Məhkəmə qərarları › İş №2(060)-1867/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1867/2021

09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1867/2021 09.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh və Zamin (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 129,45 ABŞ dolları məbləğində əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi tarixə 297,87 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 34,10 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 285,42 ABŞ dolları cərimə olmaqla, cəmi 746,84 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 19.02.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Sumqayıt filialı Cavabdeh 12 ay müddətinə, illik 30 faiz olmaqla, 855 ABŞ dolları məbləğində kredit vermişdir. Bankla Zamin arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən Zamin Solmaz Qasımovanın bank qarşısında öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. X3 kredit öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmiş və onun kredit müqaviləsi üzrə iddia ərizəsində qeyd edilən məbləğdə borcu yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 02.04.2021-ci il tarixli, 2(060)-1867/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır. 22.06.2021-ci il tarixində ekspert rəyi iş materialları ilə məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, ekspert rəyi ilə qismən razıdır. Rəydə əsas borcun çox hesablanmasına səbəb cavabdehə Azərbaycan Respublikası Prezideninin müvafiq Fərmanına əsasən kompensasiya ödənilməsinin nəzərə alınmaması olmuşdur. Bu səbəbdən əsas borc iddia tələbində az göstərilmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ekspert rəyi ilə qismən razıdır. Onun faiz borcu iddiaçı tərəfindən həddən artıq şişirdilib. Onun etdiyi ödənişlər nəzərə alınmayıb. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh Zamin məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh xx.xx.1978-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Digər Cavabdeh Zamin isə xx.xx.1987-ci ildə anadan olmuş, hazırda Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6 ünvanında qeydiyyatdadır. İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış İKM 01 saylı, 19 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank Cavabdeh 12 ay müddətinə, illik 30 faizlə 855 ABŞ dolları kredit vermişdir. İddiaçı ASC-nin Sumqayıt filialı ilə Zamin arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən Zamin Cavabdeh bank qarşısında öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan ödəniş cədvəlindən görünür ki, İKM 01 saylı, 19 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 12 ay müddətinə hər ay 83,55 ABŞ dolları, sonuncu ay isə 83,38 ABŞ dolları ödənilməli idi. 27 oktyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə banka olan borcu əsas borc üzrə 129,45 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 19.02.2015-ci il tarixinə 297,87 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 34,10 ABŞ dolları borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 285,42 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 746,84 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07.06.2021-ci il tarixli, 9/2961 saylı ekspert rəyində göstərilmişdir ki, kredit müqaviləsinə əsasən Cavabdeh müqavilənin müddətinin bitdiyi 19.02.2016-cı il tarixinə İddiaçı ASC-yə 524,35 ABŞ dolları əsas borc, 82,59 ABŞ dolları faiz borcu vardır. Cavabdeh məhkəməyə müraciət edildiyi tarixə kredit müqaviləsi üzrə borcu əsas borc üzrə 259,42 ABŞ dolları, faiz borcu üzrə 188,09 ABŞ dolları təşkil edir. Cavabdehlərə borcun qaytarılması ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli qərardadı ilə lisenziyası ləğv edilmiş İddiaçı ASC-yə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi Cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və kredit müqaviləsi üzrə borcunu müqaviləyə əsasən ödəməmişdir. Cavabdehin banka olan borcunun dəqiq müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyində cavabdehin əsas borcu iddia ərizəsində tələb olunandan daha yüksək məbləğdə müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməlidir. Faiz borcuna gəldikdə isə qeyd edilməlidir ki, ekspert rəyində faiz borcu müqavilənin müddətinin bitdiyi 19.02.2016-cı il tarixinə 82,59 ABŞ dolları müəyyən edilmişdir. İddiaçı isə iddia ərizəsində 129,45 ABŞ dolları əsas borc məbləğinə 297,87 ABŞ dolları məbləğində faiz borcu hesablayaraq cavabdehdən tələb etmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi nəzərə alınaraq 82,59 ABŞ dolları məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəllədə həmçinin göstərilir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (445.7.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi müqavilə müddəti bitdiyi dövrdən sonra da həyata keçirilmədiyi üçün iddiaçı həmin məbləğə illik 5 faiz hesablamaqda haqlı olmuşdur. Zaminliklə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdən göründüyü kimi kredit müqaviləsinin icra müddəti 19.02.2016-cı il tarixində bitmişdir. Lakin iddia ərizəsi 1 illik müddəti ötürməklə 13.01.2021-ci il tarixində məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən iddia tələbi zaminə aid hissədə təmin edilə bilməz. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 129,45 ABŞ dolları əsas borc məbləğinə 285,42 ABŞ dolları cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 30 ABŞ dolları məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyri olan 145 manat cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 129,45 ABŞ dolları əsas borc, 19.02.2016-cı il tarixinə 82,59 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5%-lə hesablanmış 34,10 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 30 ABŞ dolları cərimə, cəmi 276 (iki yüz yetmiş altı) ABŞ dolları 14 (on dörd) sent məbləğində pul (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) və ödənilmiş 15 (on beş) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pul Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar