Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1953/2022 30.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və digər tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən ünvan 1 ünvanında yerləşən torpaq sahələri arasında daş hasarın çəkilməsinə sərf olun 300 manatın, həmçinin razılaşmada nəzərdə tutulandan 0,7 sot az torpaq sahəsi satdığına görə az satılan torpaq qədər torpağın ayrılaraq verilməsi, həmin torpağın ayrılaraq verilməsi mümkün olmadıqda 0,7 sot torpağa görə 6000 manatın, ödənilmiş 84 manat dövlət rüsumunun, cəmi 6384 manatın tutularaq ona ödənilməsi və habelə toyuq hininin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi ev almaq istəyirmiş. Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə ünvanında yaşayan cavabdeh iddiaçıya özünə məxsus 2,3 sot torpaq sahəsinin içində 2 otaqlı ev satdığını bildirmişdir. Razılaşmaya görə cavabdeh həyətinin 2,3 sot hissəsini iddiaçıya 21 mart 2021-ci ildə 24000 manata satmışdır. Bu barədə onunla cavabdeh və Alı Vəliyev (qonşu) arasında yazılı sənəd tərtib edilmişdir. Cavabdeh iddiaçıya razılaşdıqları qədər torpaq sahəsi ayırmamışdır. Ayırdığı torpaq sahəsi razılaşmada göstəriləndən 0,7 sot az olub, yəni 1,6 sotdan ibarətdir. Tərəflər arasında şifahi razılaşmaya görə onunla cavabdehin torpaq sahələrini ayıran daşdan hörülmüş hasara birgə pul qoyulmalı idi. Lakin cavabdeh şifahi razılaşmaya əməl etməmiş, ortaqlı xərcin ona aid hssəsini ödəməkdən imtina etmişdir. Nəticədə iddiaçı hasarın çəkilməsi üçün 650 manat pul ödəmişdir. Həmin pulun 300 manatını cavabdeh ödəməli olduğundan bundan imtina etmişdir. İddiaçı cavabdehdən razılaşmaya əməl edərək ona 2,3 sot torpaq sahəsinin ayrılmasını tələb etmiş, torpaq sahəsini ayırmadığı halda 0,7 sot torpağa görə ona 6000 manat ödəniş etməsini tələb etmişdir. Lakin cavabdeh iddiaçıya 2,3 sot torpaq sahəsi ayrılmadığı halda 0,7 ha torpağa görə 6000 manat ödəməkdən imtina edir. Həmçinin cavabdeh evin qarşı tərəfində toyuq hini tikib orada toyuq saxlayır. Toyuq yaşadıqları fərdi evin hasarına bitişik olduğuna və evdən 1 metr məsafədə yerləşdiyinə görə mənzildə oturmaq mümkün olmur. İddiaçı dəfələrlə cavabdehə bu barə xəbərdarlıq etsə də, o, toyuq hininin sökülməyəcəyini bildirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2022-ci il tarixində iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdehlə öz aralarında yazılı razılaşma əsasında torpaq sahəsini almışdır. O, hasar çəkilən zaman müəyyən etmişdir ki, ona verilən torpaq sahəsi razılaşdırılan sahədən azdır. Ev alınan vaxt iddiaçı tərəfindən beh verilərkən tərəflər hasara çəkilən xərcləri şərik şəkildə ödəməyi razılaşmışlar. Lakin sonradan cavabdeh razılaşmaya əməl etməyərək pulu ödəməkdən imtina etmişdir. Evin qapısı ilə cavabdeh tərəfindən tikilən toyuq hini arasında bir daş qədər məsafə var. Belə ki, səs-küy və pis iy onları narahat edir və gigiyena qaydaları pozulur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı ilə cavabdeh alqısatqını öz aralarında etmişlər, daha sonra bələdiyyədə aktlaşdırmışlar. Əslində cavabdehlə razılıqları belə olub ki, cavabdeh torpaq sahələri arasında hasar çəkərkən ona məlumat versin. Lakin, cavabdeh ona məlumat vermədən hasar çəkib və hasar çəkərkən onun torpağının da bir hissəsini zəbt edib. Bu səbəbdən hasarla bağlı ödəniş etməkdən imtina edib. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1961-ci ildə Gədəbəy rayonu, Sovetabad kəndində anadan olmuşdur, O, ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1964-cü ildə, Salyan rayonu, Sarvan kəndində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına cavabdeh tərəfindən yazılmış əlyazmanın surəti əlavə olunmuşdur. Həmin əlyazmada göstərilmişdir ki, “Mən İddiaçı “Yaşıl Dərə” massivi (42-ci məhəllənin arxası) ərazisində yerləşən torpaq sahəsində 2 otaqlı ev yerləşən 2,3 sot yeri almaq üçün Cavabdeh (24.000) iyirmi dörd min manata verdim. Mən Cavabdeh həyətimdə olan 2 otaq 2,3 sot torpaq sahəsini (24000) iyirmi dörd min manata satdım”. Əlyazmanın aşağı hissəsində iddiaçının, cavabdehin və şahidin adları və soyadları, şəxsiyyət iddiaçı və cavabdehin şəxsiyyət vəsiqələrinin seriya nömrələri qeyd edilmiş və imzalanmışdır. Tarix “xx.xx.2021” kimi göstərilmişdir. Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli məktubunda iddiaçıya ərizəsində göstərilən xüsusatlar mülki xarakter daşıdığından Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməyi tövsiyə edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Bələdiyyəsi 76-cı məhəllə üzrə 3 saylı Məhəllə Komitəsinin 1855 nömrəli, xx.xx.2021-ci il tarixli aktına əsasən Sumayıt şəhəri 76cı məhəllə, 3-cü sahə, 1/3 mənzil 80A fərdi yaşayış evinin sahibi olmuş X1 , həyat yoldaşı Cavabdeh mənzili Sumqayıt şəhərində qeydiyyatda olan İddiaçı ilə öz aralarında razılaşdıqları 24000 manata alqı-satqı etmişlər. Sumqayıt Bələdiyyəsi 76-cı məhəllə üzrə 3 saylı Məhəllə Komitəsinin 2283 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən ünvan 5 ünvanında yaşayan iddiaçının X2 və X4 olmaqla 2 nəfər ailə üzvü var. xx.xx.2022-ci il tarixdə məhəməyə daxil olmuş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, ekspert rəyində göstərilmişdir ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, 80A ünvanında cavabdeh tərəfindən iddiaçıya razılaşma əsasında satılmış torpaq sahəsinin faktiki ölçüsü 1,65 sot təşkil edir. İddiaçının istifadəsində olan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsi arasında çəkilmiş hasarın məkilməsinə çəkilən xərc 1200 manat təşkil edir. Öncə qeyd edilməlidir ki, tərəflər arasında mübahisə predmeti olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu səbəbdən mülki qanunvericiliyin daşınmaz əşyaların alqı-satqısı məsələlərini tənzimləyən müddəalarını hazırkı mübahisəyə tətbiq etmək mümkün deyildir. Buna baxmayaraq həmin torpaq sahəsi cavabdehin istifadəsində olmuş və iddiaçı ilə razılıqlarına əsasən cavabdeh tərəfindən iddiaçının istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (389.1.). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (390.1.). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (425.1.). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Göründüyü kimi tərəflər ğz aralarında olan razılaşmaya əsasən cavabdeh 2,3 sot torpaq sahəsini iddiaçının istifadəsinə verməyi, iddiaçı isə bunun müqabilində cavabdehə 24000 manat pul ödəməyi öhdələrinə götürmüşlər. Lakin, iddiaçı sonradan həmin torpaq sahəsinin 1,6 sot təşkil etdiyini müəyyən etmişdir. Müstəqil qiymətləndiricinin hesabatında həmin torpaq sahəsinin 1,65 sot təşkil etdiyi qeyd edilmişdir. Göründüyü kimi cavabdeh öz öhdəliyinə əməl etməmiş və iddiaçı ilə razılaşmalarında nəzərdə tutulan sahədən 0,65 sot az torpaq sahəsini iddiaçıya vermişdir. 2,3 sot torpaq sahəsinin tərəflərin razılı əsasında dəyəri 24000 manat olduğu üçün, 0,65 sot torpaq sahəsinin dəyəri 6782 manat təşkil edir. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, iddia ərizəsində göstərilən məbləğdə, yəni 6000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Torpaq sahələri arasında çəkilmiş hasarın çəkilməsinə sərf edilmiş vəsaitə gəldikdə qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın (176.1.). Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz (176.2.). Göründüyü kimi tərəflər arasında razılığa əsasən tərəflər torpaq sahələri arasında hasar çəkilməsində birlikdə iştirak etməli idilər. Lakin, cavabdeh sonradan bundan imtina etmişdir. Müstəqil qiymətləndiricinin hesabatında həmin hasarın çəkilməsinə 1200 manat vəsait sərf edildiyi qeyd edilmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmayarq hesab edir ki, həmin hasarın çəkilməsinə sərf edilmiş vəsaitin 300 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının toyuq hininin sökülməsi barədə tələbinə gəldikdə qeyd edilməlidir ki, Mülki Məcəllədə göstərilmişdir ki, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz (171.1.). Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur (171.2.). İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının sökülməsini tələb etdiyi toyuq hini cavabdehə məxsus torpaq sahəsində yerləşir və həmin hinin mövcudluğu iddiaçının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmur. Bu səbəbdən iddia tələbi toyuq hininin sökülməsinə aid hissədə təmin edilə bilməz. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumunun 50 manatı və ekspertiza tədqiqatının dəyəri olan iddiaçı tərəfindən ödənilmiş 400 manat vəsaitin 200 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 6300 (altı min üç yüz) manat pul, 50 (əlli) manat dövlət rüsumu və müstəqil qiymətləndiriciyə ödənilmiş məbləğin 200 (iki yüz) manatı Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1953/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1953/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver