Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1882/2022 14.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 787,88 manat əsas borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 817,88 manat pulun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 05.04.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 787,88 manat olan “Samsung” markalı televizoru 15 ay müddətinə, ilkin ödənişsiz və aylıq 52,53 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilsə də, o, həmin borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 08.02.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1984-cü ildə anadan olmuşdur. Tərəflər arasında bağlanmış 05.04.2021-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə “Samsung” markalı televizoru satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 05.04.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 15 ay müddətində hər ay 52,53 manat, sonuncu ay isə 52,46 manat iddiaçıya ödəməli idi. İş materiallarına əlavə edilmiş maliyyə arayışına əsasən cavabdehin alqı-satqı qiyməti 787,88 manat olan “Samsung” markalı televizor üçün hazırda 787,88 manat əsas borcu qalmışdır. 16.04.2021-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “Samsung” markalı televizoru iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İşdən göründüyü kimi iddiaçı cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı həmin müqavilədə nəzərdə tutulmuş əşyanı cavabdehə vermişdir. Cavabdeh isə müqaviləyə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 787,88 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Tərəflər arasında bağlanmış müqavilənin 8.2-ci maddəsinə əsasən alıcı satılan malın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və gecikdirilmiş məbləğ 45 gündən artıq olduqda, satıcının mülahizəsinə əsasən malın qiymətinin vaxtından əvvəl ödənilməsini və ya malın qaytarılmasını alıcıdan tələb edə bilər. Bu tələb alıcı tərəfindən 3 gün müddətində yerinə yetirilmədikdə alıcı hər gecikdirilmiş gün üçün malın qiymətinin 0,8% miqdarında cərimə ödəyir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı 787,88 manatı tələb etməkdə haqlı olmuşdur. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Samsung” markalı televizor üçün 787 (yeddi yüz səksən yeddi) manat 88 (səksən səkkiz) qəpik əsas borc və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1882/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1882/2022
14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver