Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1981/2021 21.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, Kreditor "xxxx" MMC-nin borclu X3 qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən e t d i: Kreditor "xxxx" MMC borclu X2 5395 manat əsas borcun və ödənilmiş 20 manat dövlət rüsumunun, cəmi 5415 manat məbləğində pul vəsaitinin tutulub ona verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 müqaviləsinə əsasən “xxxx” MMC-dən dəyəri 6745 manat olan məişət avadanlığı əldə etmiş, 5395 manat borcu qalmışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, əmr icraatı qaydasında verilmiş ərizənin qəbulundan imtina olunmalıdır. Ərizəyə əlavə olunmuş ******* saylı, xx.xx.2019-cu il tarixli “kredit müqaviləsi” adlanan sazişdən görünür ki, X4 “xxxx” MMC-dən 7845 manat məbləğində məişət avadanlıqları əldə etmiş, 1100 manat ilkin ödəniş ödəmiş, qalan 6745 manatı isə 18 ay müddətinə ayda 375 manat olmaqla “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə tələblə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi qanunvericilik borc müqaviləsinin iştirakçısı olan borc alanın aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növ əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürməsini nəzərdə tutmuşdur. Başqa sözlə, norma, borc alanı borc verəndən borcu aldığı şəkildə, yəni müvafiq olaraq pul və ya əşya olaraq qaytarmaq öhdəliyinin daşıyıcısı kimi müəyyən etmişdir. Ərizəyə əlavə olunmuş müqavilə kredit müqaviləsi adlandırılsa da, məzmunundan görünür ki, borclu məişət avadanlığı almış, onun dəyərinin bir hissəsini ödəmiş və qalan məbləği müəyyən müddət ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Buradan aydın olur ki, borclu “xxxx”-dən pul borc almamış, habelə aldığını qaytarma öhdəliyini üzərinə götürməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, sözügedən saziş mahiyyət etibari ilə kredit (borc) müqaviləsi olmamışdır. Belə ki, tərəflər arasında bağlanmış saziş qanunvericiliyin müəyyən etdiyi borc müqaviləsinin anlayışına, onun vacib şərtlərinə uyğun deyildir. Məhkəmə sözügedən müqavilənin novasiya barədə razılaşma olduğunu da istisna edir. Belə ki, qanunvericilik novasiyanı öhdəliyə xitam verilməsi əsaslarından biri kimi müəyyən etmişdir. Azərbaycan Respublikasının MM-nin 531.1-ci maddəsinə əsasən, öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Göründüyü kimi novasiya elə bir sazişdir ki, tərəflər onları bağlayan öhdəlikləri digər, yeni öhdəliklərlə əvəz edirlər. Buradan aydın olur ki, novasiyanın baş tutuması üşün müəyyən şərtlərin mövcudluğu labüddür. Həmin şərtlər-ilkin öhdəliyin mövcudluğu, bu öhdəliyin digər ilə əvəz olunması barədə tərəflərin razılaşması, yeni öhdəlik, yeniləmək niyyəti, ilkin öhdəliyin yenisi ilə əvəz olunması mümkünlüyüdür. Ərizədə və müqavilədə göstərilən halların hər hansı birinini mövcudluğu qeyd olunmamış, həmçinin ərizəyə ilkin öhdəliyi müəyyən edən saziş və digər şərtləri təsdiqləyən sənədlər əlavə olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.3.-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa baxılmanın sadələşdirilmiş qaydası yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Məhkəmə işin hallarına və sadalanan qanunvericilik normalarının tələblərinə əsaslanaraq belə nəticəyə gəlir ki, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə olduğuna görə baxılmanın sadələşdirilmiş qaydası yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 279.2.3-cü maddəsinə əsasən kreditorun ərizəsinin qəbulundan imtina edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276 və 279-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara a l d ı: Kreditor "xxxx" MMC-nin borclu X3 qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul olunmasından imtina edilsin. Ərizəçiyə izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Bu halda hazırkı ərizə üzrə ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanacaqdır. Qərardaddan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1981/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1981/2021
21.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver