Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1924/2022 29.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikahdan olan 17 sentyabr 2005-ci il təvəllüdlü X3 və 02 avqust 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün hər ay 200 manat olmaqla cəmi 400 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə nikaha daxil olaraq ailə qurmuş, nikahları 25.12.2008-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Nikahlarından 17 sentyabr 2005-ci il təvəllüdlü X6 və 02 avqust 2008-ci il təvəllüdlü X4 adlı iki övladları olmuşdur. Sumqayıt şəhər məhkəməsinin 2(060)- 1386/2009 saylı 08.05.2009-ci il tarixli qətnaməsi ilə X3 və X2 yetkinlik yaşına çatanadək Cavabdeh hər ay sabit pul məbləğində 100 manat alınaraq iddiaçıya verilməsi müəyyən edilmişdir. Həmin vaxt iddiaçı 200 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmiş olsa da məhkəmə iddianı sadəcə 100 manat hissəsində təmin etmişdir. Hazırkı şəraitdə iddiaçının uşaqlarla bağlı bütün xərclərin öhdəsindən təkbaşına gəlməyi mümkün deyildir. İddiaçının işi və gəliri yoxdur, indiki halda iddiaçının 100 manat məbləğində alimentlə bütün bu bu xərclərin öhdəsindən gəlmək imkanı olmadığına görə birgə nikahdan doğulmuş uşaqlarının saxlanması üçün cavabdehdən tutulan aliment miqdarının artırılmasını zəruri hesab edir. Məhkəmələr isə sabit pul məbləğində alimenti müəyyən edərkən minimumu yox, uşağın əvvəlki yaşayış səviyyəsinin maksimal saxlanması prinsipini rəhbər tutmalıdırlar. Cavabdehlə mediasiya sesiyasının keçirilməsi üçün mediasiya şurasına müraciət edilmişdir. Mediasiya Şurası onlara mediator təyin etmişdir. 27.12.2021 -ci il tarixində X5 müdiasiya sessiasını keçirmişdir və nəticə ilkin mediasiya sesiasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı təqdim etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanları təsdiq etdi. Əlavə olaraq bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1386/2009 nömrəli, 08.05.2009-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği ilə hazırda uşağın təhsil və digər xərclərini qarşılamaq mümkün deyil. Qətnamə 2009-cu ildə çıxarılmışdır, artıq üstündən xeyli müddət keçmişdir. Uşağın mənafeyinin və digər halların nəzərə alınaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədi. Bildirdi ki, iki uşaq üçün minimum 150 manat ödəyə bilər. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2-(060)-1386/2009 saylı 08.05.2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, 17.09.2005-ci il təvəllüdlü X3 və 02.08.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh 100 manat sabit pul məbləğinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahından 17.09.2005-ci il təvəllüdlü X6 və 02.08.2008-ci il təvəllüdlü X4 adlı övladları vardır. - 27.12.2021-ci il tarixli, №- MŞİH-11726 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin məcburi mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İddiaçı və Cavabdeh ilkin məcburi mediasiya sessiyasında iştirak etdilər. İddiaçı ilkin məcburi mediasiya üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehlə 08.07.2005-ci il tarixdə nikaha daxil olmaqla ailə qurmuş, nikahlarından 17.09.2005-ci il təvəllüdlü X6 və 02.08.2008-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2556/2008 saylı 25 dekabr 2008-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 08.07.2005-ci il tarixdə Sumqayıt şəhər Nikah evində bağlanmış nikah pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1386/2009 saylı, 08.05.2009-cu il tarixli qətnaməsi ilə 17.09.2005-ci il təvəllüdlü X3 və 02.08.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh 100 manat sabit pul məbləğinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir, cavabdeh iddia tələbini qəbul etmir. Aylıq əmək haqqı məbləğinin az olması üçün iddia tələbində qeyd olunan aliment məbləğini ödəyə bilməyəcəyini bildirir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1386/2009 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda X3 və X1 üçün kifayət etmir. Belə ki, uşaqların böyüməsi ilə əlaqədar onlaırn maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladlarının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunun müəyyən edən qanunvercilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə da qiymət verilməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, 17.09.2005-ci il təvəllüdlü X3 və 02.08.2008-ci il təvəllüdlü X2 yetkinlik çatana kimi saxlanması üçün cavabdehdən hər uşaq üçün 120 manat olmaqla ümumilikdə 240 manat sabit pul məbləğində aliment tutulmasını məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1386/2009 nömrəli, 08 may 2009-cu il tarixli qətnaməsinin dəyişdirilərək Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 17.09.2005-ci il təvəllüdlü X3 və 02.08.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər birinə 120 manat olamaqla cəmi 240 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilməlidir. Belə ki, iş materiallarında olan qətnamədən də göründüyü kimi, cavabdeh aylıq 100 manat məbləğində aliment ödəyir. Hazırki halda həmin məbləğ 240 manata artırıldığından bir il ərzində ödəmənin məcmusu artırılan aliment miqdarının bir illik ödəmə məcmusu ilə müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 1000 manatdan artıq olduğu üçün (hazırki halda 140x12=1680) qanunvericiliyin tələbinə əsasən 36,8 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1386/2009 nömrəli, 08.05.2009-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaqa görə 120 manat olmaqla, ümumilikdə hər ay 240 manat sabit pul məbləğində aliment tutulub 17.09.2005-ci il təvəllüdlü X3 və 02.08.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddianın verilməsinə görə 36,8 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-1924/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1924/2022
29.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver