Məhkəmə qərarları › İş №2(060)-1808/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1808/2022

11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1808/2022 11.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 12.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 74,11 manat əsas, 39,53 manat cərimə borcu olmaqla, cəmi 113,64 manat borcun, 01.12.2020-ci il tarixli istehlak kredit müqaviləsinə əsasən 1298,4 manat əsas borc və 978,59 manat faiz olmaqla, cəmi 2276,99 manat borcun və ödənilmiş 44,31 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 12.04.2019-cu il tarixli 200892-PC********** nömrəli kredit müqaviləsinə əsasən ona 15 ay müddətinə illik 0 faiz dərəcəsi ilə kredit xətti ayrılmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 01.12.2020-ci il tarixli 200804-683570/3 nömrəli istehlak krediti müqaviləsinə əsasən ona 15 ay müdətinə illik 21,50 faiz dərəcəsilə 1582,02 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca yerinə yetirəmiş və kreditlərin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. Nəticədə cavabdehin 26.01.2022-ci il tarixə iddiaçıya 12.04.2019-cu il tarixli, 200892-PC********** nömrəli kredit müqaviləsinə əsasən 74,11 manat əsas, 39,53 manat cərimə, cəmi 113,64 manat məbləğində borcu, 01.12.2020-ci il tarixli, 200804-683570/3 nömrəli kredit xətti müqaviləsinə əsasən 1298,4 manat əsas borc, 978,59 manat faiz olmaqla, cəmi 2276,99 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 02.02.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1989-cu ildə Qazaxıstan Respublikası, Selinoqrad vilayəti, Atbasar rayonuda anadan olmuşdur. O, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 12.04.2019-cu il tarixli 200892-PC********** nömrəli nömrəli kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, faizsiz kredit xətti ayrılmışdır. Tərəflər arasında bağlanmış 01.12.2020-ci il tarixli, 200804-683570/3 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 15 ay müddətinə illik 21,50 faiz dərəcəsi ilə 1582,02 manat məbləğində kredit verilmişdir. İşdə olan ödəniş qrafikindən görünür ki, cavabdeh 01.12.2020-ci il tarixli kredit müqaviləsi üzrə 15 ay müddətində hər ay 121,21 manat ödəniş etməli idi. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışında göstərilmişdir ki, cavabdehin iddiaçıya 26.01.2022-ci il tarixə 12.04.2019-cu il tarixli 200892-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən 74,11 manat əsas, 39,53 manat cərimə borcu olmaqla, cəmi 113,64 manat məbləğində borcu, 01.12.2020-ci il tarixli, 200804-683570/3 nömrəli kredit müqaviləsinə əsasən 1298,4 manat əsas borc, 978,59 manat faiz olmaqla, cəmi 2276,99 manat borcu vardır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 44,31 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Tərəflər arasında bağlanmış 12.04.2019-cu il tarixli kredit xətti müqaviləsinin 5.1.4-cü bəndinə əsasən müştəri tərəfindən bu müqavilə üzrə ödəniş cədvəlinə uyğun olaraq əsas borc vaxtında icra olunmadıqda və ya lazımi qaydada icra olunmadıqda və ya faizlərin borc alan tərəfindən ödəniş cədvəli ilə müəyyən edilən ödəniş tarixindən iki dəfə ardıcıl olaraq (ödəməməsi) gecikdirdikdə iddiaçı bu müqavilə üzrə kredit öhdəliyinin icrasını vaxtından əvvəl tələb edə bilər. Tərəflər arasında bağlanmış 01.12.2020-ci il tarixli kredit müqaviləsinin 5.1.5-ci bəndinə əsasən borcalan tərəfindən bu müqavilə üzrə müəyyənləşdirilən öhdəliklərinin bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə iddiaçı kredit öhdəliyinin icrasını vaxtından əvvəl tələb edə bilər. Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və banka 12.04.2019-cu il tarixli 200892-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən 74,11 manat əsas, 39,53 manat cərimə borcu olmaqla, cəmi 113,64 manat məbləğində borcu, 01.12.2020-ci il tarixli 200804-683570/3 nömrəli kredit müqaviləsinə əsasən 1298,4 manat əsas borc, 978,59 manat faiz olmaqla, cəmi 2276,99 manat borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 44,31 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 12.04.2019-cu il tarixli kredit xətti müqaviləsinə əsasən 74,11 manat əsas borc, 39,53 manat cərimə borcu olmaqla, cəmi 113,64 manat məbləğində borc, 01.12.2020-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 1298,4 manat əsas borc, 978,59 manat faiz olmaqla, cəmi 2276,99 manat borc, hər iki müqaviləyə əsasən cəmi 2390 (iki min üç yüz doxsan) manat 63 (altmış üç) qəpik məbləğində borc və ödənilmiş 44 (qırx dörd) manat 31 (otuz bir) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar