Məhkəmə qərarları › İş №2(060)-1923/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1923/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1923/2021 26.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh vərəsəsi Məmmədov Həbib Aydın oğlunun iştirakı ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh vərəsəsi Məmmədov Həbib Aydın oğluna qarşı “ölmüş şəxsin kredit borcunun miras qəbul etmiş vərəsələrdən tutulması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh vərəsəsi Məmmədov Həbib Aydın oğluna qarşı “ölmüş şəxsin kredit borcunun miras qəbul etmiş vərəsələrdən tutulması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh vərəsəsi Məmmədov Həbib Aydın oğlundan iddiaçı «xxxx» ASC-nin xeyrinə 1396.34 manat əsas borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Cavabdeh Sumqayıt filialı ilə bağladığı BPM**********25 saylı, 24.09.2018-ci il tarixli kredit müqaviləsinə əsasən müvafiq olaraq, 1500 manat məbləğdə pul vəsaiti götürmüşdür. Lakin, əldə olunmuş məlumata görə borclu Cavabdeh 13.01.2019-cu il tarixində vəfat etmişdir. Sumqayıt şəhər 1 saylı Notariat ofisi tərəfindən verilən məlumata əsasən Cavabdeh miras əmlakına dair vərəsəlik işinə uyğun olaraq Məmmədov Həbib Aydın oğluna vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 15.12.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh Banka ödənilməmiş qalan 1396.34 manat əsas borcu qalmışdır. Cavabdeh Məmmədov Həbib Aydın oğlu qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın “xxxx” ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Göstərilənlərə əsasən o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Məmmədov Həbib Aydın oğlu məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, o, bankdan kredit götürməmişdir. Hesab edir ki, o, vərəsə olsa da, onun bank qarşısında heç bir öhdəliyi yoxdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, Cavabdeh «xxxx» ASC-nin Sumqayıt filialı ilə bağladığı BPM**********25 saylı, 24.09.2018-ci il tarixli kredit müqaviləsinə əsasən müvafiq olaraq, 1500 manat məbləğdə pul vəsaiti götürmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 13.01.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 27.09.2020-ci il tarixli, 84 nömrəli məktubdan görünür ki, Cavabdeh vərəsəsi Məmmədov Həbib Aydın oğluna 15.07.2019-cu il tarixdə “Unibank” Kommersiya Bankının 22.05.2019-cu il tarixli, HD/493 saylı arayışa əsasən “Azərbaycan Respublikasında Fiziki Şəxslərin Problemli Kreditlərinin X4 X2” Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən 369.74 manat komensasiya məbləğində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan 15.12.2020-ci il tarixli, 20/1096 saylı arayışdan görünür ki, Cavabdeh banka 1396.34 manat əsas borcu vardır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, Cavabdeh vərəsəsi Məmmədov Həbib Aydın oğlu kredit borcunu ödəməsi üçün bank tərəfindən lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vərəsəsi Məmmədov Həbib Aydın oğlundan 1396.34 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqı iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vərəsəsi Məmmədov Həbib Aydın oğlundan 1396.34 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqı iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar