Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1983/2021 08.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh video müşahidə və radar nöqtəsini-qurğusunu yararsız hala salmaqla DİN-ə vurduğu ziyana görə 7909 manat məbləğində pulun Daxili İşlər Nazirliyinin nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2019-cu il tarixdə saat 09:05 radələrində Bakı- Quba Dağıstan sərhədi yolunun 173 km-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, həmin ərazidə quraşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus video müşahidə və radar nöqtəsinə Cavabdeh məxsus “BMW” markalı AZ ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən yol nəqliyyat hadisəsi zamanı maddi ziyan dəymişdir. Ümumilikdə video müşahidə və radar nöqtəsinə dəyən zərərin məbləği 7909 manatdır (ƏDV daxil deyil). X1 İXM-nin 327.1-ci maddəsində nəzərdə lutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində İTVH-da Qərarla (TP 3288612) 40 manat məbləğində cərimə edilmişdir. Ekin Texnoloji A.Ş. şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən xx.xx.2019-cu il tarixli akt dəymiş ziyanın məbləğini təsdiq edir. Hesab edir ki, yol nəqliyyat hadisəsi X3 tərəfindən törədilsə də hadisə nəticəsində dəymiş zərərin ödənilməsinə görə cavabdehliyi mülkiyyətçi, yəni Cavabdeh daşımalıdır. Odur ki, iddianı əsaslı hesab edir və təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirdi ki, iddianı qəbul etmir, çünki iş üzrə Cavabdeh cavab verməli olan şəxs deyildir. Belə ki, yol nəqliyyat hadisəsi həmin vaxt avtomaşını etibarnamə əsasında idarə edən X3 tərəfindən törədilmişdir, sonuncunun barəsində bununla bağlı inzibati tənbeh tətbiq edilmişdir. Odur ki, hadisə nəticəsində dəymiş zərərin əvəzi X3 tərəfindən ödənilməlidir. Məhkəmə tərəfindən bu halın nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi YPXA-nın xx xxxx 2019-cu il tarixli raportundan görünür ki, xx xxxx 2019-cu il tarixdə Bakı-Quba Dağıstan sərhədi yolunun 173 km-də yol nəqliyyat hadisəsi baş vermişdir. Samur Gömrük məntəqəsindən Quba istiqamətində hərəkətdə olan “BMW 745 minik” markalı 10BB745 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü idarəetməni itirərək yolun sağ tərəfində yerləşən radarı vurub yerə salmışdır. Hadisə baş verəndən sonra sürücü orada aşkar edilməmişdir. Sonradan məlum olmuşdur ki, qeyd edilən nəqliyyat vasitəsini idarə edən X3 bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdir. xx xxxxxxx 2019-cu il tarixdə tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “BMW 745 minik” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edən X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunmuşdur. ƏN-Vİ seriyalı 846801 saylı nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2019-cu il tarixli Etibarnamədən görünür ki, Cavabdeh (mülkiyyətçi) ona məxsus “BMW 745 minik” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və digər hərəkətlərlə bağlı səlahiyyətlərini X2 (etibar edilən) etibar etmişdir. Etibarnamə 04 ay 17 gün müddətinə verilərək, xx.xx.2019-cu il tarixədək etibarlıdır. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı tərəfindən tələb irəli sürülən Cavabdeh əmlakın mülkiyyətçisi olaraq avtomaşın üzərində səlahiyyətləri digər şəxsə Samir Əsədova etibarnamə əsasında vermiş və avtomaşını həmin qanuni əsasla idarə edən Samir Əsədov yol-nəqliyat hadisəsi törətməklə iddiaçıya məxsus əmlaka zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcələsinin 1108.1-ci maddəsinə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Şərh olunan maddənin məzmunundan göründüyü kimi, yüksək təhlükə ilə bağlı fəaliyyət kimi nəqliyyat vasitələrindən istifadə nəticəsində vurulmuş zərəri ödəmək vəzifəsi həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququ və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh nəqliyyat vasitəsinin mülkiyyətçisi olsa da, avtomaşını qanuni əsasla başqa bir şəxsin idarəçiliyinə verdiyi və yol-nəqliyyat hadisəsi etibarnamənin qüvvədə olduğu müddət ərzində baş verdiyi və həmin hadisənin törədilməsində Samir Əsədov təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edildiyi işin müəyyən edilmiş mübahisəsiz halıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən elementlərdən birinin olmaması delikt öhdəliyinin yaranmasını istisna edir. Məhkəmə hazırkı mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq qeyd edir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcud deyildir. Yəni cavabdehin mübahisələndirilən zərərin yaranmasında əməl törətməmişdir. Şərh olunan hüquq normalarının göstərişlərindən göründüyü kimi isə delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıya bilər. Bu baxımdan məhkəmə hesab edir ki, araşırılan mübahisə üzrə Cavabdeh qismində mülki hüquqi məsuliyyət daşıya bilməz. MPM-nin 54-cü maddəsinə əsasən iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1983/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1983/2021
08.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver