Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1864/2023 04.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1300 manat məbləğində borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehi əvvəlcədən tanımamış, həyat yoldaşı X1 əvvəlki iş yerindən tanışı olmuşdur. Belə ki, cavabdeh Sumqayıt şəhərində yerləşən restoranda aşpaz işləmiş, həmin iş yerindən yoldaşı ilə tanışlığı yaranmışdır. Daha sonra hər ikisi oradan çıxmış, lakin yenə də münasibətləri olmuşdur. Bir gün həyat yoldaşı cavabdehə zəng vuraraq işsiz olduğunu və ona uyğun iş olduqda xəbər etməsini xahiş etmişdir. Cavabdeh isə ona başının qarışıq olduğunu, özünün şəxsi problemləri olduğunu və 1000 manat pul lazım olduğunu bildirmişdir. Daha sonra yoldaşından borc pul istəmiş, yoldaşı isə onunla danışdıqdan sonra cavab verə biləcəyini bildirmişdir. Həmin günü yoldaşı bu-barədə ona demiş, o isə əgər etibar ediləsi biridirsə verə biləcəyini söyləmişdir. Həmin vaxtı özünün ehtiyacı olduğundan avtomobilini satmış və müəyyən qədər pulu olmuşdur. Hadisə 2022-ci ilin sentyabr ayında baş vermiş, cavabdehə pulu verən zaman bir ay müddətində qaytaracağını bildirmişdir. Cavabdeh pulu verdikdən sonra yenidən əlaqə saxlamış və əlavə 300 manat lazım olduğunu söyləmişdir. Yenə də etibar edərək ona 300 manat vermiş, ümumilikdə isə cavabdeh 1300 manat pulu 1 ay müddətində geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, bu günə qədər cavabdeh heç bir ödəniş etməmiş, hər dəfə müxtəlif bəhanələr ilə onu yubatmışdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdehdən 1300 manat məbləğində pul tutularaq ona ödənilməlidir. Bu hadisəyə yoldaşı şahidlik etmiş, eləcə də cavabdehin özünün səs yazıları da vardır. O, cavabdehin bu hərəkətləri ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 2ci PB-nə şikayət ərizəsi ilə müraciət etmiş, lakin mülki xarakter daşıdığı üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Polis İdarəsi 2-ci PB-nin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə həmin bölməyə daxil olmuş İddiaçı müraciətinə baxılmış, müraciətdə göstərilən xüsusatlar mülki xarakter daşıdığından ona aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - İddiaçı tərəfindən təqdim olunmuş cavabdehin səsyazılarından aydın olur ki, sonuncu əlavə 200 manat və kiçik hədiyyə verməklə, İddiaçı həyat yoldaşından iddiaçını ona borc pul verməsinə razı salmasını xahiş etmiş, borcu almış, sonra isə zənglərə cavab verməmişdir. Sosial şəbəkə (Whatsapp) yazışmalarından görünür ki, cavabdeh iddiaçının həyat yoldaşından 1 ay müddətində (oktyabr ayının 10-dək) 1200 qaytarmaq şərtilə 1000 manat pul istəmiş, o, eyni zamanda sonuncuya hədiyyə və 10 gün ərzində işə götürəcəyini vəd vermiş, sonra isə həyat yoldaşı iddiaçının məsələni onun öhdəsinə buraxdığını bildirmiş və cavabdeh borcu iddiaçıdan almış, bundan sonra 10 günə 400 manat qaytarmaqla əlavə 300 manat pul istəmiş və həmin məbləği də almış, lakin bu pulları qaytarmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh iddiaçıdan bir ay müddətinə qaytarmaq şərtilə iki dəfə olmaqla, 1000 və 300 manat, cəmi 1300 manat borc almış, lakin qaytarmamışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında borc münasibətləri olmuş, cavabdeh üzərinə aldığı pulu ödəməyi barədə öhdəlik götürmüş, lakin həmin öhdəlik onun tərəfindən lazımınca icra edilməmiş, nəticədə 1300 manat borcu yaranmışdır. Ona görə də iddia əsaslı olduğundan təmin edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bu Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1300 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1864/2023
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-1864/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver