Məhkəmə qərarları › İş №2(060)-1929/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1929/2021

30.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1929/2021 30.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 04.07.2008-ci il təvəllüdlü X2 və 19.03.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün müəyyən edilmiş alimentin məbləğini dəyişərək, cavabdehdən hər ay uşaqların hər biri üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 31.07.2005-ci il tarixdə ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından iki övladları olmuşdur: 04.07.2008-ci il təvəllüdlü X5 və 19.03.2010-cu il təvəllüdlü X6. 12.10.2012-ci il tarixdə tərəflər arasında nikah pozulmuşdur. Nikah pozularkən uşaqların saxlanmaları üçün təyin olunmuş 76 manat məbləğində aliment uşaqların saxlanması üçün kifayət deyildir. 17.02.2021-ci il tarixdə cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh üçüncü dərəcədə hipertoniya xəstəliyi və üzrək çatışmazlığı diaqnozu ilə ikinci dərəcəli əlildir. Həmçinin epilepsiya xəstəsidir və qıcolmaları olur. Bu səbəbdən həkim göstərişinə əsasən ağır fiziki işlərdə işləyə bilməz. Yeganə gəlir mənbəyi əlilliyə görə aldığı pensiyadır. İkinci qrup əlilliyə görə 267,44 manat məbləğində pensiya alır. Hazırda işsizdir. Ağlıq gəliri 267 manat olduğu halda hər ay hər uşaq üçün 200 manat olmaqla, 400 manat məbləğində aliment ödəməsi faktiki olaraq mümkün deyildir. İddiaçı məhkləmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçının tələb etdiyi miqdarda alimenti ödəməyə maddi imkanı çatmır. O, 100 manatadək miqdarda aliment ödəyə bilər. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1975-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh 23.02.1964-cü ildə, Ağdam rayonunda anadan olmuş, hazırda Ağdam rayonu, Ü.Hacıbəyov küçəsi, ev 41-də qeydiyyatdadır. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər 22.08.2005-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-177/2012 saylı, 30.01.2012-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş və uçşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 76 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.06.2012-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanmışdır. Nikahın pozulması haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflər arasında nikahın pozulması 12 oktyabr 2012-ci il tarixdə 501 saylı akt ilə qeydə alınmışdır. Şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən X5 04.07.2008-ci ildə, X6 19.03.2010-cu il tarixdə anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası isə X1r. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının məlumatından görünür ki, cavabdeh ikinci dərəcəli əlildir və ağır fiziki işlərdə işləyə bilməz. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “DOST” Agentliyinin 1 saylı Bakı “DOST” mərkəzinin 17.02.2021-ci il tarixli, **********0 saylı arayışından cavabdehin elektron informasiya sisteminin “X4” alt sistemində əmək müqaviləsi aşkar olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “DOST” Agentliyinin 1 saylı Bakı “DOST” mərkəzinin 17.02.2021-ci il tarixli, **********7 saylı arayışından cavabdehin elektron informasiya sisteminin “Pensiya” alt sistemində ikinci qrup əlilliyə görə 267,44 manat pensiya aldığı müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. İddiaçı övladları üçün hər ay hər birinə 200 manat aliment tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Cavabdehin təqdim etdiyi sübutlardan isə onun işləmədiyi, ikinci qrup əlil olduğu, əlilliyə görə pensiya aldığı və ağır fiziki işlərdə işləməyin həkim rəyinə əsasən qadağan olunduğu müəyyən olunur. Bu səbəbdən məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi nəzərə alınmaqla uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçı aliment tələbi ilə bağlı dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia qismən təmin edildiyindən cavabdehdən 15 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-177/2012 saylı, 30.01.2012-ci il tarixli qətnaməsi 04.07.2008-ci il təvəllüdlü X2 və 19.03.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar