Məhkəmə qərarları › İş №2(060)-1781/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1781/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1781/2022 12.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1682,04 USD əsas, 622,72 USD faiz, 18,06 USD cərimə, 0 USD komisyon haqqı borcu olmaqla, cəmi 2322,82 USD borcun və dövlət rüsumu olaraq ödənilmiş 59,90 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 25.02.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 26 % ödəmək şərtilə 6400 USD məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə şifahi şəkildə və rəsmi bildirişlərlə edilən xəbərdarlıqlara baxmayaraq borcu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsinə etiraz edərək izahatında göstərdi ki, iddianı qəbul etmir, belə ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün müəyyən edilmiş iddia müddətini ötürdüyündən, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçıya məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək mülki işə iştirakları olmadan baxaraq, tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənə əsasən iddia tələbi rədd edilməlidir. Mülki materiallarında olan: - 25 fevral 2014-ci il tarixli, 1249nkADJ/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 26 % ödəmək şərtilə 6400 USD məbləğində kredit verilmişdir. - 13 dekabr 2021-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. - 26 yanvar 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 26 yanvar 2022-ci il tarixə 1682,04 USD əsas, 622,72 USD faiz, 18,06 USD cərimə borcu olmaqla, cəmi 2322,82 USD borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bank ilə Cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini borcluya vermiş, lakin borclu kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, araşdırılan mübahisə üzrə cavabdeh ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Araşdırılan mübahisə üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi mübahisə predmetini təşkil edən kredit müqaviləsi 2014-cü il tarixdə, 48 ay müddətinə bağlanmış, kredit müqaviləsinin müddəti 25 fevral 2018-ci il tarixdə bitmişdir. Həmin vaxtdan sonra cavabdeh tərəfindən bu kredit müqaviləsi üzrə ödəniş aparılması iş üzrə sənədlərlə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, kredit münasibətlərindən yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilməsi müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. MM-in 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (zaminlik) üzrə də iddia müddəti keçir. MM-in 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. MM-in 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar