Məhkəmə qərarları › İş №2(060)-1787/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1787/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1787/2025 27.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi X6, X1 iştirakları ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh ümumillikdə 1682.53 (min altı yüz səksən iki ABŞ doları əlli üç sent) ABŞ dolları məbləğində dəymiş zərər və əldən çıxmış faydanın həmçinin ödənilmiş 48.60 (qırx səkkiz manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı hazırkı iddia ərizəsində göstərmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-ninproblemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-SHB-149 saylı, 17 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Belə ki, "xxxx" ASC "Binəqədi” filialı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 001/15 nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh 36 ay müddətinə 9.500 (doqquz min beş yüz) manat məbləğində kredit vermişdir. Müqavilənin şərtlərinə görə kredit üzrə istifadə olunmuş vəsaitə 10 % illik faiz borcu hesablanmalı və hər ay cədvələ uyğun olaraq banka ödənilməli idi. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3790/2021 saylı qətnaməsi ilə cavabdeh X2 4288.85 ABŞ dolları məbləğində kredit borcu (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla) və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı Aqrarkredit» BOKT-un xeyrinə tutulması qət edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün kredit müqaviləsinin bitmə xx.xx.2018-ci il tarixindən xx.xx.2024-cü il tarixədək Cavabdeh əsas borc üzrə 4 ümumillikdə 1682.53 (min altı yüz səksən iki ABŞ doları əlli üç sent) ABŞ dolları məbləğində dəymiş zərər və əldən çıxmış fayda ümumillikdə 1682.53 (min altı yüz səksən iki ABŞ doları əlli üç sent) ABŞ dolları təşkil edir. Cavabdehin qeydiyyat ünvanının dəyişib dəyişilməməsi ilə bağlı AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli **********1 saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum “X8 Edilməsi Agentliyi” MMC tərəfindən xx.xx.2024-cü il tarixli 76 saylı müraciət məktubu ilə müraciət edilmiş və İdarə tərəfindən xx.xx.2024-cü il tarixli 18/2/1555/2024 saylı cavab məktubu ilə bildirilmişdir ki, “İnformasiya əldə etmək haqqında” AR Qanununun 15.3-cü maddəsinə əsasən “Fərdi məlumatlar haqqında” 13.1-ci maddəsinə əsasən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı əsasında yol verilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X5 Ziya qızı izahatında bildirdi ki, əldən çıxmış fayda kredit müqaviləsinin bitdiyi tarixdən hesablanmağa başlamışdır. Bu da Azərbaycan Respublikası Konstutsiya Məhkəməsinin 2023-cü il tarixdə qəbul etdiyi illik 5 faizlə tətbiq olunmuşdur. xx.xx.2018-ci il tarixdə müqavilənin müddəti bitmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin və mütəxəssisin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əldən çıxmış fayda (əsas borca hesablanmış 5 faiz) olmaqla – 1682,53 ABŞ dolları borcu yaranmışdır. Bank tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehin ünvanına xəbərdarlıq göndərilərək ondan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 10 gün müddətində Banka tam ödəməyi tələb olunmuş və əks təqdirdə əldən çıxmış faydanın və dəymiş zərərin tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 48.60 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3790/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamədən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X2 4288.65 ABŞ dolları məbləğində kredit borcu (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla) və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı BOKT-un xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC-nin "Binəqədi" filialı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 001/15 nömrəli kredit müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Hazırda İddiaçı QSC Cavabdeh xx.xx.2018-ci il tarixindən xx.xx.2024-cü il tarixədək ümumilikdə 1682.53 (min altı yüz səksən iki ABŞ doları əlli üç sent) ABŞ dolları məbləğində dəymiş zərər və əldən çıxmış faydanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2). Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində və ərizəsinə əlavə etdiyi bəzi sənədlərdə cavabdehdən tutulmasını xahiş etdiyi pul məbləğini əldən çıxmış fayda adlandırsa da, ərizənin məzmunundan görünür ki, iddiaçının cavabdehdən tutulmasını xahiş etdiyi 1682,53 ABŞ dolları 6879,71 manat əsas borca xx.xx.2018-ci il tarixindən xx.xx.2024-cü il tarixədək illik 5 faizlə hesablanmış borc məbləğindən ibarətdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşdüyü təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)- 3790/2021 saylı qətnaməsi ilə məhkəmə aktının qəbul edildiyi tarixə qədər tərəflər arasında olan əsas və faiz borcunun tutulması ilə əlaqədar münasibətlərə hüquqi qiymət verilmiş, cavabdehdən yalnız əsas borcun (4288.65 ABŞ dolları) tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)- 3790/2021 saylı qətnaməsi ilə məhkəmə aktının qəbul edildiyi tarixdən tələb xx.xx.2024cü il tarixdək hesablanmaqla müddət 41 ay edir. 5 faizlə hesabladıqda 41 ay müddətinə cəmi 20.5 faiz edir. 4288.58 ABŞ dollarının 20.5 faizi isə 879,21 ABŞ dolları edir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən tərəflər arasında bağlanmış müqavilənin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşməsi ilə əlaqədar müqavilədə nəzərdə tutulmuş faiz borcu belə tutulmadığı halda, iddiaçının həmin dövrə görə (xx.xx.2018-ci il tarixindən xx.xx.2024cü il tarixədək (qətnamə çıxan günədək) yenidən illik 5 faizlə faiz borcunu tələb etməsi ədalətli və ağlabatan deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə yalnız xx.xx.2021-ci tarixdən (qətnamənin tarixi) xx.xx.2024-cü tarixədək (iddia tələbi həddində, yəni iddia ərizəsində və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahata əsəasən iddia tələbi ilə müraciət etdikləri müddət həcmində) illik 5 (beş) faizlə hesablanmış 897,21 ABŞ dolları borc tutulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən (təxminən 52% hissədə) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi tələb olunan dövlət rüsumunun 48.60 manatın 25.27 hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, 23.33 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 879.21 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla) və ödənilmiş 25.27 (iyirmi beş manat iyirmi yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar