Məhkəmə qərarları › İş №2(060)-1750/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1750/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1750/2021 01.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5974,69 manat əsas borc, 1048,64 manat faiz, 2013,92 manat cərimə olmaqla, ümumilikdə 9037,25 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05.03.2019-cu il tarixli, İK № 1799-05 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı tərəfindən 36 ay müddətinə illik 26%-lə 10.000 manat məbləğində kredit verilmişdir. Borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. Borcun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərin iddiaçıya 5974,69 manat əsas, 1048,64 manat faiz, 2013,92 manat cərimə olmaqla, ümumilikdə 9037,25 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən yayınırlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 05.03.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə illik 26%-lə 10.000 manat məbləğində kredit verilmişdir, cavabdeh isə krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. - 05.03.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsinin təminatı olaraq borclu Cavabdeh1 zamin olmuşdur. - Maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-ə 5974,69 manat əsas, 1048,64 manat faiz, 2013,92 manat cərimə olmaqla, ümumilikdə 9037,25 manat borcu vardır. - 05.03.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, 10.000 manat məbləğində pul vəsaiti Cavabdeh1 verilmişdir. - Həmin kredit müqaviləsinin 3.1.5-ci maddəsindən görünür ki, İddiaçı ASC borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, cərimə faizi və müqavilədə nəzərdə tutulmuş digər hallar baş verdikdə kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (girov, ipoteka, zaminlik və s.) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək, habelə bu məqsədlə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. - Bildiriş məktubunun surətindən görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə iddiaçı tərəfindən bildiriş göndərilərək xəbərdar olunmuşdurlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında 05.03.2019-cu ildə bağlanmış kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 26%-lə 10.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 müqavilənin şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin iddiaçıya 5974,69 manat əsas və 1048,64 manat faiz borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa,zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 05.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək və müqavilənin 3.1.5-ci bəndinin tələblərini pozaraq iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 05.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehlərdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 05.03.2019-cu il tarixli kredit müqaviləsinin 2.5-ci bəndindən görünür ki, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutlmuş tarixlərdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 52% olmaqla cərimə faizi ödəyir. Cavabdeh tərəfindən götürülmüş kreditin miqdarını, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edərək, məhkəmə hesab edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməlidir. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan, həmin məbləğin təxminən 5%-i həcmində, yəni 299 manat cərimə mütənasiblik baxımından məqsədəmüvafiqdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Göründüyü kimi Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Zaminlik müqaviləsinə əsasən o iddiaçı qarşısında kredit müqaviləsi üzrə Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Bu səbəbdən Cavabdeh1 kredit müqaviləsinə əsasən yaranmış borcu onunla birlikdə Cavabdeh2 da müştərək qaydada tutulmalıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan və tutulmalı məbləğ 500 manatdan çox oduğundan ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5974,69 manat əsas, 1048,64 manat faiz borcu, 299 manat cərimə olmaqla, ümumilikdə 7322,33 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 238-244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5974,69 manat əsas, 1048,64 manat faiz borcu, 299 manat cərimə olmaqla, ümumilikdə 7322,33 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-ə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar