Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1775/2023 02.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qonşusu X1 vasitəsi ilə tanımışdır. İddiaçı 2021-ci ilin may ayında cavabdehə işə düzəlməyində köməklik etməsi məqsədi ilə 900 manat pul vermişdir. Belə ki, cavabdeh özünü iddiaçıya DTX əməkdaşı kimi təqdim etmiş və hər yerdə əlaqələrinin olduğunu da bildirmişdir. Lakin cavabdeh verdiyi vədə əməl etməmişdir. O, bundan sonra cavabdeh tərəfindən aldadıldığını başa düşərək verdiyi pulu geri istəmişdir. Cavabdeh ona həmin puldan 2021ci ilin iyun ayında 100 manat vermiş, 2021-ci ilin təxminən noyabr ayında isə Orxanın vasitəçiliyi ilə 200 manat pul almış, lakin sonradan qalan 600 manat borcu iddiaçıya qaytarmamışdır. İddiaçı bununla bağlı polisə şikayət etmiş və Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi» barədə qərarı ilə onun barəsində cinayət işinin başlanılması rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən Cavabdeh 600 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, o, iddiaçıdan onu işə düzəltmək adı ilə heç bir vəsait almamışdır. Orxan adlı şəxs onları tanış etmişdir. O, mübahisələndirilən pul məbləğini İddiaçı Orxan Firidunova vermək üçün almışdır. Polis orqanında verdiyi izahatında da göstərdiyi kimi o, Samirlə Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisindəki çayxanada görüşüb 900 manat pulu almış və həmin pulu kənarda gözləyən Orxana vermişdir. İndi isə Orxan və Samir birləşərək ondan borclu olmadığı halda pul almaq istəyirlər. Həmçinin, o, ilk əvvəl 200 manat, sonra isə 100 manat məbləğində vəsaiti Samirə verməsi üçün Orxana vermişdir və bu barədə Samiri məlumatlandırmışdr. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Məhkəmə iclasında iclasında şahid qismində dindirilən X1 öz ifadəsində bildirmişdir ki, İddiaçı ilə yaxın dostdurlar. Cavabdehlə onu özü tanış etmişdir. Lakin mübahisə predmetini təşkil edən pul məbləği onun yanında verilməmişdir. Cavabdeh iddiaçını işə düzəltmək adı ilə aldatmış və əldə olunan pul vəsaitini mənimsəmişdir. Ceyhun Samirdən pul aldığını onun yanında etiraf etmiş, lakin pulu alsa da qaytarmayacağını bildirmişdir. Həmçinin, Cavabdeh barəsində dələduzluq əməli ilə bağlı bir neçə cinayət işi açılmış və mülki işlər aparılmışdır. Həmçinin cavabdeh onu da aldadaraq ondan 21000 manat vəsait almışdır və həmin məsələ ilə bağlı hazırda araşdırma aparılır.
7. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» qərara əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
8. Həmin qərardan görünür ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı dindirilən Cavabdeh izahatında bildirmişdir ki, Samirlə Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində çayxanada görüşüb pulu ondan alıb onu kənarda izləyən Orxana yaxınlaşmış, pulu sayıb orada Orxana vermiş, Orxan pulu 3-4 aya ona qaytaracağını söyləmişdir. Bundan sonra, Samir və Orxanla çayxanada görüşüb 900 manat pulu Samir ondan istədiyi zaman pulu Orxana verdiyini söyləmiş, Orxanın ondan pulu aldığını, banka borcunu ödədiyini Samirə bildirmiş, üzərindən 2-3 ay keçmiş Samir Orxanın mobil telefonu ilə onunla danışmış, ondan bankın borcunu ödəmək üçün pul istəmişdir. O, Samirə 200 manat göndərə biləcəyini söyləsə də, Orxanla Samirə 300 manat pul göndərmişdir. Bundan sonra, Orxan ona zəng vuraraq Samirə 200 manat pul verdiyini söyləmiş, Samirə təkrar zəng vuraraq 200 manatın ona çatdığını soruşduqda Orxan gülərək bir söz deməmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında borc pulun verilməsinə dair münasibətlər olmuşdur. Cavabdeh tərəfindən iddiaçıdan götürdüyü borc pulun qaytarılmaması səbəbindən iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında Sumqayıt ŞPİ-nin 3-cü PB-də araşdırma aparılmış, tərəflərin izahatı alınmış, Cavabdeh İddiaçı 900 manat pul aldığını, həmin puldan 300 manat qaytardığını etiraf etmişdir. Mübahisə mülki xarakterli olduğundan cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
11. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
13. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
14. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları –cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara, şahid ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir.
17. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddianı Sumqayıt ŞPİ-nin 3-cü PB-də vermiş olduğu izahatına əsasən qəbul etdiyini, borcun ödənilməsi barədə qəbz və s. sübutlar təqdim olunmadığı üçün iddia tələbi təmin edilməli, Cavabdeh 600 (altı yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.
18. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. İş materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğ də cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva