Məhkəmə qərarları › İş №2(060)-19/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-19/2023

10.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-19/2023 10.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əzizli Səma Elburus qızının katibliyi, Qarşılıqlı iddiaçı Cavabdeh və onun etibarnamə üzə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh maddi ziyanın ödənilməsinə dair ilkin iddia, Cavabdeh İddiaçı MMC-yə qarşı vurulmuş maddi ziyanın ödənilməsinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan “İNFİNİTİ Q 50” minik markalı Sedan tipli, ** AA *** dövlət qeydiyyat nişanlı, tünd boz rəngli avtomobilə 7541 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh İddiaçı MMC-yə qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin işçisinin etibarnamə əsasında idarə etdiyi VAZ 21074 markalı ** BE *** dövlət nömrə nişanlı avtomobilə vurduğu 1307 manat məbləğində ziyanın İddiaçı MMC-dən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, o - Qanuni nümayəndə "‘Səda Ticarət ” MMC-nin AR ƏMDK yanında DƏDRX-nin xx.xx.2017-ci il tarixli, **********468800 qeydiyyat nömrəli çıxarışı ilə qanuni təmsilçisidir. “İnfiniti Q 50” minik markalı, SEDAN tipli, **-AA-*** dövlət qeydiyyat nişanlı, tünd boz rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. Həmin avtomobili X7 ''Səda Ticrət” MMC-nin 23 nömrəli, xx.xx.2021-ci il tarixli yol vərəqi ilə idarə etmişdir. Həmçinin qeyd edir ki, Qələndərli Rəsulun AE 064142 seriyalı, xx.xx.2020-ci il tarixli sürücülük vəsiqəsi də mövcuddur. xx.xx.2021-ci il tarixdə cavabdehin qanunazidd hərəkətləri nəticəsində avtomaşın əzilmişdir. Belə ki, cavabdeh AB 048217 N-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə X4 mülkiyyətində olan özünə məxsus olan «VAZ 21074» minik markalı, SEDAN tipli, **-BE-*** dövlət qeydiyyat nişanlı avomobili ƏN-Vİİ 626573 N-li, xx.xx.2021-ci il tarixli etibarnamə ilə idarə edir. xx.xx.2021-ci il tarixdə axşam saatları saat 22:00 radələrində Vüqar «İNFİNİTİ Q50» minik markalı avtomobillə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi ilə Sumqayıt şəhəri İ.Qayıbov küçəsinin kəsişməsinin sağında hərəkətdə olarkən cavabdeh idarə etdiyi avtomobillə ona yol verməyib, yolun sol yan hissəsində toqquşmuşlar. Sonradan aydın oldu ki, cavabdehin idarə etdiyi avtomaşına dair müvafiq olaraq icbari sığorta müqaviləsi bağlamamışdır. Həmin yol hadisəsi ilə əlaqədar olaraq Sumqayıt DYPŞ-nin YHN-nin polis kapitanı X8 tərəfindən ******* N-li, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişlər. O, Üzeyir Hacıbəyli küçəsində hərəkət edərkən R.Qasımovun kəsişməsində olarkən baş sütunu görməyərək həmin yolda hərəkət edən ona məxsus “VAZ-21214” markalı, 20-ƏT-999 dövlət qeydiyyat nişanlı, yaşıl rəngli avtomobillə toqquşmuşdur. Dərhal hadisə yerinə RPİ DYPŞ-nin əməkdaşları gəlmişdir. Onun barəsində xx.xx.2021-ci il tarixli, İXP 274931 seriyalı protokol tərtib edilmişdir. Həmin protokol əsasında AR İXM-nin 327.2, 469.3 maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmçinin cavabdeh Polis idarəsində izahatında da qəza törətdiyini etiraf etmişdir. Bundan başqa həmin hadisə zamanı İddiaçı MMC-nin mülkiyyətində olan «İNFİNİTİ Q50» minik markalı, SEDAN tipli, **- AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7541 manat məbləğində maddi ziyan dəymişdir. Bu məbləğ "Nurgun Motors” MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktında daha ətraflı şəkildə öz əksini tapır. Həmçinin qeyd edir ki, vuran avtomobilin sığortası yoxdur. Cavabdeh bir dəfə də olsun ona vurduğu zərərin əvəzini ödəməmiş, maşının vəziyyəti ilə bağlı belə maraqlanmamışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı "dəymiş ziyanın ödənilməsi tələbinə dair" ona qarşı Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmışdır. "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, guya o, idarə etdiyi VAZ 21074 markalı, ** BE *** nömrə nişanlı avtomobillə qanunazidd hərəkət edərək, həmin MMC-yə məxsus olan "İnfiniti Q 50" markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobilə 7541 (yeddi min beş yüz qırx bir) manat məbləğində maddi ziyan vurmuşdur . Bununla bağlı bildirir ki, "xxxx" MMC-nin ona qarşı irəli sürdüyü tələb tamamilə əsassızdır. İdda ərizəsində qeyd olunan yol nəqliyyat hadisəsi onun tərəfindən deyil, "xxxx" MMC-yə məxsus olan "İnfiniti Q 50" markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobili idarə edən şəxsin yol hərəkəti qaydalarını pozması nəticəsində törədilmişdir. Belə ki, etibarnamə əsasında idarə etdiyi VAZ 21074 markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobillə, 03 avqust 2021-ci il, saat 22:35 radələrində Corat qəsəbəsindən çıxaraq İ.Qayıbov küçəsinə daxil olmuşdur. Məqsədi birinci yol ayrıcını keçib ikinci yol ayrıcından sola dönmək idi. Birinci yol ayrıcını keçib, ikinci yol ayrıcına daxil olan zaman sağ tərəfdən çox iti sürətlə xarici markalı avtomobilin yaxınlaşdığını görmüşdür. O, hadisənin qarşısını almaq üçün avtomobili dayandırsa da, həmin avtomobilin sürücüsü hadisənin qarşısını almaq üçün heç bir tədbir görməmişdir. Nəticədə avtomobilinin qabaq sağ tərəfi ilə həmin avtomobilin sol tərəfi toqquşmuşdur. Sonradan bilmişdir ki, həmin avtomobil 'İnfiniti Q50" markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobildir. Hadisə nəticəsində idarə etdiyi avtomobilə maddi zərər yetirilmişdir. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəldilər. Lakin onlar hadisə yerində demək olar ki, heç bir araşdırma aparmadılar. Sənədləriini götürüb, növbəti gün Dövlət Yol Polisi İdarəsinə dəvət etdilər. Sonradan izahatlarını alıb, hadisə yerinin sxemini çəkdilər. Hadisə yerinin yaxınlığında "Təhlükəsiz şəhər" kamerası, eyni zamanda orada yerləşən mağazanın kamerası var idi. DYP əməkdaşları həmin kameralardakı video görüntüləri götürərək, müvafiq araşdırma aparacaqların bildirsələr də, sonradan həmin görüntüləri gizlətdilər və ona heç bir görüntü göstərmədilər. "xxxx" MMC-nin iddia ərizəsində qeyd olunub ki, həmin MMC-yə məxsus olan "İnfiniti Q 50" markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobil hadisə baş verən gün X7 tərəfindən idarə olunub. Onda olan məlumata görə isə həmin avtomobil R.V.Qələndərli tərəfindən deyil, həmin gün avtomobildə olan başqa şəxs tərəfindən idarə olunub. Nəqliyyat hadisəsi baş verən kimi, həmin şəxs sükanı yanında oturan X5 verib. Həmin ərazidəki kameraların görüntülərinə baxış zamanı bunu asanlıqla görmək mümkün idi. DYP əməkdaşı kameradakı görüntüləri dərhal götürməli, həmin görüntülərə əsasən yol hərəkəti qaydalarının hansı avtomobilin sürücüsü tərəfindən pozulduğunu müəyyən etməli, "İnfiniti Q 50" markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobilin kim tərəfindən idarə edildiyini, həmin şəxsin avtomobili idarə etmək hüququnun olub-olmadığını, həmçinin sərxoş vəziyyətdə olub-olmadığını müəyyən etməli idi. Lakin DYP əməkdaşı üzərinə düşən vəzifələrini icra etməmişdir. Video görüntülər isə məqsədli şəkildə gizlədilmişdir. Baş verən hadisə ilə bağlı 04 avqust 2021-ci il tarixdə barəsində inzibati xəta protokolu tərtib edilmiş və inzibati xəta barədə eyni tarixli qərar çıxarılmışdır. Bundan sonra o, Dövlət Yol Polisinin əməkdaşının 04 avqust 2021-ci il tarixli həmin qərarından Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermişdir. Həmin məhkəmənin 20 avqust 2021-ci il tarixli qərarı ilə Dövlət Yol Polisinin əməkdaşının 04 avqust 2021-ci il tarixli həmin qərarı ləğv edilmişdir. Buna görə də ona qarşı irəli sürülən iddia tələbi əsaslı deyildir və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən - Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq iiçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qeyd olunan yol nəqliyyat hadisəsi zamanı “Səda Ticarət" MMC-yə məxsus olan "İnfiniti Q 50" markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobili idarə edən şəxsin yol hərəkəti qaydalarını pozması nəticəsində onun etibarnamə əsasında idarə etdiyi VAZ 21074 m arkalı, ** BE *** dövlət nömrə nişanlı avtomobilə cəmi 1307 (bir min üç yüz yeddi) manat məbləğdə ziyan vurulmuşdur. Buna dair müvafiq zərər aktı vardır. Qeyd edilənlərə əsasən qarşılıqlı iddiaçı iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh etibarnamə üzə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələblərinə dair izahat verərək bildirdi ki, ilkin iddia tələbini qəbul etmir, qarşılıqlı iddia tələbini müdafiə edir. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində qarşılıqlı iddiaçı Cavabdeh təqsiri yoxdur və onun barəsində olan inzibati icraata xitam verilmişdir. Belə olan halda, deməli həmin yol nəqliyyat hadisəsinin törədilməsində təqsirkar qarşı tərəfdir. Qeyd edilənlərə əsasən nümayəndə ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh iddia tələblərinə dair izahat verərək bildirdi ki, əslində onun qarşı tərəfdən hər hansı tələbi yoxdur. Vəkilinin dedikləri ilə isə razıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə ilkin iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən məhkəmə işə ilkin iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında iş üzrə protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan AB 048217 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, XTA**********0424 ban nömrəli, 2007-ci il buraxılışlı VAZ 21074 markalı, ** BE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi X9r. İşdə olan ƏN Vİİ 626573 nömrəli etibarnamədən görünür ki, X1 İlqar Xeyrulla oğluna VAZ 21074 markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobilə dair xx.xx.2022-ci il tarixədək etibarnamə vermişdir. İşdə olan AE 064142 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, JN1EV7AP2JM710137 ban nömrəli, 2018-ci il buraxılışlı "İnfiniti Q 50" markalı, ** AA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi X6r. İşdə olan xx.xx.2021-ci il tarixli, 23 nömrəli minik avtomobilinin yol vərəqindən görünür ki, İddiaçı MMC tərəfindən X5 “İnfiniti Q 50" markalı, ** AA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi barədə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yol vərəqi verilmişdir. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 5504 nömrəli, 03 avqust 2021-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə tibbi müayinəsi zamanı alkoqol sərxoşluq vəziyyətinin və narkotik vasitə qəbul edilməsi faktının olmaması aşkar edilmişdir. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 5504 nömrəli, 03 avqust 2021-ci il tarixli aktın surətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə tibbi müayinəsi zamanı alkoqol sərxoşluq vəziyyətinin və narkotik vasitə qəbul edilməsi faktının olmaması aşkar edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli Qüsur aktından görünür ki, “İnfiniti Q 50" markalı, ** AA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin həcmi ümumilikdə 7541 manat məbləğində müəyyən edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli Ziyan aktından görünür ki, VAZ 21074 markalı, ** BE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin həcmi ümumilikdə 1307 manat məbləğində müəyyən edilmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1009/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla Cavabdeh şikayəti qismən təmin edilmiş, Heydərov iiqar Xeyrulla oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 manat məbləğində cərimə olunması barədə Sumqayıt Şəhər DYPŞ- Yol Patrul Xidməti İnspektoru polis kapitanı X3 TP ******* saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və qərarın inzibati xəta haqqında işə yenidən, barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs Cavabdeh iştirakı ilə, Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-yə göndərilməsi qərara alınmışdır. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-321/2022saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1009/2022 saylı, 17 may 2022-ci il tarixli qərarının ləğv edilməsi, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 manat məbləğində cərimə olunması barədə Sumqayıt Şəhər DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi, Cavabdeh barəsində Azərbycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.3-cü maddələri ilə bağlanmış inzibati xəta haqqında icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. Məhkəmə qarşılıqlı iddiaçını və nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, şəxs törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi zərər vurmanı öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir. Həmçinin, mülki qanunvericilik daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur və həmin maddi hüquq normalarının dispozisiyasından da aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətin yaranması üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla), hüquqa zidd əməli və əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Hazırkı işin hallarının Mülki Məcəllənin delikt üzrə məsuliyyətin əmələ gəlmə əsasları baxımından qiymətləndirilməsi isə, ilkin iddia üzrə cavabdehin iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşıması nəticəsinə gəlməyə əsas vermir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 469.3-cü maddələri ilə xx.xx.2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında iş üzrə protokol tərtib edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)- 321/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh barəsində Azərbycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Beləliklə Cavabdeh xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olması öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin İddiaçı MMC-nin Cavabdeh maddi ziyanın ödənilməsinə dair ilkin iddia tələbi təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixli yol nəqliyyat hadisəsinin baş verməsində İddiaçı MMC-nin işçisi X2 təqsirli olmasına istinad edərək, İddiaçı MMC-dən onun xeyrinə 1307 manat məbləğində ziyanın tutulması barədə qarşılıqlı iddia tələbi irəli sürmüşdür. Lakin qarşılıqlı iddiaçı məhkəməyə İddiaçı MMC-yə məxsus “İnfiniti Q 50” minik markalı, SEDAN tipli, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 yol nəqliyyat hadisəsində təqsirli olması və məhz sonuncunun təqsiri ucbatından ona 1307 manat maddi ziyan dəydiyini təsdiq edən hər hansı sübut (X7 barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi, ona yol nəqliyyat hadisəsi ilə əlaqədar inzibati tənbeh tətbiq edilməsi və s.) təqdim etməmişdir. Halbuki məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə qarşılıqlı iddiaçının vəkilinin Cavabdeh barəsində olan inzibati icraata xitam verilmişdirsə həmin yol nəqliyyat hadisəsinin törədilməsində təqsirkarın qarşı tərəf olması barədə dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh əməlində inzibati xəta tərkibinin olmaması və bu əsasla inzibati icraata xitam verilməsi hər bir halda baş vermiş hadisədə qarşı tərəfin təqsirli olması qənaətinə gəlməyə əsas verə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı vurulmuş maddi ziyanın ödənilməsinə dair qarşılıqlı iddia tələbi də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilmədiyindən ödənilən dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı vurulmuş maddi ziyanın ödənilməsinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar