Məhkəmə qərarları › İş №2(060)-1896/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1896/2023

24.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1896/2023 24.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “Azərbaycan Beynəlxalq Bank" ASC-nin “Binəqədi” filialı arasında xx.xx.2011-ci ildə 136 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən ipoteka predmeti olan iddiaçıya məxsus “VAZ- 21074” narkalı, **-CE-*** qeydiyyat nişanlı minik avtomaşının (buraxılış ili 2011-ci il, tipsedan, Ban XTA 2107440B********) alınması üçün 5850 manat məbləğində kredit verilmişdir. Müqavilə illik 20% dərəcəsi ilə 36 ay müddətinə bağlanmışdır. Kredit öhdəliyinin təmin etmək məqsədilə iddiaçıya məxsus avtomobil ipoteka ilə yüklü edilmiş və iddiaçı ilə xx.xx.2011-ci ildə 136 saylı ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı "xxxx" ASC qarşısında götürdüyü öhdəliyi vaxtında icra edə bilmədiyi üçün Bank cəmi 6662 manat pulun ondan tutulması məqsədilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli, 2(060)-8726/2014 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddiası qismən təmin edilmişdir. İddiaçı 2015-ci ilə qalıq kredit borcunun ödənilməsi məqsədilə Cavabdeh1 xx.xx.2015-ci ildə etibarnamə vermişdir. ƏN-İİ seriyalı 255933 saylı etibarnamə xx.xx.2015-ci ildə həmin avtomaşını idarə etmək üçün verilmişdir və Sumqayıt 6 saylı Notariat Kontorunda təsdiq edilmişdir, iddiaçı ilə Cavabdeh1 arasında razılaşmaya görə “VAZ-21074” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomaşının qalıq kredit borcunu "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödəməli idi. Etibarnamə verilərkən Cavabdeh1 iddiaçıya cəmi 1000 manat ödəniş etmişdir. Sonradan, yəni xx.xx.2015-ci ildə Cavabdeh1 sözügedən avtomaşını Cavabdeh2 etibarnamə əsasında idarəetməyə vermişdir. Mülkiyyətçisi olduğu avtomaşın iyul 2015-ci ildən onun əməli idarəçiliyindən çıxmışdır. Həmin avtomaşını sonralar Cavabdeh1, daha sonra isə digər Cavabdeh2 idarə etmişdir. İddiaçı hal-hazırda həmin avtomaşına görə vermiş olduğu etibarnaməni ləğv etsə də, nəqliyyat vasitəsinin olduğu yeri müəyyən edə bilmir. Nəqliyyat vasitəsinin qalıq kredit borcu cavabdehlər tərəfindən öddənilmədiyindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)8726-2014 saylı qətnaməsinin icrası ondan tələb edilir. Göstərilənlərə əsasən cavabdehlərdən müştərək qaydada 6662 manat əsas borcun və ödənilmiş 87 manat dövlət rüsumunun, cəmi 6749 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)- 8726/2014 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, İddiaçı 4972 (dörd min doqquz yüz yetmiş iki) manat məbləğində əsas borc, 1444 (bir min dörd yüz qırx dörd) manat faiz borcu, 246 (iki yüz qırx altı) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 6662 (altı min altı yüz altmış iki) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması, İddiaçı məxsus ipotekaya qoyulmuş “VAZ-2İ074” markalı, ** CE *** qeydiyyat nişanlı minik avtomobili (buraxılış ili 2011, tip-sedan, Ban XTA 2107440B30774297, mühərrik-9771105, rəng-tünd albalı metal) açıq hərracda satılması və əldə olunmuş pul vəsaitinin İddiaçı "xxxx" ASC-nə olan borcuna yönəldilməsi və borc ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması qət edilmişdir.

8. İş materiallarında olan xx.xx.2011-ci il tarixli Sumqayıt şəhər 6 saylı dövlət notariat kontorunda təsdiq olunmuş ƏN-İİ № 255933 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı ona məxsus "VAZ-2İ074” markalı, ** CE *** qeydiyyat nişanlı minik avtomobilini xx.xx.2015-ci il tarixədək Cavabdeh1 idarə etməyi etibar etmişdir.

9. İş materiallarında olan ********** nömrəli mədaxil qəbzinə əsasən İddiaçı 87,40 manat məbləğində dövlət rüsumu ödəmişdir.

10. İşin materiallarında olan Sumqayıt şəhər RQİŞ1 tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, AB № 456973 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-CE-*** dövlət qeydiyyat nişanlı, "VAZ-21074" markalı nəqliyyat vasitəsi İddiaçı məxsusdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ona məxsus "VAZ- 21074” markalı, ** CE *** qeydiyyat nişanlı minik avtomobilini xx.xx.2015-ci il tarixədək Cavabdeh1 idarə etmək üçün etibarnamə vermişdir. Sonradan həmin etibarnaməni ləğv etdirmişdir. Hazırda cavabdehlərdən avtomobilin əvəzi olaraq 6662 manat pul tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. 13 Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

14. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

15. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

16. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

17. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

18. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

19. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

20. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi"nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar