Məhkəmə qərarları › İş №2(060)-1931/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1931/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1931/2022 07.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə 3000 (üç min) ABŞ dollarının, aparılmış tikinti işlərinin dəyərinə görə 3000 (üç min) manatın və ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.1990-cı ildə Bağçılıq Cəmiyyətinə üzv qəbul edilərək ona Bağçılıq Cəmiyyəti üzvlərinin 1991-ci il tarixli 02 nömrəli Protokoluna əsasən “Şirvan” Nasosnu Bağçılıq Cəmiyyəti bağlarında sahəsi 600 kv.m olan 105/210 №-li bağ sahəsi verilmişdir. Bunu Bağçılıq Cəmiyyəti üzvlərinin xx.xx.1991-ci il tarixli qərarı təsdiq edir. İddiaçı ilə Cavabdeh arasında olan şifahi razılaşmaya görə 2004-cü ildən başlayaraq həmin bağ torpaq sahəsindən iddiaçı istifadə etmiş, orada ağaclar əkərək onlara qulluq göstərmişdir. Bağ sahəsinə su xətti çəkmiş, oranı abadlaşdırmış və tələb olunan vergiləri ödəmişdir (Sumqayıt şəhər Bələdiyyəsinə). Həmçinin 2009-cu ildə torpaq sahəsində 30 metr uzunluğunda daş hasar çəkmişdir. Torpaq sahəsinin girişinə dəmir darvaza qoymuşdur. Həmçinin torpaq sahəsində 3 otaqlı fərdi yaşayış evinin təməlini qoymuş və 1,2 metr hündürlüyündə daş divar tikmişdir. 04 avqust 2016-cı ildə istifadə etdiyi torpaq sahəsinə görə cavabdehə 3000 ABŞ dolları ödəniş etmiş, o da öz növbəsində iddiaçıya torpaq sahəsini özəlləşdirməyə, sərəncam verməyə, satmağa, sənədləşməyə və s. hərəkətlərə görə 50 il müddətinə, yəni xx.xx.2016cı ilə qədər etibarnamə vermişdir. Etibarnamə Sumqayıt “Asan xidmət” Mərkəzinin notariat orqanı tərəfindən təsdiqlənmişdir. Bildirir ki, 105/210 saylı Bağ sahəsinə görə cavabdehə 3000 ABŞ dolları ödəniş etmişdir. Həmçinin 105/210 saylı Bağ sahəsində tikintiabadlaşma işlərinə görə 3000 manat pul xərcləmişdir. İddiaçı 105/210 saylı bağ torpaq sahəsini sənədləşdirmək üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Səhhəti ilə əlaqədar olaraq 4-5 ay bağ torpaq sahəsinə gedə bilməmişdir. Bağda olmadığı müddətdə istifadə etdiyi bağ torpaq sahəsində daş hasar dağıdılmış, orada olan tikinti materialları oğurlanmış, ağaclar məhv edilmişdir. 2 saylı Sumqayıt Ərazi İdarəsi etdiyi müraciətə xx.xx.2016-cı ildə cavabdeh vermiş və məktubunda göstərmişdir ki, 105/210 saylı bağ torpaq sahəsi hal-hazırda X1 məxsusdur (RX Seriyalı, N-0809400 saylı Çıxarışa əsasən). Sumqayıt Şəhər Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(060)-3894/2018 saylı qətnaməsi ilə bir daha təsdiq edilmişdir ki, Sumqayıt şəhəri, “Şirvan” Nasosnu Bağçılıq Cəmiyyəti 105/210 saylı bağ sahəsinin mülkiyyətçisi X1 məxsusdur. Həmçinin 2 saylı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2016- cı il tarixli bildirişdə göstərilmişdir ki, 105/210 saylı bağ torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində “Şirvan Yaşma KBY106” nömrəsi ilə başqa fiziki şəxsin adma qeydiyyata alınmışdır. İddiaçı buna görə mülkiyyətçisi olmadığı bağ torpaq sahəsini iddiaçıya 3000 ABŞ dollarına satdığına və həmin bağ torpaq sahəsində cavabdehin razılığı ilə 3000 manat dəyərində tikinti işləri gördüyünə görə sərf edilən həmin vəsaiti cavabdehdən tələb edir. Lakin cavabdeh əsassız bəhanələr gətirərək torpağı iddiamıya satdığını bildirir. Halbuki torpaq sahəsinin cavabdehə heç bir aidiyyatı yoxdur və həmin bağ başqa şəxsə məxsusdur. Hesab edir ki, Cavabdeh 3000 (üç min) ABŞ dollarının və cavabdehin razılığı ilə 105/210 saylı bağ torpaq sahəsində tikintiyə görə sərf etdiyi 3000 (üç min) manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd olunanları təsdiq etdi. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi. O vaxt, o, Sumqayıt Təmir-Tikinti İdarəsində sahə rəisi işləyəndə ona kitabça ilə bağ sahəsi ayırmışlar. 2007- 2008-ci illərdə həmin bağ sahəsindən istifadə etmədiyini və satmaq istədiyini Kazım adlı keçmiş işçisinə demişdir. Bundan sonra Kazım Yanvar və Cahagir adlı şəxslə gələrək onların bağ sahəsini almaq istədikləri demiş və o, razılaşaraq 2200 ABŞ dolları müqabilində bağ sahəsinin sənədlərini Yanvara vermiş bununla yanağş notariusda bağa dair etbirnamədə vermişdir. Bundan xeyli müddət sonra ona məılum olmuşdur ki, bir nəfər Səidə adlı şəxs gələrək bildirmişdir ki, həmin sahə ona məxsusdur və bu barədə çıxarışı vardır. O, Yanvarla birlikdə Səidəyə qarşı iddia qaldırmışlar, lakin iddialara təmin olunmamışdır. O, Yanvara özünə məxsus torpaqı verib onun müqabilində pul alımışdır və torpaqın başqa şəxsə məxsus olmasının ona heç bir aiddiyəti yoxdur, bağçılıq təsərrüfatının sədri onun torpaqının yerini göstərmişdir, oda həmin sahəni Yanvara təqdim etmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, iddiaçını da cavabdehi də tanıyır. İddiaçı onun əvvəlki qonşusu olmuşdur. Cavabdehlə eyni iş yerində uzun müddət çalışmışdır. Cavabdeh bir gün ona maddi vəziyyətinin yaxşı olmaması ilə əlaqədar ona məxsus bağ sahəsini satmaq istədiyini bildirmişdir. O da qonşusu Yanvarın bağ almaq istəməsi ilə əlaqədar Mustafa ilə Yanvarı tanış etmişdir. 2008-ci ildə cavabdehə məxsus olan bağ sahəsi notarisda etibarnamə ilə iddiaçı Yanvara verilmişdir. Həmin bağ sahəsi üçün Yanvar Mustafaya 1200 ABŞ dolları vermişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsindən İddiaçı ünvanlanmış 20 sentyabr 2016-cı il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, faktiki istifadəsində olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində “Şirvan Yaşma KBY 106” nömrəsi ilə başqa fiziki şəxsin adına qeydiyyata alındığı müəyyən edilmişdir. - Bağçılıq kitabçasından görünür ki, “Şirvan” Nasosnu bağçılıq cəmiyyəti bağından sahəsi 600 kv.m olan 105/210 №-li bağ sahəsi, xx.xx.1990-cı il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün Cavabdeh verilmişdir. - xx.xx.2016-cı il tarixli etibarnamədən görünür ki, Qasımov X2 Yanvar İsa oğluna xx.xx.1990-cı ildə verilmiş Bağçının üzvlük kitabçasına əsasən Cavabdeh məxsus olan Şirvan Nasosnu ərazisində yerləşən 105 nömrəli 600 kv.m torpaq sahəsini özəlləşdirməyi, sərəncam verməyi, satmağı, sənədləşdirməyi, bununla əlaqədar lazımi sənədlər almağı, tikinti işləri aparmağı, bank əməliyyatları aparmağı, notariat kontorunda müqaviləni rəsmiləşdirməyi, adından ərizə yazmağı, AR ƏMDK yanında DƏDRX-nin Müvafiq İdarəsindən müqaviləni qeydiyyatdan keçirib reyestrdən çıxarış və digər sənədləri almağı, adından müvafiq ərizələri yazmağı, imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətlət etməyi etibar etmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3894/2018 saylı, 22 may 2018-ci il tarixli qətnamədən gorünür ki, iddiaçılar İddiaçı və Cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə, Sumqayıt şəhər “şirvan” Bağçılıq Cəmiyyətinə və X1 qarşı “Sumqayıt şəhəri Yaşma bağ massivində yerləşən 105/210 və 106/211 nömrəli torpaq sahələrinin ərazi sərhədlərini müəyyən edərək X1 məxsus “Şirvan Yaşma KBY 106” nömrəli torpaq sahəsinə verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-22/2021 sayı, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3894/2021 saylı, 22 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Fotoşəkillərdən görünür ki, torpaq sahəsi üzərində yarımçıq tikili və hasar mövcuddur. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, Cavabdeh xx.xx.1990-cı ildə Bağçılıq Cəmiyyətinə üzv qəbul edilərək ona Bağçılıq Cəmiyyəti üzvlərinin 1991-ci il tarixli 02 nömrəli Protokoluna əsasən “Şirvan” Nasosnu Bağçılıq Cəmiyyəti bağlarında sahəsi 600 kv.m olan 105/210 №-li bağ sahəsi verilmişdir. Cavabdeh həmin bağ sahəsini pul müqabilində iddiaçıya vermişdir. İddiaçı həmin pul məbləğinin 3000 ABŞ dolları, cavabdeh etirazlarında məbləğin 2200 ABŞ dolları olduğunu, şahid isə 1200 ABŞ dolları olduğunu qeyd edir. Məhkəmə hesab edir ki, həmin məbləğ 3000 ABŞ dolları təşkil edir, belə ki, hazırki iş üzrə iddiaçı və cavabdeh 2(060)-3894/2018 saylı mülki iş üzrə birgə iddiaçı olaraq X1 qarşı iddia qaldırarkən, İddiaçı iddia tələbində mübahisəli torpağa dair Cavabdeh 3000 ABŞ dolları verdiyini qeyd etmiş, həmçinin mülki işin gedişatındada qeyd edilən məzmunda izahat vermişdir. Həmin mülki işin gedişatında Cavabdeh İddiaçı izahatına uyğun izahat vermişdir. Ona görədə məhkəmə hesab edir ki, verilmiş pulun məbləği 3000 ABŞ dolları təşkil etmişdir. Cavabdeh özünə məxsus 105 saylı torpaq sahəsinin əvəzinə iddiaçıya 106 saylı sahəni təqdim etmiş və iddiaçıda məhz həmin sahəni bəyənmişdir. Hazırda cavabdeh iddiaçıya 105 saylı sahəni digər yerləşmədə təqdim etmək istədiyini qeyd etsədə, iddiaçı həmin sahənin tamam kənarda olduğunu və bəyənmədiyini qeyd edir. Göründüyü kimi cavabdeh iddiaçıya özünə məxsus olmayan sahəni verməklə bunun müqabilində iddiaçıdan 3000 ABŞ dolları pul almış, iddiaçı həmin sahənin artıq özününki bilərək oraya qapı qoyaraq qismən hasarlamışdır. Sonradan həmin sahənin başqa şəxsə məxsus olduğunu bildkdə iddiaçı həmin sahəyə getməmiş və nəticədə iddiaçıya məlum olmayan şəxslər tərəfindən hasar qismən uçurulmuş, qapı isə götürülmüşdür. Hasarın uçurulması və qapının məhz cavahbeh tərəfindən görütülərək iddiaçıya ziyan vurulması araşdırma zamanı müəyyən edilmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma -Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən- Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia həcminin 1 %-i həcmində olmalıdır.(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 3000 ABŞ dollar (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə 5100 manat) olduğundan iddiaçı tərəfindən ödənilmiş 101 manat dövlət rüsumunun 71 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 30 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında heç bir müqavilə və hüququ əsas olmadan, özünə məxsus olmayan “Şirvan” Nasosnu Bağçılıq Cəmiyyəti bağlarında 106 saylı bağ sahəsini, özünə məxsus olan 105 saylı bağ sahəsi kimi təqdim edərək iddiaçıdan 3000 ABŞ dolları pul alaraq əsassız olaraq varlanmışdır. İddia tələbinin aparılmış tikinti işlərinin əvəzi 3000 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsinə məhkəmə qiymət verərək qeyd edir ki, iddiaçı həmin hissədə tələbini əsalandıra bilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə 3000 (üç min) ABŞ dolları və ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməldir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə 3000 (üç min) ABŞ dolları və ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Ödənilmiş Dövlət rüsumunun 30 manatı iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar