Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1932/2022 05.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı2 və Cavabdeh iştirakları ilə İddiaçı1 Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nağd şəkildə vermiş olduğu 3000(üç min) manat pul və ödənilmiş 50(əlli manat) dövlət rüsumu olmaqla ümumilikdə 3050 (üç min əlli) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində tələb etdiyi məbləğ həyat yoldaşı İddiaçı2 tərəfindən cavabdehə verildiyi üçün sonuncunu işə cəlb cəlb edilməsinə, yəni əsl iddiaçı olaraq onunla əvəz olunmasını xahiş etmiş və İddiaçı1 əsl iddiaçı ilə yəni İddiaçı2 ilə əvəzlənmişdir. Məhkəmədə İddiaçı2 iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdeh, keçmiş kürəkəni Cavabdeh ilə qızı X2 2019-ci ilin dekbar ayında el adəti ilə toy edərək ailə həyatı qurmuşdur. 1 ay davam edən bu evlilik ərzində cavabdeh tərəf qızını ac-yalavac saxlamaqla onu küçə söyüşləri ilə təhqir etmişlər. Milli dəyərlərinə və adət ənənələrinə uyğun olaraq qızı bütün bu əzablara dözməyi, ata evinə qayıtmaqdan üstün tutmuşdur. Bundan məharətlə istifadə edən cavbdehin atası və anası demək olar ki, hər gün qızının şərəf və ləyaqətini alçaldaraq, fiziki və mənəvi işgəncələrə verməklə yanaşı qızını günlərlə ac-yalavac saxlamışdır. Cavabdeh tərəf bu müddət ərzində evlərinin təmir- bərpasından ötrü ondan 3000 manat pul istəmişdir. Cavabdeh tərəf eyni zamanda onu da bildirmişdir ki, 3000 manat pulu onlara verəcəkləri təqdirdə qızı ilə cavabdehin yaşadığı mənzildə təmirbərpa işləri aparılacaq və bununla da qızına olan işgəncələrə və təziqlərə son qoyulacaqdır. O,, həyat yoldaşı ilə birgə “təki övladımın gələcək məişət problemləri həll olunsun” deyə cavabdeh tərəfə 2019-cu ilin dekabr ayında 3 dəfəyə 3000 (üç min) manat vermişdir. 3000 (üç min) manat pulu verəndə yanlarında kifayət qədər şahidlər də olmuşdur. Bütün bunlara baxmayaraq Məmmədovlar ailəsi qızı ilə evlərində sanki əsir və ya Afrika qulları kimi rəftar etmişlər. 1 aydan sonra cavadehin atası hal hazırda Sumqayıt şəhərində yaşayan X5 onun mobil nömrəsinə zəng vuraraq qızı ilə oğlunun münasibətlərinin pozulduğunu və bu evliliyin baş tutmayacağını bəhanə edərək ondan qızlarının geri aparmaqlarını istəmişdir. O, hansı səbəbdən bu cür addım atdıqlarını soruşduqda: cavadehin atası X5 bir daha heç bir əsası olmayan bəhanlər gətirməyə başlamışdır. Ən sonda qızı məcbur qalaraq bacısının (qızının bibisi) evinə geri qayıtmışdır. Sonradan məlum oldu ki, onlar 3-cü ailədirlər ki, sözügedən Məmmədovlar ailəsi tərəfindən başlarına bu cür müsübətlər gətirilib. Bundan əvvəl də bu ailə bu cür iyrənc və çirkin yollara əl ataraq pul qopartmaq məqsədi ilə bir neçə Azərbaycan qadınının bu cür əzab və istirablar yaşadıb. Qabaqcadan bu neqativ planlarının olmasından xəbər verən fakt, budur ki, bilərəkdən qızını rəsmi nikaha daxil etmədilər. Bütün bu olanlarla bağlı həyat yoldaşı cavabdehin atası X3, onlardan bir sıra aidiyyəti qurumlara şikayət edəcəyini bildirdikdə: “Hara istəyirsən şikayət elə, onlar heç kimdən qorxmurlar və çəkinmirlər. Ailələləri bu cür dəyərlərlə idarə olunur”-deyə həyat yoldaşına bildirdi. Halhazırda dəfələrlə cavabdehdən ona vermiş olduqları 3000 (üç min) manat pulu geri qaytarmaqlarını istədikdə cavadeh tərəf bu pulu geri qaytarmaqdan imtina edir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh nağd şəkildə vermiş olduğu 3000 (üç min) manat pul və ödənilmiş 50 (əlli manat) dövlət rüsumu olmaqla ümumilikdə 3050 (üç min əlli) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, 2019-cu ilin dekabr ayında həmkəndlisi X2 ilə ailə qurmuş və Nəzrin onun valideynlərinin yaşadığı ünvana gəlin gəldikdən sonra Nəzrinin sifətində irinli səpkilərin olmasını görmüşlər, buna təəcüblənmişlər. Çünki toy günü və toydan əvvəl Nəzrin üzünə o qədər kosmetika çəkmiş ki, bunu müşahidə etməmişlə. X10 atasına zəng edib Nəzrinin sifətində olan çirkli səpkilər barədə bildirəndə Nəzrinin atası bunun boş şey olmasını və müalicə etdirəcəyini bildirmişdir. İki gün keçmiş Nəzrini Sumqayıt şəhəri Qurddərəsi bağlarında yerləşən öz bağ evinə aparanda özüdə Nəzrinin sifətində həmin çirkli səpkiləri görüb öz qaynatası Bəxtiyara zəng etmiş vo Nəzrin barədə öz iradlarını bildirmişdir. Bəxtiyar ona söz vermiş ki,qızını müalicə etdirəcək və keçib gedəcəkdir. Nəticədə 2020-ci ilin yanvar ayında Nəzrini bır neçə dəfə atası Bəxtiyarın yanına Bakı şəhərinə aparmış ki, Bəxtiyar Nəzrini həkimə təqdim etsin. Həmin ərəfədə Nəzrin Bakıdan onun yanına qayıtmış və atasının Lənkəran rayonuna aparıb orada müalicə etdirəcəyini bildirərək evdən getmiş, bir neçə ay keçəndən sonra iyul ayında Bəxtiyar atasına zəng edərək Nəzrini tam müalicə etdirdiyini vo atası gilə evə yola saldığını demişdir. Nəhayət 2020-ci il ilin iyul ayında Nəzrin onun valideynlərinin yaşadığı ünvana gələndə sonuncunun üzündə olan səpkilərin getmədiyini görmüşlər. Bir həftə Nəzrin vaideynlərinin evində qalandan sonra o özüdə gəlib Nəzrində dəyişikliyin olmadığını aşkar etmiş və Bəxtiyara, zəng edib Nəzrini bu formada qəbul etməcəyini bildirmişdir. Sonra anası X8 bağa gətirmiş və Nəzrin onunla söhbət etdikdən sonra Nəzrini qəbul etmədiyini Nəzrinə bildirmişdir. Sonra isə Nəzrin yenidən onun validenlərinin evinə qayıtmış, bundan sonra Nəzrinin bibisi onun validenlərinin evinə gəlib Nəzrini həmin evdən aparmışdır. Bununla da onun Nəzrinlə olan evliliyi bitmişdir. İddiaçının iddia tələbində göstərdiyi hamısı yalandır, şər və böhtandır, o, və ailə üzvləri Nəzrini heç bir zaman ac saxlamamışlar, valideynləri Nəzrini heç bir zaman söyməmiş, Nəzrinə mənəvi və ya fiziki işgəncələr verməmişdir. Bundan başqa o, iddiaçıdan 3000 manat deyil, 1000 manat pul almış, həmin puluda iddiaçının qızının gəlin gəldiyi evin təmiri üçün almışdır. İddiaçı özü, təmir üçün evə lazım olan qapıların alınmasında 2000 manat vermişdir. O, hazırda iddiaçının qızı ilə evlilik ərəfisində aldığı qızılları və toy üçün çəkilən xərclərin iddiaçı tərəfindən ödənildiyi halda həmin 2000 manatı qaytarmağa razıdır. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı2 və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 10.09.2020-ci il tarixli “Cinayət işinin rədd edilməsi barədə” qərarın surətindən görünür ki, İddiaçı1 şikayəti əsasında toplanmış materialda cinayət tərtkibi olmadığından aparılmış yoxlamanın nəticələri üzrə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. “İnsan Hüquqları və X4 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunvericilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı2 isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı2 qaytarmalıdır. Məhkəmədə cavabdeh iddiaçıdan ev təmiri üçün 1000 manat aldığını qeyd etsə də, bu barədə heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 3000 (üç min) manat pulun və iş üzrə ödənilmiş 50 (əlli) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat pulun və iş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı2 ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1932/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1932/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver