Məhkəmə qərarları › İş №2(060)-18/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-18/2023

30.01.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-18/2023 30.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, vəkili Nümayəndə2, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı obyektin başqasının qeyri-qanuni sahibliyindən götürülərək qanuni sahibinə qaytarılması, qeyri yaşayış sahəsindən çıxarılma və obyektin açarlarının təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsində yerləşən ümumi sahəsi 38 kv.metr olan qeyriyaşayış sahəsindən çıxarılması, obyektin cavadehin qeyri-qanuni sahibliyindən götürülərək qanuni sahibinə, yəni İddiaçı MMC-yə qaytarılması və obyektin açarlarının təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 287 saylı sərəncamına əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsində yerləşən ümumi sahəsi 38 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı MMCyə ayrılmışdır. Bundan sonra qeyd olunan ərazi xx.xx.2001-ci il tarixli akta əsasən Bakı küçəsində yerləşən ümumi sahəsi 38 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı firmasının nümayəndəsinə təhvil verilmişdir. Qeyd olunan sahə həmin akta əsasən firmanın nümayəndəsi tərəfindən rəsmi olaraq qəbul edilmişdir. xx.xx.2001-ci il tarixdə İddiaçı firması tərəfindən 255500 manat məbləğində pul AB seriyalı, 000370 nömrəli kassa mədaxil orderi qəbzinə əsasən dövlət büdcəsinə ödənilmişdir. Daha sonra İddiaçı firması tərəfindən sərəncamdan irəli gələn bütün öhdəliklər yerinə yetirilmiş, ərazi abadlaşdırılmış, ümumi sahəsi 38 kv.metr olan qeyri-yaşayış sahəsi yenidən qurulmuş və istismara yararlı vəziyyətə gətirilmişdir. Daha sonra təxminən 2003-cü ildən obyekt İddiaçı firması tərəfindən Cavabdeh icarəyə verilmiş, cavabdeh bir müddət təxminən 2013-cü ilədək icarə haqqını versə də 2013-cü ildən bu günədək icarə haqqını verməmiş, İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsini qanunsuz və əsassız olaraq istismar etməkdədir. Bu müddət ərzində ondan dəfələrlə obyekti tərk etmək tələb olunsa da cavabdeh nə obyekti təhvil verməmiş nə də icarə haqqını ödəməmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Cavabdeh hal-hazırda da qanunsuz əməllərini davam etdirir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh və nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək, iddianın təmin edilməməsini xahiş etdilər. Eyni zamanda qeyd etdilər ki, mübahisəli obyektin iddiaçının əmlakına dəxli yoxdur və onlar arasında icarə münasibətləri mövcud olmamışdır. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərdi ki, o, iddiaçı təşkilatda işləyir. Sözügedən ərazilər Sumqayıt Şəhər İcra hakimiyyəti tərəfindən iddiaçıya verilməmişdən əvvəl oralar yararsız vəziyyətdə idi. İddiaçı MMC-yə məxsus əraziləri o tikmişdir. Qeyd etdiyi tikinti işləri 2001-2002-ci illərdə olmuşdur. Həmin ərazi əvvəllər zibillik idi. 2001-ci ilə qədər heç bir tikili olmamışdır. Cavabdehi tanıyır. Cavabdehi Sabir müəllimin yanında görmüşdür. Cavabdehin obyekt işlədib-işlətməməsi barədə məlumatım yoxdur. Həmin obyektin yerində dayanacaq var idi. Tikinti apararkən lambirin və daş istifadə etmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, o, iddiaçı təşkilatda sürücü işləyir.O, 1993-cü ildən İddiaçı MMC-də sürücü işləyir. Həmin ərazidəki bütün obyektləri Sabir müəllim tikmişdir. Obyektlərin hamısını tanıyır. Obyektlər 2000-ci ildən əvvəl tikilmişdir. Həmin obyektlər Sabir müəllimə məxsus idi. Obyektlərin yerində əvvəllər bazar var idi. Cavabdehi tanıyır, amma obyekt işlədib-işlətməməsi barədə məlumatı yoxdur. Həmin obyektin yerində əvvəllər dayanacaq var idi. Tikililər kubiklə inşa olunmuşdur. Cavabdehin 2000-ci ildən qabaq obyekt tikib-tikməməyi barədə məlumatım yoxdur. Məhkəmə, tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 287 saylı sərəncamından görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsində yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş ümumi sahəsi 38 kv.metr olan avto-sərnişin dayanacağı rekonstruksiya olunaraq yenidən qurulması üçün İddiaçı firmasına ayrılmışdır. - xx.xx.2001-ci il tarixli aktdan görünür ki, Bakı küçəsində yerləşən ümumi sahəsi 38 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı firmasının nümayəndəsinə təhvil verilmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsi avtobus dayanacağı küçəsində yerləşən mağaza, qeyri-yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı firmasıdır və həmin əmlak üzərində hüquq 19 nömrəli reyestr kitabında 324 nömrəsi ilə qeydiyyata alınmışdır. - xx.xx.2022-ci il tarixli, 10/7115 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 100 manat təşkil etdiyi göstərilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-568/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1458/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qərardadı ilə “Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamları ilə Sumqayıt şəhərinin 8-ci mikrorayonu Babək küçəsi ərazisində yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş avtosərnişin dayanacağının yenidən qurulması məqsədilə İddiaçı firmasına ayrılmış torpaqda qanunsuz inşa edilmiş tikilinin mağaza olaraq İddiaçı firmasının mülkiyyəti kimi keçmiş Sumqayıt şəhər X2 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 dekabr 2001- ci il tarixdə 324 reyestr nömrəsi ilə qanunsuz şəkildə aparılmış dövlət qeydiyyatının və onun əsasında həmin qeyri-yaşayış obyektinə dair İddiaçı firmasının adına verilmiş Qeydiyyat vəsiqəsinin və Texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi iddiaçının mübahisəli əmlaka dair subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamışdır. Həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli əmlak iddiaçının mülkiyyətindədir. Bu əmlaka dair cavabdehin hər hansı hüququnu təsbit edən hüquq müəyyənedici sənəd mövcud deyildir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/7115 saylı rəyindən görünür ki, cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı firmasının adına tərtib edilmiş, dekabr 2001-ci il tarixli Texniki Pasportda qeyd olunmuş, sahəsi 14.28 kv.m olan 3 saylı ticarət zalı ilə üst-üstə düşdüyü müəyyən olunur. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə mübahisəli əmlaka dair icarə hüquq münasibətlərinin mövcudluğunu bildirsə də, bu hala dair sübutlar təqdim etmədi, eləcə də cavabdeh bunu təkzib etdi. Odur ki, məhkəmə, iddianın maddi hüquqi əsasının əmlakın qanunsuz sahiblikdən tələb edilməsi və araşdırmanın mülkiyyət hüquqlarının müdafiəsi kontekstində aparılmalı olduğu qənaətinə gəlir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh mübahisəli qeyri-yaşayış sahəsindən heç bir hüquqi əsas olmadan istifadə etdiyindən iddia əsaslıdır. Belə ki, həmin qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğundan cavabdehin oradan istifadəsi birincinin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun pozulmasına gətirib çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsində yerləşən ümumi sahəsi 38 kv.metr olan qeyri-yaşayış sahəsindən çıxarılmaqla, obyekt cavabdehin qeyri-qanuni sahibliyindən götürülərək qanuni sahibinə, yəni İddiaçı MMC-yə qaytarılmalı və obyektin açarları təhvil verilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 100 manat tutularaq X1 hesabına ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsində yerləşən ümumi sahəsi 38 kv.metr olan qeyri-yaşayış sahəsindən çıxarılsın. Həmin əmlak cavabdehin sahibliyindən götürülərək İddiaçı MMC-yə qaytarılsın və obyektin açarları təhvil verilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq Cavabdeh 100 manat tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********,Müxbir hesab:AZ41NABZ********************) Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar