Məhkəmə qərarları › İş №2(060)-1866/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1866/2023

06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1866/2023 06.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı1 xeyrinə 10000 manat məbləğində pulun, ödənilmiş 120 manat dövlət rüsumunun və İddiaçı2 xeyrinə isə 7000 manat məbləğində pulun və ödənilmiş 90 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, l(060)-460/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsi və onun 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəli 27 sentyabr 2021-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cinayət işi üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxs İddiaçı2 istintaqa təqdim etdiyi «Whatsapp» mobil tətbiqi ilə aparılan yazışmaları və səs yazılarını özündə əks etdirən 01 ədəd CD diskin iş materiallarında saxlanılması, Cavabdeh müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilməsi və vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 84 (səksən dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi hökm edilmişdir. Həmin hökmdən apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, l(060)- 460/2022 saylı saylı hökmünün qismən ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın verilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(105)-514/2022 saylı hökmü ilə apellyasiya şikayətləri təmin edilməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2,4-cü maddələri ilə təqsirli bilinməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-460/2022 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərarı almışdır. Qanuni qüvvəyə minmiş hökmdən də göründüyü kimi, Cavabdeh İddiaçı2 qarşı 10.000 manat pulu, İddiaçı1 qarşı isə 7000 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, xəstəliyi ilə əlaqədar təqaüdə çıxdıqdan sonra növbədənkənar dövlət hesabına mənzillə təmin olunmağı üçün ərizə yazılması ilə əlaqədar 2020-ci ilin dekabr ayının ortalarında Sumqayıt șəhərində yerləșən "xxxx" MMC adlı hüquq məsləhətxanasına müraciət etmişdir. Həmin cəmiyyətdə kompüter vasitəsilə ərizə yazan Telman Hüseynov adlı șəxs ondan əlillik dərəcəsinin olub-olmaması ilə bağlı maraqlandıqda əlillik dərəcəsinin olmadığını bildirmişdir. Həmin vaxt Telman demişdir ki, Cavabdeh adlı hūquqșünas əlillik dərəcəsinin təyin edilməsi üçün bir çox vətəndaşlara köməklik etmiş, əgər o da əlillik dərəcəsi almaq istəsə, onu həmin şəxslə tanış edə biləcəyini bildirmiş və o da onun təklifi ilə razı olmuş va hörmət də edəcəyini bildirmişdir. Təxminən həmin gündən 2-3 gün sonra Telman Hüseynov ona zəng edərək Cavabdeh "xxxx" MMC-nin ofisində olduğunu bildirmiş və onu ofisə dəvət etmișdir. O da ofisə gedərək Valehlə tanış olmuşdur. Danışıq zamanı Valeh özünü "X4 Mərkəzinin" baș direktoru kimi təqdim etmiş, o da ondan əlillik dərəcəsi almasına köməklik göstərməsini xahiș etmişdir. Valeh də Azərbaycan Respublikası Prezident Administrasiyasında yüksək vəzifədə işləyən bir adamla yaxın münasibətinin olduğunu və həmin tanıșı vasitəsilə ona köməklik göstərə biləcəyini demişdir, lakin ad çəkməmişdir. Həmin vaxt Valeh ondan xəstəliyi ilə əlaqədar sənədlərin surətini almışdır. Təxminən bir həftədən sonra o, Valehlə yenidən "xxxx" MMC-nin ofisində görüşmüşdür. Valeh administrasiyada işləyən tanışının onun sənədlərinə baxaraq 11000 manat müqabilində ona əlillik dərəcəsi təyin olunmasına, həmin əlillik dərəcəsinə əsasən müavinət almasına, eləcə də növbədənkənar mənzil və nəqliyyat vasitəsi almasına köməklik göstərəcəyini bildirmișdir. O, Valehin ona etdiyi təkliflə razılaşmış və bundan sonra kredit almaq üçün "Unibank"a müraciət etmişdir. Bankdan ona 10000 manat kredit ayrılmış və o, xx.xx.2021-ci il tarixdə krediti aldıqdan sonra Valehlə əlaqə saxlayaraq xx.xx.2021-ci il tarixdə Valehlə yașadığı evin yaxınlığında görüşərək Valehə 10000 manat düzəldə bildiyini bildirmiş və Valeh də işin müsbət həll olunmasına köməklik göstərməsi üçün həmin məbləğə razı olmuş və 1 ay yarım müddət ərzində işinin müsbət həll olunacağına dair ona söz vermişdir. Bundan sonra o, 10 gündən bir Valehlə əlaqə saxlayaraq ișin nə yerdə olması barədə maraqlanmış, Valeh də ona narahat olmamasını, yaxın günlərdə işinin həll olunacağını bildirmişdir. Valehin ona vəd etdiyi müddət bitdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə o, yenidən onunla əlaqə saxlamışdır. Valeh ona bildirmişdir ki, administrasiyada işləyən tanışı işi ilə əlaqədar ABŞ-a ezam olunmuş və təxminən 7-10 gün ərzində Azərbaycana qayıdacaqdır. Həmin müddət bitdikdən sonra isə Valehin onu aldatdığını bașa düşmüş və korrupsiyaya müraciət etmişdir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi. İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmədə iştirak etmək istədiyini bildirmnəmi. Hə hansı yazılı etiraz tədim etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-460/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və o, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 27 sentyabr 2021-ci il tarixdən hesablanmış, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. - Həmin hökmdən görünür ki, Cavabdeh tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü İddiaçı2 «Hüquqinfo» Media Mərkəzinin, «Hüquqinfo.az» saytının, H.Z.Tağıyev adına xeyriyyə cəmiyyətinin baş direktoru və eyni zamanda hüquqşünas kimi təqdim edərək İddiaçı2 əlillik dərəcəsinin təyin olunmasına, həmin əlillik dərəcəsinə əsasən müavinət, eləcə də növbədən kənar mənzil və nəqliyyat vasitəsi almağına köməklik göstərməsinə yalandan vəd verib aldadaraq bu adla ondan xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanının yaxınlığında 10.000 manat pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs İddiaçı2 10000 manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Cavabdeh tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü İddiaçı1 «Hüquqinfo» Media Mərkəzinin, «Hüquqinfo.az» saytının, H.Z.Tağıyev adına xeyriyyə cəmiyyətinin baş direktoru və eyni zamanda hüquqşünas kimi təqdim edərək 7000 manat pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs İddiaçı1 7000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-514/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(060)- 460/2022 nömrəli hökmündən təqsirləndirilən şəxs Cavabdeh və zərərçəkmiş şəxs İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(060)-460/2022 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - Məhkəmə sorğusu əsasında alınaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü məhkum Cavabdeh Salyan rayonu, Yenikənd kəndi ərazisində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən cavabdeh İddiaçı1 10000 manat, İddiaçı2 isə 7000 manat dəyərində ziyan vurmuşdur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi mülki qanunvericiliyin prinsiplərinin mahiyyəti açıqlamasım verməklə, göstərir ki, “mülkiyyətin toxunulmazlığı”, “mülki hüquqların maneaəsiz həyata keçirilməsinə şərait yaradılması”, “pozulmuş hüquqların bərpasının təmin edilməsi” və “mülki hüquqların məhkəmə müdafiəsi” (6.1.5, 6.1.7 və 6.1.9-cu maddələr) mülki qanunvericiliyin başlıca prinsipləri olmaqla, bu tələblərə ciddi əməl edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci madəsinə əsasən Əsassız varlanma, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinə əsaslardan biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən - Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən İddiaçı2 10000 manat, İddiaçı1 isə 7000 manat maddi ziyan vurulması və cavabdehin buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin cəmi 17000 manat həddində olması iş materialları ilə təsdiq olunur. Məhkəmə məhkəmə xərcləri ilə bağlı hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumları cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 10000 manat məbləğində ziyan və ödənilmiş 120 manat dövlət rüsumu İddiaçı2, 7000 manat məbləğində ziyan və ödənilmiş 90 manat dövlət rüsumu isə İddiaçı1 xeyrinə tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 10000 manat və ödənilmiş 120 manat dövlət rüsumunun əvəzi İddiaçı2, 7000 manat və ödənilmiş 90 manat dövlət rüsumunun əvəzi isə İddiaçı1 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar