair texniki pasport tərtib edilmişdir. Cavabdehlər iddiaçının valideynləridir. İddiaçı xx.xx.1997-ci ildə Rusiya Federasiyası OMSK Vilayəti, Lenin rayonunda anadan olmuş, subaydır. Cavabdehlərin yeganə övladıdır. İddiaçı cavabdehlərlə birgə Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 18, mənzil 45-də pasport qeydiyyatında olmuşdur. Həmin mənzil satılmışdır. İddiaçı ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzil alınandan, 28 sentyabr 2019-cu il tarixdən cavabdehlərin razılığı ilə onlarla birgə həmin ünvana köçərək bu günədək mənzildə yaşasa da, hal-hazırda cavabdehlər ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzildə qeydiyyatda olsalar da, anası Cavabdeh2 iddiaçının mənzilə qeydiyyata alınmağına razı olsa da, hətta iddiaçı ilə Sumqayıt «ASAN xidmət» mərkəzinə aidiyyyəti üzrə müraciət etsə də, mənzil paylı mülkiyyətdə olduğundan və cavabdeh atası Cavabdeh1 iddiaçının mənzilə qeydiyyata düşməsinə razılıq vermədiyindən həmin mənzilə pasport qeydiyyatına düşə bilməmiş və formal olaraq satılmış Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 18, mənzil 45-də pasport qeydiyyatında qalmışdır. Hazırda qeydiyyatı ləğv edilmişdir. Qeydiyyat ləğv olunduğundan dəfələrlə ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzilə pasport qeydiyyatına alınmağını cavabdeh atası Cavabdeh1 xahiş etsə də, o, müxtəlif bəhanələr gətirərək buna razılıq verməmişdir. Hal-hazırda qeydiyyatı olmadığından mənzil, yaşayış və qeydiyyat hüquqları kobud şəkildə pozulur, nəticədə işə düzələ bilmir. Göründüyü kimi yaranmış mübahisənin məhkəmədənkənar həll edilməsi qeyri-mümkündür. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcburdur. İddiaçı cavabdehlərin ailə üzvü olaraq onların razılığı ilə mənzilə köçərək orada uzun müddət yaşamaqla mənzilə istifadə hüquqları əldə etdiyindən iddiaçının ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzilə istifadə hüquqları tanınmalıdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi, iddiaçının ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzilə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh2 ərizə təqdim edərək, iddia tələbinin təmin olunmasına etirazının olmadığını bildirmişdir.
5. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, həyat yoldaşı ilə bu yaxınlarda ayrılmışlar. Bundan sonra, evin bölünməsi qərarına gəlmişdir. Bu səbəbdən də, iddiaçının həmin mənzildə qeydiyyata düşməsinə razı deyildir. Həmçinin, yoldaşı ondan xəbərsiz məhkəməyə müraciət etmişdir və məhkəmə iclasları keçirilmişdir. Həmin ev ilə bağlı pay bölgüsü edilmişdir. Bütün bunlar onun xəbəri olmadan olmuşdur. O, bu məsələni təxminən 2-3 ay bundan əvvəl öyrənmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan xx.xx.1997-ci il tarixli, İ-KH № 303328 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1997-ci il tarixdə Rusiya Federasiyası, Omsk vilayətində anadan olmuş, atası Cavabdeh1, anası Cavabdeh2dır.
9. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2829/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddia təmin edilərək, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 29 saylı evin 4 saylı mənzilinə Cavabdeh1 1/2 və Cavabdeh2 1/2 hissədə payının müəyyən edilməsi qət edilmişdir.
10. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 36,30 kv.m ümumi sahəsindən ibarət mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 1/2 hissə, Cavabdeh2 adına 1/2 hissə kimi daşınmaz əmlakın dövlət reyestr kitabında qeydiyyata alınmışdır.
11. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, Cavabdeh2 xx.xx.2021-ci ildən etibarən Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 29, 4 saylı mənzildə Cavabdeh1 və X1 ilə birlikdə qeydiyyatdadır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1ün paylı mülkiyyəçiləridirlər. İddiaçı cavabdehlərin övladıdır və yetkinlik yaşına çatmışdır. Hazırda İddiaçı sözügedən ünvan 1-ə istifadə hüququnun tanınmasını tələb edir. Cavabdehlərdən Cavabdeh2 iddia tələbi ilə razıdır, Cavabdeh1 isə etiraz edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun qərarlarının formalaşmış hüquqi mövqeyinə görə də «hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur».
14. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində və Mülki Məcəllədə əks olunmuşdur.
15. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir.
16. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir.
17. Məhkəmə qeyd edir ki, əgər yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 01 sentyabr 2000-ci ildən, yəni hazırkı Mülki Məcəllə qüvvəyə minəndən sonra yaranmışdırsa, onda belə münasibətlərdən irəli gələn mübahisələrə Mülki Məcəllənin 228.1, 228.2 və 228.5-ci maddələrinin tələblərinə uyğun baxılır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
19. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
20. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
21. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
22. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.
24. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır.
2009-cu ilin oktyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi:
25. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
26. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
28. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında göstərmişdir ki, ... Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
29. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli mənzilin paylı mülkiyyətçiləri olan cavabdehlərin ailə üzvü olmaqla (oğlu), uzun müddət onlarla birgə yaşamış və 2019-cu il tarixdə qeydiyyatda olduğu mənzilin satılması və yenisi olan ünvan 1-ün alınması ilə əlaqədar hazırda sözügedən ünvanda qeydiyyatsız yaşayır. Bu halda, qanunverici MM-in 228.5-ci maddəsinin 1-ci cümləsinin tələbləri baxımından iddiaçının yaşayış sahəsindən mülkiyyətçilər ilə bərabər istifadə etmək hüququnu tanıyır.
30. İşin hallarından göründüyü kimi cavabdehlərdən Cavabdeh2 iddianı etiraf etmişdir.
31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
32. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
33. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon, 29 saylı evin, 4 saylı mənzilinə istifadə hüququ tanınmalıdır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi:
40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon, 29 saylı evin, 4 saylı mənzilinə istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəbnəm Həxiyeva