Məhkəmə qərarları › İş №2(060)-1772/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1772/2023

04.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1772/2023 04.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və sabit pul məbləğində aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2016-cı il tarixli, 2(060)-3520/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh 23 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi, 28 may 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə ailə qurmuş, 23 avqust 2010-cu il təvəllüdlü X8 və 28 may 2021 -ci il təvəllüdlü X9 adlı övladları doğulmuşdur. Münasibətləri uyğun olmadığından cavabdehlə birgə yaşaya bilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2013-cü il tarixli 2(060)-1797/2013 saylı qətnaməsi ilə 23 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 93 (doxsan üç) manat sabit pul məbləğin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Sonradan alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2016-cı il tarixli 2(060)-3520/2016 saylı qətnaməsi ilə 2(060)l797/2013 saylı qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış və 23 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 fevral 2016-cı ildən başlayaraq Cavabdeh hər ay 117 (Bir yüz on yeddi) manat sabit pul məbləğin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. 2018-ci ildə Cavabdeh ilə münasibəti bərpa olunmuş, amma 2021-ci ilin mayında iddiaçı hamilə olan zaman Cavabdeh yenidən iddiaçını tərk etmişdir. 28 may 2021-ci ildə isə qızı X9 doğulmuşdur. Hazırda iddiaçı ilə ayrı yaşayır və uşaqlar böyüdüyündən uşaqların yaşayış xərcləri artmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi. İddia ərizəsinin məzmununa uyğun izahat verdi. İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə MPM-nin 185.5ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan : - doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. - nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli nikah bağlanmışdır, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 380 № ilə qeyd edilmişdir. - № MŞB/6-5734 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3520/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnamənin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-l797/2013 saylı iş üzrə qəbul etdiyi 11 mart 2013-cü tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2010-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 18 fevral 2016-cı il tarixdən başlayaraq hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Cavabdeh ilə ailə qurmuş, 23 avqust 2010-cu il təvəllüdlü X8 və 28 may 2021 -ci il təvəllüdlü X9 adlı övladları doğulmuşdur. Münasibətləri uyğun olmadığından cavabdehlə birgə yaşaya bilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2016-cı il tarixli 2(060)-3520/2016 saylı qətnaməsi ilə 2(060)-l797/2013 saylı qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış və 23 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 fevral 2016-cı ildən başlayaraq Cavabdeh hər ay 117 (Bir yüz on yeddi) manat sabit pul məbləğin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. 2018-ci ildə Cavabdeh ilə münasibəti bərpa olunmuş, amma 2021-ci ilin mayında iddiaçı hamilə olan zaman münasibətləri yenidən pozulmuşdur. 28 may 2021-ci ildə isə qızı X9 doğulmuşdur. Hazırda iddiaçı ilə ayrı yaşayır və uşaqlar böyüdüyündən uşaqların yaşayış xərcləri artmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan və ya eyni zamanda həm , həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur, eləcə də aliment verməyə borclu olan valideynin qazancının müntəzəm olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də iddiaçının xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3520/2016 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda xx.xx.2010-cu il təvəllüdlü X3 saxlanması üçün kifayət etmir. Belə ki, onun böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2016-cı il tarixli, 2(060)-3520/2016 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği dəyişdirilərək, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 23 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı ƏsədiX11 verilməli, Cavabdeh xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1%-i məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarından göründüyü kimi, alimentin məbləği X6 münasibətdə 117 manatdan 180 manata qaldırıldığından, X1 üçün 180 manat aliment təin edildiyindən, hazırda aliment ödənilməsinin illik məcmusu 2916 manat ( 180-117=63; 63x12=756; 180x12=2160) olduğu üçün 49,16 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2016-cı il tarixli, 2(060)-3520/2016 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği dəyişdirilsin, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 23 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilsin. Qətnamə xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsinə dair hissədə dərhal icra edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddianın verilməsinə görə 49,16 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar