Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-188/2025 23.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qət etdi. Təsviri hissə:
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 10504.55 manat əsas borc, 901.32 manat faiz borcu və 191.5 manat cərimə borcu olmaqla cəmi 11597.37 manat manat borcun, 124.79 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASCdən illik 15.7% olmaqla 36 ay müddətinə 12500 manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinin təminatı olaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. 2024-cü ilin mayın 30-dək Cavabdeh1 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 10504.55 manat əsas borc, 901.32 manat faiz borcu və 766 manat cərimə borcu, ümumilikdə cəmi 12171.87 AZN borcu vardır. Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 766 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 191.5 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirdi ki, onun ilk dəfə götürdüyü 1100 manat kreditə valideyni zamin durmuşdur. O, Mərkəzi Bankda işləyirdi və yüksək məbləğdə maaş alırdı. Buna görə də ona digər kreditləri zaminsiz verirdilər. O, işdən çıxdıqdan sonra ödəniş edə bilməmişdir. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, o, bankdan bir dəfə 1100 manat və ikinci dəfə də yenə 1100 manat kredit götürmüşdür. İkinci dəfə götürdüyü 1100 manat kredit borcundan 200-300 manat borcu qalmışdı ki, bu vaxt da 6500 manat yenə kredit götürmüşdür. 6500 manat məbləğində götürdüyü kredit müqaviləsində zaminlik yox idi. Yəni 12500 manat kredit götürən zaman atası ona zamin durmamışdır. Daha sonra isə o, bankdan 3000 və 3400 manat məbləğində kreditlər götürmüşdür. Hazırda yeni işə düzəlib və banka olan borcunu ödəmək niyyətindədir. Cavabadeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. 5.Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə dair izahat verərək bildirdi ki, o, oğlunun bankdan 2000 manat kreditin götürülməsi zamanı ona zamin durmuş və yalnız həmin müqaviləni imzalamışdır. Digər müqavilələrdən xəbəri yoxdur. O, 2023-cü ildə ümumiyyətlə banka getməmişdir. Ona görə də o yalnız borcun 2000 manat hissəsinə cavabdehlik daşıya bilər. Cavabadeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi.
6. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2023cu il tarixli, kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən 36 ay müddətinə, illik 15.7 % olmaqla 12500 manat kredit verilmişdir. 8.İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, Z/06146/23 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kreditor qarşısında borclunun kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. 9.İşdə olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən 12500 manat pul vəsaitini qəbul etmişdir.
10. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 10504.55 manat əsas borc, 901.32 manat faiz borcu və 766 manat cərimə borcu olmaqla, cəmi 12171.87 manat manat borcu vardır.
11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcun ödənilməsi barədə bildiriş ünvanlanmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
14. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
15. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmiş, lakin qanunla müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir.
16. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2).
18. Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
19. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). 20.Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 21.Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. 22.Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsində “zamin” qrafasında çəkilən imza(lar) ilə cavabdeh (zamin) Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş imza nümunələrinin eynilik daşıması, yəni həmin şəxs tərəfindən icra olunub-olunmadığını müəyyən etmək üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. 23.İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/1522 saylı rəyindən görünür ki, ekspertİzaya təqdim edilmiş, mülki işin 9-cu vərəqində olan “Yelo" Bank ASC-nin filialı ilə Cavabdeh1 (borcalan) və Cavabdeh2 Razi oğlu (zamin) aralarında olan Z/06146/23 nömrəli xx.xx.2023-cü il tarixli Zaminlik müqaviləsinin 1-ci vərəqəsinin üz tərəfində “Zamin” qrafasındakı imza və arxa tərəfində “Zamin” qrafasında “Cavabdeh2 Razi oğlu” yazılarından aşağı hissədə “imza” qrafasındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. 24.Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 25.Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). 26.Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir.
27. Beləliklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə Cavabdeh2 iddiaya etirazının əsası kimi istinad etdiyi hallar təsdiqini tapmamış, eyni zamanda Cavabdeh2 məhkəməyə xx.xx.2023cü il tarixli Zaminlik müqaviləsinin onun tərəfindən imzalanmadığını təsdiq edən hər hansı digər sübut təqdim etməmişdir. 28.Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 10504.55 manat əsas borc, 901.32 manat faiz borcunun müştərək qaydada əsas borclu və zamin olan cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. 29.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 30.Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 191.5 manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir.
31. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 124.79 manat da cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. 32.İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 125 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza xərci də cavabdehlərə aid edilməlidir.
33. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
36. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 10504,55 (on min beş yüz dörd manat əlli beş qəpik) manat əsas borc, 901,32 (doqquz yüz bir manat otuz iki qəpik) manat faiz borcu və 191,5 (bir yüz doxsan bir manat əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 11597,37 (on bir min beş yüz doxsan yeddi manat otuz yeddi qəpik) manat borc və 124,79 (bir yüz iyirmi dörd manat yetmiş doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. İş üzrə təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının xərci olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 125 (bir yüz iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva