Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1986/2022 05.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Sumqayıt şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 8531,43 manat əsas borc, 861,69 manat faiz borcu və 48,05 cərimə olmaqla, ümumilikdə cəmi 9441,17 manat borcun və 114,41 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-nin “Nərimanov” filialında 120 ay müddətinə 100000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 19 fevral 2021- tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 25%-lə 24 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci ilin dekabrın 24-dək Cavabdeh1 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 8531,43 manat əsas borc, 861,69 manat faiz borcu və 96,1 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 9489,22 manat borcu vardır. Cavabdeh1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 96,1 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 48,05 manat məbləğində tələb olunur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, ekpert rəyi ilə razı deyil. Cavabdeh2 nümayəndəsi zaminlik müqaviləsi bağlanan zaman cavabdehin xidmətdə olduğunu bildirsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən təkrar ekspertiza keçirilməsi zəruridir. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh1 xx.xx.1992-ci ildə, Sumqayıt şəhərində, Cavabdeh2 xx.xx.1990-cı ildə, Cəlilabad rayonunda anadan olmuşdur. Cavabdeh1 ünvan 1 ünvanında, digər Cavabdeh2 isə hazırda ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 24 ay müddətinə, illik 25 faizlə, 10 000 manat kredit vermişdir. İddiaçı ilə digər Cavabdeh2 arasında bağlanmış 18 fevral 2021-ci il tarixli, 22-MZ-2- 0-83-21 nömrəli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn iddiaçı qarşısında öhdəlikləri üzrə zaminliyi öz üzərinə götürmüşdür. Müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh iddiaçıya 24 ay müddətinə hər ay 533,72 manat, sonuncu ay 533,55 manat ödəniş etməli idi. İddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İşdə olan maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2021-ci il tarixinə banka əsas borc üzrə 8531,43 manat, faiz borcu üzrə 861,69 manat və 96,01 manat cərimə olmaqla, cəmi 9489,20 manat borcu vardır. Cavabdeh2 nümayəndəsi, Vəkil tərəfindən iş materiallarında olan kredit və zaminlik müqavilələrində olan imzaların Cavabdeh2 məxsus olması mübahisələndirildiyindən hazırkı işə tam və obyektiv baxılması üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunan 2(060)-1968/2022 saylı mülki işin materiallarında İddiaçı ASC ilə Cavabdeh2 Asif oğlunun adlarına olan 18 fevral 2021-ci il tarixli, 22-MZ- 83-21 saylı zaminlik müqaviləsində 1-ci səhifənin sonunda “Zamin” qrafasındakı imza; müqavilənin sonunda “TƏRƏFLƏRİN İMZASİ VƏ REKVİZİTLƏRİ” hissəsində “Zamin” qrafasında “Cavabdeh2 Asif oğlu” yazılarının alt hissəsindəki imza və aşağı hissədə “Zamin” qrafasındakı imza – Cavabdeh2 Asif oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı 114,41 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və xx.xx.2021-ci il tarixinə onun banka əsas borc üzrə 8531,43 manat, faiz borcu üzrə 861,69 manat borcu qalmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 8531,43 manat əsas borc məbləğinə 48,05 manat cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). İşdən göründüyü kimi Cavabdeh2 nümayəndəsi, Vəkil zaminlik müqaviləsində olan imzanın ona məxsus olmasını mübahisələndirmişdir. Bu səbəbdən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert rəyində isə zaminlik müqaviləsində olan imzanın Cavabdeh2 tərəfindən icra edilmədiyi müəyyən edilmişdir. MPM-də göstərilmişdir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1.). Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.6.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Məhkəmə hesab edir ki, ekspert rəyində zaminlik müqaviləsindəki imzanın Cavabdeh2 məxsus olmadığı müəyyən edildiyindən və bunun əksini təsdiq edən hər hansı sübut işdə mövcud olmadığından ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Yəni zaminlik müqaviləsindəki imza Cavabdeh2 məxsus olmadığı üçün iddiaçı həmin zaminlik müqaviləsi üzrə cavabdehə qarşı hər hansı tələb irəli sürə bilməz. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 114,41 manat dövlət rüsumunun 58 manatı Cavabdeh1 aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 127 manatın 63,50 manatı Cavabdeh1, 63,50 manatı isə iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 8531,43 manat, faiz borcu üzrə 861,69 manat, cərimə üzrə 48,05 manat olmaqla, cəmi 9441 (doqquz min dörd yüz qırx bir) manat 17 (on yeddi) qəpik borc və 58 (əlli səkkiz) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 127 manatın 63 (altmış üç) manat 50 (əlli) qəpiyi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 63 (altmış üç) manat 50 (əlli) qəpiyi isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabəna keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1986/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1986/2022
05.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver