Məhkəmə qərarları › İş №2(060)-1843/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1843/2021

02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1843/2021 02.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit razılaşmasının ləğv edilməsi və kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, kredit razılaşmasının ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 1757,05 manat məbləğində kredit borcu, 114,86 manat faiz borcu və 110,69 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1982,60 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli uzunmüddətli kredit müqaviləsinə əsasən ona 120 ay müddətinə, 500.000 manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.500 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə ödənişləri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1742,95 manat ödəniş etmiş, onun 1757,05 manat məbləğində kredit borcu qalmışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 kredit öhdəlikləri üzrə zaminliyi öz üzərinə götürmüşdür. Cavabdeh1 İddiaçı QSC-ə 1757,05 manat məbləğində kredit borcu, 114,86 manat faiz borcu və 110,69 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə, 1982,60 manat borcu vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahat verərək, cavabdehin 1507,05 manat əsas, 167,02 manat faiz borcu və 337,73 manat cərimə olmaqla, cəmi 2011,8 manat borcu olduğunu bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 003L**********40 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən iddiaçıya 120 ay müddətinə, 500.000 manat məbləğində kredit xətti açılmışdır. -İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit razılaşmasına əsasən iddiaçı cavabdehə 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.500 manat kredit vermişdir. - xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsinin təminatı olaraq borclu Cavabdeh1 zamin olmuşdur. - Cavabdehə məxsus bank hesabından çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli son kredit ödənişindən əvvəl axırıncı kredit ödənişi xx.xx.2020-ci il tarixdə edilmişdir. - Maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas borc üzrə 1507,05 manat, 114,86 manat faiz borcu və cərimə borcu üzrə 110,69 manat borcu vardır. - Xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə iddiaçı tərəfindən bildiriş göndərilərək xəbərdar olunmuşdurlar. - İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 003L**********40 saylı uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndindən görünür ki, kredit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə; kredit alanın kreditdən və ya onun hissəsindən müvafiq kredit razılaşmasında nəzərdə tutulmuş məqsəd üçün istifadə etmədiyi aşkar edildikdə; kredit alanın maliyyə vəziyyətində, əmlakında və onun təşkilati-hüquqi formasında kredit alanın bu müqavilənin və ya hər hansı kredit razılaşmasının şərtlərini yerinə yetirmə qabiliyyətinə mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və ya bazar şəraitində kredit alanın mövcudluğu üçün əhəmiyyətli təhlükə yaradan dəyişiklik olduqda; kredit alan tərəfindən bankı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi aşkar olduqda, o cümlədən kredit alanın özünün sahibkarlıq fəaliyyəti, iqtisadi imkanları və bu müqavilədən və ya hər hansı kredit razılaşmasından irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icrasına təsir edə biləcək digər faktlar haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar odluqda; kredit alan bu Müqavilənin 3.2.3 və 3.2.4-cü bəndlərinin şərtlərini pozduqda bank bu müqavilənin vaxtından əvvəl icrasını tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 120 ay müddətinə, 500.000 manat məbləğində kredit xətti açılmışdır və və bununla bağlı İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Cavabdeh1 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.500 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli kredit razılaşması bağlanmışdır. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərin 1507,05 manat əsas və 114,86 manat faiz borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa,zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək və müqavilənin 3.1.2-ci bəndinin tələblərini pozaraq iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehlərdən tutulması hissədə iddia tələbi qismən təmin edilməli, 1507,05 manat əsas, 114,86 manat faiz borcu müştərək qaydada cavabdehlərdən İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 003R********** saylı kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur. Cavabdeh tərəfindən götürülmüş kreditin miqdarını, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edərək, məhkəmə hesab edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan 75 manat cərimə mütənasiblik baxımından məqsədəmüvafiqdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Göründüyü kimi Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Zaminlik müqaviləsinə əsasən o iddiaçı qarşısında kredit müqaviləsi üzrə Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Bu səbəbdən Cavabdeh1 kredit müqaviləsinə əsasən yaranmış borcu onunla birlikdə Cavabdeh2dan da müştərək qaydada tutulmalıdır. Məhkəmə iddia tələbinin İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 003R********** saylı kredit razılaşmasının ləğv edilməsi hissəsinə gəldikdə isə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşdən göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış xx.xx.2018-ci tarixli kredit razılaşması ləğv edilməlidir. İddia qismən təmin edildiyi və tutulmalı məbləğ 500 manatdan çox olduğu üçün iddiaçının iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1507,05 manat əsas, 114,86 manat faiz borcu, 75 manat cərimə borcu olmaqla, cəmi 1696,91 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 003R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1507,05 manat əsas, 114,86 manat faiz, 75 manat cərimə borcu olmaqla, cəmi 1696,91 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-ə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar