Məhkəmə qərarları › İş №2(060)-1832/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1832/2022

27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1832/2022 27.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı İddiaçı Məmməd oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Məmməd oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məmməd oğlu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 50 000 ( əlli min ) ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə iş birliyi qurmaq üçün qarşılıqlı razılığa gəlmişlər ki, o, iddiaçıya Dubay şəhərindən münasib qiymətə 10 ədəd Mersedes 4140- markalı özü boşaldan yük avtomobili gətirsin və bunun müqabilində iddiaçı ona hissə -hissə 181 500 ( yüz səksən bir min beş yüz ) ABŞ dolları məbləğində pul vermişdir. Lakin cavabdeh pulu aldıqdan sonra iddiaçıya avtomobil göndərməmiş buna görə də cavabdehlə onların arasında mübahisə yaranmış və iddiaçı ona verdiyi pulu qaytarmağı tələb etmişdir. Bu zaman cavabdeh iddiaçıya təklif etmişdir ki, iddiaçının Abşeron rayonu ərazisində 0,15 ha torpaq sahəsi olduğunu, oranı qiymətləndirək və pulun bir hissəsinin əvəzi olaraq torpağı iddiaçıya verə biləcəyini təklif etmişdir. İddiaçı həmin ərazidə qiyməti öyrəndikdən sonra, onunla 50000 ( əlli min ) ABŞ dolları məbləğində pula qiymətləndirərək həmin torpağa aid sənədləri iddiaçıya vermişdir. Bir müddət keçdikdən sonra həmin ərazini iddiaçının adına sənədləşdirilməsini tələb edəndə cavabdeh bildirmişdir ki, onun həyat yoldaşı oranı iddiaçının adına sənədləşdirmə aparmağa razılıq vermir. Etibarnamə aldıqdan sonra iddiaçı cavabdehə inanaraq həmin borcdan 50000 ( əlli min ) ABŞ dolları məbləğində pulu çıxmış yerdə qalan 131500 (yüz otuz bir min beş yüz) ABŞ dolları məbləğində borca görə cavabdehlə iddiaçı arasında sadə formada borc müqaviləsi bağlanmış və iddiaçı cavabdehin onu aldatdığını gördükdən sonra pulun qaytarılması tələbi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər məhkəməsində işə baxılan zaman 5 500 ( beş min beş yüz ) ABŞ dollarını qaytarmış, yerdə qalan 126000 ( yüz iyirmi altı min ) ABŞ dolları məbləğində borcun qaytarılması barədə ədalətli qərar çıxarılmışdır. Lakin bu günə kimi həmin torpağı iddiaçının adına sənədləşdirmir və eləcə iddiaçıya olan borcu müxtəlif bəhanələrlə qaytarmaqdan məqsədyönlü yayınır. İddiaçı dəfələrlə torpağı və ya 50000 ( əlli min ) ABŞ dolları məbləğində pulu qaytarmağı tələb etsə də buna məhəl qoymur. Bu zaman iddiaçı məcburiyyət qarşısında qalıb torpaq sahəsinin qaytarılması tələbi ilə Abşeron Rayon Məhkəməsində iddia qaldırmış və proses zamanı Cavabdeh həmin ərazini satdığını bildirmiş və məhkəməyə sənəd təqdim etmiş bu səbəbdəndə iddiaçının iddiası təmin edilməmişdir. Bundan sonra iddiaçı, cavabdehdən ona olan borcun qaytarılmasını tələb etsə də müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınır, buna görədə iddiaçı məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədi. İddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının iddia ərizəsində yazılanlar cəfəngiyatdır, belə ki, iddiaçının mülkiyyətində olan Abşeron rayonu Novxanı kəndində yerləşən pay torağını heç vaxt iddiaçıya satmamışdır və o da cavabdehə həmin torpağa görə pul verməmişdir. Sadəcə aralarında həmin vaxt qarşılıqlı inam olduğu üçün cavabdeh iddiaçıya etibarnamə vermiş və xahiş etmişdir ki, onun adından hərəkət edərək həmin torpaq sahəsini satıb pulunu ona göndərsin. Belə ki, həmin ərəfədə cavabdeh xarici ölkdədə olmuşdur. Lakin qarşı tərəf torpaq sahəsini sata bilməmiş və cavabdeh də xaricdən qayıtdıqdan sonra təxminən 2016-cı ildə torpaq sahəsini 7500 manata satmışdır. Bu məsələ bir dəfə də Abşeron Rayon Məhkəməsində mübahisələndirilmiş və məhkəmə işin hallarını nəzərə alaraq həmin əsassız iddia tələbini rədd etmiş və həmin qətnamədən qarşı tərəfin vermiş olduğu apellyasiya şikayəti təmin olunmamışdır. Bundan başqa özünün qarşı tərəfə borcunun olmadığını bildirdi. Belə ki, idddiaçının cavabdehə və cavabdehin iddiaçıya qarşı iddia tələbləri üzrə işə məhkəmələrdə baxılmış və müəyyən olunmuşdur ki, qarşılıqlı borcların üzləşməsi aparıldıqda hələ iddiaçının 98000(doxsan səkkiz min) ABŞ dolları məbləğində borcu vardır. Hazırda onun barəsində olan qətnamə üzrə icra işi Bakı şəhər Binəqədi rayon İcra şöbəsində olmaqla artıq iddiaçının əmlakları müəyyən olunmuş, qiymətləndirilmiş və borcu ödəmədiyi üçün həmin əmlaklar hərraca çıxarılır. Cavabdeh iddiaçının rəhbərlik etdiyi "xxxx" MMC-yə qarşı 2013-cü ildə ona vermiş olduğu 218400 ABŞ dolları dəyərində maşın ehtiyyat hissələrinin dəyərinin ondan alınaraq cavabdehə verilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış və həmin məhkəmə qətnaməsi ilə sübut olunmuşdur ki, bu şirkət onun direktoru İddiaçı simasında 9 il bundan qabaq aldığı ehtiyyat hissələrinin pulunu cavabdehə qaytarmamışdır və 6 il bundan qabaq isə həmin pul vəsaitinin cavabdehə qaytarılması barədə qətnamə çıxarılmış, lakin qarşı tərəf hələ də cavabdehə olan borcu qaytarmamışdır. Məhkəmə qətnamələrindən də görünür ki, iddiaçının cavabdehə olan borcu cavabdehin iddiaçıya olan borcundan təxminən 2 dəfə artıqdır. Lakin iddiaçı cavabdehə olan borcu qaytarmaq əvəzinə artıq barəsində məhkəmə qətnaməsi qəbul edilmiş və icra mərhələsində olan bir məbləği-126000 ABŞ dolları məbləğində pulun və həmin pula görə əlavə təzminatın tutulması barədə də iddia qaldırmış və həmin iş hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Cavabdeh dəfələrlə iddiaçıya təklif etmişdir ki, qətnamə ilə cavabdehin iddiaçıya olan borcunun onun cavabdehə olan borcundan çıxılsın və yerdə qalan borcunun isə qaytarılması ilə bağlı razılaşmaya gedilsin, hissə-hissə ödəməsi barədə müqavilə bağlanılsın. Lakin iddiaçı ümumiyyətlə onun cavabdehə borclu olması barədə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli qətnaməsini tanımaq belə istəmir və hər vasitə ilə həmin qətnamənin icrasına süni əngəllər yaradır,bu kimi əsassız iddialar qaldırmaqla iddiaçını məhkəmələrə cəlb edir. Qarşı tərəf özü də məhkəmələrdə verdiyi izahatında göstərmişdir ki, həqiqətən də onun direktoru olduğu şirkətin cavabdehə böyük məbləğdə borcu olduğunu etiraf etmişdir. Hətta o cavabdehə şər ataraq iddia tələblərinin birində yazmışdır ki., guya iddiaçı borcları qarşılıqlı bağlamaq məqsədi ilə cavabdehə 30000 ABŞ dolları məbləğində pul vermiş, lakin cavabdeh bu pul verildiyi halda onunla barışıq sazişi bağlamamışdır. Bütün bunlar yalandır, belə ki, iddiaçı ilə cavabdehin arasında olan borc fərqi təxminən 100000 ABŞ dollarına yaxındır,bu məbləğdə borcu 30000 ABŞ dolları məbləğlə bağlamaq tamamilə abbsurddur.Bundan başqa iddiaçı ona dediyi məbləğdə pul verməmişdir, əgər özünün dediyi kimi həmin pul yaxın vaxtda verilmişsə və onunla cavabdehin arasında belə bir danışıqlar gedibsə onda hansı maddi və mənəvi ziyandan söhbət gedə bilər. Növbəti dəfə isə o yenidən hazırki iddia tələbini qaldırmaqla guya 50000 ABŞ dolları məbləğində borcun əvəzi kimi ona torpaq sahəsini etibarnamə əsasında verildiyini iddia edir, əgər bu şəxsin cavabdehə 100 min ABŞ dolları borcu varsa və bu borcun mövcudluğu qanun qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq olunubsa, onda cavabdeh nə üçün ona torpaq sahəsini 50000 ABŞ dolları borca görə verməliydi? Bundan başqa həmin torpaq sahəsinin real dəyəri 7-10 min manat civarındadır. Göründüyü kimi iddiaçı növbəti yalana əl atmış, illərlə aralarında gedən məhkəmə çəkişmələrində bu borcla bağlı məsələ bildirilmədiyi halda bu dəfə yeni bir uydurma ilə məhkəməyə müraciət etmişdir. Belə hesab edir ki, qaldırılmış iddia tələbinin heç bir əsası yoxdur, buna görə də İddiaçı ona qarşı pul tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirdi ki, iddiaçı və cavabdehi tanıyır. Onu iddiaçı ilə Cavabdeh tanış etmişdir. Özünün plastik qapı-pəncərə sexi olduğunu bildirdi. Qeyd etdi ki, Yasin müəllim onu iş adamı ilə tanış edəcəyini bildirmişdir. Daha sonra eşitmişdir ki, Yasin Dubaya gedir, Mahir ona (Yasinə) pul verəcək, Yasin də pulun müqabilində ona (Mahirə) 5 ədəd avtomobil gətirəcəkdir. Bir gün Mahir zəng edərək söyləmişdir ki, dostu Yasin qalıb Dubayda, Vətənə qayıtmaq üçün yol pulu yoxdur, qayıtması üçün ona pul göndərməli olduğunu bildirmişdir. Mahirlə birlikdə Bakı şəhərində Qələbə dairəsində adını xatırlamadığı banka birlikdə gedərək təxmini 3000-4000 aralığında pulu Yasinə Vətənə qayıtması üçün göndərmişlər. Məhkəmənin Yasinin Mahirə nə qədər borcu qalmışdı sualına cavab olaraq bildirdi ki, o vaxt Mahirin dediyinə görə 100000-120000dən yuxarı məbləğdə idi. Dəqiq məbləği xatırlamır. Sonra eşitmişdir ki, Yasin gəlib, lakin avtomobil yox ehtiyyat hissələri gətirmişdir. Bundan sonra Mahirlə Yasin arasında münasibətlər pisləşmişdir. Daha sonra bir gün Yasin ona zəng edərək Mahiri ona məxsus torpaq sahəsinə aparmasını xahiş etmişdir. Mahirlə Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən torpaq sahəsinə getmişlər. Mahir yaxınlıqda digər torpaq satılan yerlərdəki əlaqə nömrələri ilə əlaqə saxlayaraq həmin ərazidə torpağın sotunun qiyməti ilə maraqlanmışdır. Mahirə bildirmişlər ki, həmin yerdə torpağın sotu 6-7 min ABŞ dolları civarındadır. Mahir Yasinə torpağın sotunu 10000 ABŞ dollarından hesablayaraq 50000 ABŞ dollarının borcundan silinəcəyini bildirmişdir. Daha sonra aralarında razılıq olub olmadığı barədə məlumatı olmadığını bildirdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: AR-İ № 328554 saylı, 16.04.2014-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən 16.01.2008-ci il tarixində verilmiş MH ******* seriya nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1512 ha torpaq sahəsinə sərəncam verməyi, bağışlamağı, girov qoymağı, kirayə və icarəyə verməyi, bununla əlaqədar lazımi sənədləri almağı, adından ərizə yazmağı, imzalamağı, notariat kntorunda alqı-satqı müqaviləsini rəsmiləşdirməyi, DƏDRX-də 1 saylı arayışı almağı, bank əməliyyatlarını aparmağı, o cümlədən bütün idarə, müəssisə və təşkilatlarda adından bütün hərəkətlər etməyi etibar etmişdir. Etibarnamə 5 il müddətinə verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08.07.2015-ci il tarixli, 2(060)-3328/2015 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh 126000 (yüz iyirmi altı min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniləcək günə manat məzənnəsi hesablanmaqla alınaraq İddiaçı verilmədi qət edilmişdir. Həmin qətnamədən görünür ki, mülki iş materiallarına əlavə edilmiş 12.06.2013-cü il tarixli iltizamda İddiaçı Cavabdeh ümumilikdə 132400 ABŞ dolları məbləğində pul verdiyi müəyyən olunur. Həmin qətnamədən görünür ki, mülki iş materiallarına əlavə edilmiş 13.07.2013-cü il tarixli iltizamda Cavabdeh həqiqətən də İddiaçı 131500 ABŞ dolları məbləğində borcu olduğu və həmin pulun 4300 manatını, yəni 5500 ABŞ dollarını Elxan adlı şəxsə verməsini öz imzası ilə təsdiq etdiyi müəyyən olunur. Sumqayıt Apellyasiya Məhkəməsinin 09.12.2015-ci il tarixli, 2(105)-1787/2015 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2015-ci İ tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli, 2(060)-3608/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı borc pulun əvəzi olaraq verilmiş torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1512 ha torpaq sahəsinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, İddiaçı Məmməd oğlunun Cavabdeh Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1512 ha torpaq sahəsinin ona qaytarılması barədə iddia ərizəsi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 05.04.2021-ci il tarixli, 2(105)-1297/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli, 2(060)-3608/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri mövcuddur. Həmin borcun tutulmasına dair Sumqayıt Şəhər Məhkəməsinin 08.07.2015-ci il tarixli, 2(060)-3328/2015 saylı qətnaməsi vardır. Qeyd edilən qətnamə qəbul olunarkən cavabdehin iddiaçıya 126000 ABŞ dolları borcu olmuşdur. 2(060)-3328/2015 saylı mülki işin araşdırması zamanı iddiaçı iltizam təqdim edərək həmin iltizamın cavabdeh tərəfindən yazıldıqını qeyd etmiş cavabdehdə bu halı qəbul etmişdir, iltizamda cavabdehin iddiaçıya 131500 ABŞ dolları borcu olduğu əksini tapmış, iltizam 12.06.2013-cü il tarixdə tərtib edilmişdir. İltizam yazıldıqdan sonra cavabdeh tərəfindən iddiaçıya 5500 ABŞ dolları ödənildiyi üçün məhkəmə həmin ödənilmiş məbləği iltizamda qeyd edilən məbləğdən çıxaraq qalan 126000 ABŞ dollarını həmin və hazırki iş üzrə cavabdeh olan şəxsdən həmin və hazırki iş üzrə iddiaçı olan şəxsin xeyrinə tutmuşdur. Cavabdeh tərəfindən iltizam verildikdən sonra, cavabdeh tərəfindən iddiaçıya Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1512 ha torpaq sahəsinə dair 16.04.2014-cü il tarixdə etibarnamə verilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 181500 ABŞ dolları borcu olsa idi, qeyd edilən məbləğ tam olaraq 12.06.2013-cü il tarixli iltizamda öz əksini tapmalı idi, belə ki, iltizam etibarnamədən əvvəl verilmişdir. Bununla yanaşı tərəflər arasında 131500 ABŞ dollarına dair olan məhkəmə mübahisəsi zamanıda iddiaçı cavabdehin ona borcunun 181500 ABŞ dolları təşkil etdiyini və bu borcun 50000 ABŞ dolları hissəsinə dair ona torpaq verilməsi barədə heç bir söz deməmişdir. Baxmayaraq ki, 131500 ABŞ dollarına dair olan məhkəmə mübahisəsi etibarnamə verildikdən sonra olmuşdur. Odur ki, Məhkəmə hesab edir ki, cavabdehin etirazı daha inandırıcıdır və torpaq sahəsinə dair verilmiş etibarnamənin borc münasibətlərinə aidiyyəti olmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ - Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi cavabdehin iddiaçı qarşısında borc öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərfə tutulmuş öhdəliyin yaranma əsaslarından hər hansı biri mövcüd deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 50000 (əlli min) ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh 50000 (əlli min) ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar