Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-19/2021 23.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh X4 iştirakları ilə, İddiaçı "xxxx" X3 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" İKB ASC cavabdehlər Cavabdeh və X5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və X2 müştərək qaydada "xxxx" İKB ASC-nin xeyrinə 21 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 7486,06 ABŞ dolları əsas borc, 1687,5 ABŞ dolları faiz borcu və 3049,33 ABŞ dolları cərimə borcu olmaqla cəmi 12.222,89 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2(060)-3545/2018 saylı qərardadı ilə Cavabdeh hüquqi varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(060)-19/2021 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, Cavabdeh ilə Qarant Sığorta ASC arasında fərdi qəza sığortası müqaviləsi olmuş, həmin müqavilə üzrə «Nikoylbank» İKB faydalanan şəxs qismində göstərilmişdir. Lakin hazırki vaxtadək bank tərəfindən belə bir hüququ olsada sığorta ödənişinin alınması ilə bağlı müraciət edilməmişdir. Eləcə də Cavabdeh hüquqi varisləri müəyyən edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Belə ki, mərhum borclu Cavabdeh adına fərdi qəza sığortası müqaviləsi bağlanmış və müqavilədə faydalanan şəxs kimi iddiaçı Bank göstərilmişdir. Həmin sığorta şəhadətnaməsi üzrə Bank sığorta şirkətinə müraciət edərək ödəniş əldə edə bilər və bununla da kredit borcu ödənilmiş olar. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. 21 yanvar 2014-cü il tarixli Mikro Kredit Üzrə Borc alanın Fərdi Qəza sığorta Şəhadətnaməsinin surətindən görünür ki, sığortaçı "xxxx" ASC ilə siğortalı Cavabdeh arasında fərdi qəza siğortası müqaviləsi bağlanmış, faydalanan şəxs qismində Nikoyl” İKB ASC göstərilmişdir. Müqaviləyə əsasən sığorta olunanın ölümü və ya ümumi əmək qabiliyyətinin daim itirilməsi hallarında ödəniləcək sığorta məbləği 10.199 manat həcmində müəyyən edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh Banka əsas borcu 7486,06 ABŞ dolları, faiz borcu 1687,5 ABŞ dolları, cərimə borcu 3049,33 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasının İcbari siğortalar haqqında Qanunun: 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir 14.1., 14.1.3 Fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə şəxsin ölümü üçüncü şəxsin sağlamlığına dəyən zərər hesab edilir. 19.1. Sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. Araşdırılan mübahisədən göründüyü kimi iddiaçı ilə borclu Cavabdeh arasında kredit müqaviləsi bağlanarkən sonuncu sığorta olunanın ölümü və ya ümumi əmək qabiliyyətinin daim itirilməsi hallarından sığorta (fərdi qəza sığortası) olunmuş, sığorta hadisəsi baş verəcəyi halda faydalanan şəxsə 10199 manat həcmində sığorta ödənişi ödənilməsi nəzərdə tutulmuşdur. Müəyyən edildiyi kimi araşdırılan mübahisə üzrə iddiaçı Bank baş vermiş sığorta hadisəsi ilə bağlı sığorta ödənişinin alınması üçün sığorta şirkətinə müraciət etməmişdir. Halbuki, mübahisələndirilən kredit müqaviləsi üzrə kredit sığortalanmışdır və Bank müvafiq sığorta şəhadətnaməsinə əsasən faydalanan şəxs qismində tanınmışdır. Bu halda məhkəmə hesab edir ki, Bank kredit üzrə borcun ödənilməsi ilə bağlı həmin sığorta ödənişinin əldə edilməsi üçün sığorta şirkətinə müraciət etməli, əgər faydalanan şəxsə qanunla nəzərdə tutulmuş qaydada imtina olunarsa və ya əldə edilmiş sığorta ödənişi mübahisələndirilən borc məbləğini ödəməzsə iddiaçı sığorta məbləğindən artıq hissənin ödənilməsi tələbi ilə çıxış etmək hüququna malik olmaqla müvafiq iddia tələbi ilə aidiyyəti məhkəməyə müraciət edə bilər. Bundan başqa, iş üzrə sənədlərdən görünür ki, Cavabdeh 08.12.2015-ci il tarixdə ölmüşdür. Mülki iş materiallarından görünür ki, iddiaçı məhkəməyə araşdırılan mübahisə ilə bağlı 26 fevral 2018-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi iddia məhkəməyə müraciət edilənədək ölmüş şəxsə qarşı qaldırılmışdır. Bununla iddiaçı tərəfindən qanunveriliyin göstərişləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. 254.1.1-ci maddənin tələbinə görə işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə hakim aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır. MPM-nin 58-ci maddəsinin tələbindən çıxış edərək məhkəmə hesab edir ki, həmin hüquq norması məhkəmənin icraatında olmayan mübahisə edilən hüquq münasibətində tərəflərdən birinin sıradan çıxdığı halda həmin tərəfi hüquq varisi ilə əvəz etməyə digər tərəfə hüquqi imkan verir. MPM-nin 254-cü maddəsinin məzmunundan da bəlli olur ki, işdə tərəf olan şəxsin sıradan çıxması imperativ olaraq göstərilmişdir. Mülki prosessual qanunvericilikdə “iş” anlayışı ərizənin məhkəmənin icraata qəbul edilməsindən sonra yaranır. Yəni ki, məhkəmənin icraata qəbul edilmiş iddia ərizəsi üzrə mülki iş başlanmış olur və bu halda işdə tərəflərdən birinin sıradan çıxaması nəticəsində və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verirsə məhkəmə icraatı dayandırmaq vəzifəsini daşıyır. Araşdırılan işin faktiki hallarından göründüyü kimi borclu iddia ərizəsi məhkəmənin icraatına qəbul edilənədək ölmüşdür. İddiaçı faktiki olaraq hüquq qabiliyəti xətm olmuş şəxsə qarşı iddia qaldırmışdır. Bu baxımdan məhkəmə həmçinin hesab edir ki, işə hazırkı halda məhkəmədə baxıla bilməz. Mülki qanunvericilik də göstərilmişdir ki, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Qanunun tələbindən aydın olduğu kimi şəxsin ölümü ilə mülki hüquq vəzifələri daşımaq qabiliyyəti itirilmiş olur. Bu halda şəxsin mülki hüquq vəzifələrinin hüquqi varisliyi qaydasında ötürülməsini mülki qanunvericilik tanımışdır. Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilən hüquqi mövqeyə görə məhkəmə həmçinin izah edir ki, sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək kreditoru öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün miras qoyanın hüquqi varisini müəyyən etməklə ona qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Həmçinin iş üzrə toplanmış sübutlardan görünür ki, Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak, nəqliyyat vasitəsi yoxdur. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. MPM-in 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" X3 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-19/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-19/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver