Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1986/2024 03.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 61.000 (altmış bir min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin onun əməlinə hüquqi qiymət verilməsi üçün barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, 2021-ci ilin yanvar ayından başlayaraq cavabdeh ondan hissə-hissə qızıl-zinət əşyaları alıb aparmış və nəticədə ona məxsus 61.000 (altmış bir min) manat dəyərində qızıl-zinət əşyalarını mənimsəmişdir. Belə ki, o, Cavabdeh uzun müddətdir ki, tanıyır və bildirir ki, o xırda alverlə məşğul olur. 2021-ci ilin yanvar ayında Cavabdeh ona müraciət etmiş və demişdir ki, onun qızıl-zinət əşyası almaq istəyən müştəriləri vardır. Əgər onlarda belə əşyalar varsa yaxşı qiymətə sata bilər. Beləliklə bir neçə dəfə Cavabdeh onun özünə məxsus qızıl-zinət əşyalarını aparmış, satmış və dəyər qiymətini danışdıqları kimi qaytarmışdır. Buna görə də o, ona inanmış və etibar edərək qızıl-zinət əşyalarını vermişdir. Bundan təxminən bir neçə ay sonra Cavabdeh ondan əyarı 750 və çəkisi ağır olan qızıl-zinət əşyaları istəmiş və o da özünə və qızlarına məxsus qızıl-zinət əşyalarını hissə-hissə, yaşadıqları evdə həyat yoldaşı X13 yanında Cavabdeh vermişdir. Hər dəfə Cavabdeh qızıl-zinət əşyalarını verəndə siyahı tutulmuş və hər bir qızıl-zinət əşyasının çəkisi, forması və əyarı yazılmışdır. Qiymətini isə özləri öz aralarında danışıb, razılaşmışlar. Nəticədə, Cavabdeh onun etibarnamədən suiistifadə etməklə onu aldatmış və 61.000 (altmış bir min) manat dəyərində qızıl-zinət əşyalarını mənimsəmişdir. 2022-ci ildən başlayaraq cavabdeh barəsində mütəmadi olaraq şikayətlər etmişdir ki, cavabdeh ona qarşı dələduzluq etmiş və külli miqdarda əmlakını mənimsəmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Yuxarı İnstansiyalara etdikləri şikayətlər bir nəticə verməmiş, lakin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar ləğv edilmişdir. Bundan sonra iş yenidən araşdırılmağa başlanmış, lakin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başanması yenidən rədd edilmişdir. Yenə də, yuxarı instansiyalara şikayətlər etmişdir. Lakin Cavabdeh məsuliyyətə cəlb olunmamış, hətta instintaq orqanları Cavabdeh adını çəkdiyi, onun tanımadığı Vüsalə adlı xanımla onu üzləşdirməmişlər. Yəni istintaq orqanı işə barmaqarası yanaşmış, nəticədə ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Lakin o, bu gündə hesab edir ki, Cavabdeh ona qarşı dələduzluq etmişdir. Onun əməlləri nəticəsində o, maddi və mənəvi zərər çəkmişdir. Hətta onun bu əməli onun sağlamlığına belə ciddi zərər vurmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı izahatında nümayəndəsi və vəkili Nümayəndə1 bildirdiklərinə əlavəsi olmadığını qeyd etdi. Cavabdehin nümayəndəsi və vəkilinin ünvanladığı suallara münasibətdə qeyd etdi ki, siyahılar Alagöz xanımın özündədir. Sonuncu dəfə cavabdeh zəng etmiş və demişdir ki, ona qızıllardan versin. Qızılın əyarının 750 olmasını, ondan aşağı olmamasını qeyd etmişdir. Müştəri həmin qızıllardan birini seçəcək və qalanlarını qaytaracaqdırlar. Alagöz xanıma zəng etmiş və demişdir ki, götürdüyünü götürsün. Götürmədiyini isə geri qaytarsın. “Bu gün yox, sabah yox, dayısı oğlu rəhmətə getmiş, başı qarışıqdır” kimi ifadələr ilə mübahisə başlamışdır. Daha sonra univermağdan zəng gəlmişdir ki, ona verilən mal satılmışdır. Daha sonra isə Alagöz xanıma qarşı onda şübhə yaranmışdır. Ona görə ki, ona verilən malları satmış və pulu götürmüşdür. Özü işini görür lakin, iddiaçı pis vəziyyətdə qalır. Ona görə də malını tələb etmişdir. Malını verməmiş və demişdir ki, Naxçıvan Muxtar Respublikasına gedir. Gəldikdə isə həll edəcəkdir. Həll olunmadığı üçün onlar arasında olan münasibət də pozulmuşdur. Hissə-hissə mal vermişdir. Sonuncu dəfə 10 dənə malı vermişdir. Həmin 10 üzük onun özünə məxsus olmuşdur. Onları nisyə almışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirdi ki, vəkilin dediklərinin bircə cümləsi belə həqiqət deyildir. Heç kim kiməsə nə təzyiq göstərmiş, nə də göstəriş vermişdir. İki ildir ki, materiallarda təxminən 10 izahat vardır. İzahatlar isə kimsə tərəfindən mübahisələndirilməmişdir. Qarşı tərəfin vəkilinin dedikləri absurd və əsassızdır. Vəsatətin əsaslarını da oxumuşdur. Bütün bunlar məhkəmənin vaxtını uzatmağa yönəlmişdir. Xanıma da əslində o lazımdır. Polislər onu gətirə bilməmişdirlər. Hər dəfə gəldikdə yazmışdır ki, borcu vardır və verəcəkdir. Özü də “yoxdur” demir. Deyir ki, “Vüsaləyə vermişəm”. Ona görə də vəkilin vəsatəti əsassızdır. Qarşı tərəfin nümayəndəsi iş materialları ilə tanış deyildir. 61000 manat deyildir. İzahatda 90000 manat civarlarında qiymət göstərilir və ondan 27000 manat qaytarmışdır. Cavabdeh Vüsalə adlı xanımla əlbir olmuş və iddiaçını aldatmışlar. Özü də məhkəmə iclasında demişdir ki, Vüsalə ona da dələduzluq etmişdir. O etirafedici ifadələr Vüsalə xanımla üzləşmələr də daxil, polisdə öz əksini tapmışdır. Onlar da 61000 manat ilə razılaşmışlar. Əldən çıxmış fayda da daxil hər hansı bir məbləğ artırmamışlar. Hər iki tərəfdə o siyahılar vardır. Bu günki gündə o siyahını sübut kimi təqdim etmələrinə ehtiyac yoxdur. Çünki onlar cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara isdinad etmişlər. Xanımın da məhkəməyə gəlməmişdən öncə etirafı vardır. Hazırlıq iclaslarında fikirlərini bildirmiş və sübutları təqdim etmişlər. İddiaçı cavabdehlə ümummiyətlə mehriban olmuş və qonşuluqda yaşamışlar. Hər iki tərəfdə bir-birinə qarşı mübahisə olmamışdır. Heç indiyə qədər də olmamışdır. Zaur müəllim gəldikdən sonra mübahisə ortalığa çıxmışdır. Polisdə də hər dəfə müxtəlif müstəntiqə ifadə vermişdir. Qarşı tərəf bildirir ki, 96 min manat pul almış və 27, 28 min manat pul qaytarmışdır. Sonra da deyir ki, Vüsalə adlı xanıma satmışdır. Polisdə də eyni ifadəni vermişdir. Lakin Vüsalə xanımla bağlı rəsmi müraciət etməmişdir. Ona görə də onlar həmişə şübhəli qalmışlar. Hesab edirlər ki, 61 manat məsələsi birdən-birə yaranmamışdır. Qonşu olmuşlar. Hər dəfə pulu qaytararaq etibar qazanmışdır. Sonda bahalı dəst istəmiş və onları geri qaytarmamışdır. Ona görə də etibardan sui-istifadə etmə maddələrinə toxunulmuş və iddia tələbində xanım barəsində xüsusi qərar çıxarılaraq prokurorluğa müraciət edilməsi tələb edilir. Təqdim edilmiş sübutlardan və xanımın etirafından görünür ki, cavabdehin 61 min manat borcu qalmışdır. Onlar sübutetmə vəzifəsindən azaddırlar. Qarşı tərəf təqzib etməlidir. Belə ki, polisdə etiraf vardır. Ona görə də həmin məbləği tələb edirlər. Olmayan şeyin ekspertizası necə keçiriləcəkdir? Onlar pul tələb edirlər. Ortada qızıl yoxdur. Cavabdeh özü bildirir ki, qızılları Vüsaləyə satmışdır. Cavabdeh həmin qiymətə verdiyini özü bildirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin əməlinə hüquqi qiymət verilməsi üçün Prokurorluq orqanlarına müraciət olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirdi ki, video-diskə baxış keçirmişdir. Nümayəndəsi olduğu şəxsin dediklərində həqiqət vardır. Onun dediklərini aşkar etmişdir. Birinci məhkəmə iclasında xanıma sual vermişlər ki, iddianı qəbul edirsən? O isə demişdir ki, xeyir, qəbul etmir. Onların arasında mübahisə vardır. Etiraf vardır ki, tərəflər arasında alış-veriş olmuşdur. Hər iclasda vəkil deyir ki, pulu ona vermişlər. Birinci olaraq məsələ pul deyildir. Burada qızıldan söhbət gedir. Qızılın dəyərini isə xanım bilmir. Cavabdeh etiraf edir ki, qızıl almışdır. Məhkəmə hər bir iddianın etirafını etiraf kimi qəbul etməməlidir. Həqiqətən iddiaçıya verilən qızılların dəyəri 61000 manat deyildir. İddiaçının nümayəndəsi bildirir ki, onlar siyahını cinayət işinin materiallarına əlavə edilməsi üçün təqdim etmişlər. Mövcud olmayan bir şeyin sübutunu necə təqdim etsinlər? İddiaçı sübutetmə yükünə malikdir. Cavabdeh Vüsalə xanıma çoxlu müraciətlər etdiyi üçün, Vüsalə xanım onu 102 qaynar xəttinə şikayət etmişdir. İddiaçı bildirir ki, qızılları cavabdehə hissə-hissə vermişdir. Heç vaxt bütünlüklə ona qızıl verməmişdir. Hər dəfə verdikdə də ilkin ödənişlərini etmiş və aylıqlarını başqa-başqa vaxtlarda vermişdir. Cavabdeh qızılları aldığını inkar etmir. Sadəcə qızılların dəyərini müəyyən etmək lazımdır. İddiaçı qeyri-səmimi izahatları ilə hansı hallarda özünün haqlı, hansı hallarda haqsız olduğunu sübuta yetirir. O halda haqlıdır ki, qızıl vermişdir. Nümayəndəsi olduğu şəxs də qızılları qəbul etmişdir. Bu həqiqətdə də belədir. Onların arasında olan mübahisə qızılların sayı və növləri ilə bağlıdır. Özü müəyyən etmişdir ki, iddiaçının verdiyi qızılların ümumi dəyəri maksimum 30000 manatdır. Qızılların dəyəri iki qat qiymətdə şişirdilmişdir. Cavabdeh savadsız adamdır. O qızılların qiymətini bilmir. Onlar iddia tələbini 30 min manat civarında qəbul edə bilərlər. Özü müəyyən etmişdir ki, iddiaçının verdiyi və cavabdehin qəbul etdiyi qızılların dəyəri 30 min manat dəyərində olar. İddiaçı qismən haqlıdır. Lakin özü əsassız varlanmaq istəyir. Ona görə də iddiaçının verdiyi tələb həcmində deyil, 30 min manat dəyərində iddia tələbini qəbul edirlər. İddia tələbinin xüsusi qərar hissəsi tamamilə absurddur. Belə ki, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar vardır. Ona hüquqi qiymət verilmiş, digər şəxs də dindirilmiş və etiraf etmişdir ki, qızılları almışdır. Ona görə də həmin hissədə iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə, iddiaçı, onun nümayəndəsi və vəkili və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı X6 qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilmiş, qəbul edilmiş qərarın surəti məlumat üçün prosessual rəhbərliyi həyata keçirən prokurora və maraqlı şəxslərə göndərilmişdir. - Həmin qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə müraciət edərək, təxminən 2021-ci ilin yanvar ayında əvvəllər tanıdığı Alagöz adlı şəxsin ona müraciət edərək ondan qızıl-zinət əşyası almaq istəyən müştərilərin olduğunu, Alagözlə razılaşıb özünə məxsis qızıl-zinət əşyalarını aparıb satmış və dəyər qiymətini danışdıqları kimi qaytarmamışdır. Bundan təxminən 2 ay sonra Alagöz adlı qadın ondan 750 qram çəkisi olan qızıl-zinət əşyalarını hissə-hissə yaşadıqları mənzildə öz aralarında danışıb razılaşmış, Alagöz onun etibarından sui istifadə etməklə 61,000 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə mənimsəmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh İddiaçı aldığı 61,000 manat dəyərində qızıl-zinət əşyalarını səmimi etiraf etmiş və həmin qızılları Vüsalə adlı qadına satdığını və pulunu ala bilmədiyini bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X1 adlı qadından adlığı 61,000 manat dəyərindən qızıl-zinət əşyalarının pulunu verdiyini bildirmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-46/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmuş, Sumqayıt Şəhər Pİ-nin 4-cü PB-nin baş təhqiqatçısı polis kapitanı X6 01 noyabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ləğv olunmuşdur. - xx.xx.2023-cü il tarixli Sumqayıt şəhər Pİ-nin rəis müavini, polis mayoru X7 qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş, İddiaçı ilə Cavabdeh arasında olan mübahisə mülki xarakter daşıdığından, onlara məhkəməyə müraciət etməli olduğu izah olunmuş, qərarın surətin Sumqayıt Şəhər Prokurorluğuna və maraqlı tərəflərə göndərilmiş, material isə saxlanılması üçün Sumqayıt Şəhər Pİ-nin arxivinə verilmişdir. - Həmin qərardan görünür ki, araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, tanışı Cavabdeh sərfəli qiymətə satıb dəyər qiymətini tezliklə qaytarmaq şərti ilə 2021-ci ilin yanvar ayından başlayaraq ondan hissə-hissə qızıl-zinət əşyalarını alıb aparmış və nəticədə onun özünə, qızı X5 və mərhum qızı X8ma məxsus 61.000 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirmişdir. Belə ki, o, Alagözü uzun müddətdir ki, tanımış və bilmişdir ki, o xırda alverlə məşğul olur. 2021-ci ilin yanvar ayında Alagöz ona müraciət edib bildirmişdir ki, onun qızıl-zinət əşyası almaq istəyən müştəriləri var, əgər onda belə əşyalar varsa yaxşı qiymətə sata bilər. Beləliklə bir neçə dəfə Alagöz onun özünə məxsus qızıl-zinət əşyalarını aparıb satmış və dəyər qiymətini danışdıqları kimi qaytarmışdır. Buna görə də o ona inanmış və etibar edib qızıl zinət əşyalarını vermişdir. Bundan bir neçə ay sonra Alagöz ondan əyarı 750 və çəkisi ağır olan qızıl-zinət əşyalarını istəmiş və o da özünə və qızlarına məxsus qızıl-zinət əşyalarını hissə-hissə, yaşadıqları evdə əri X13 yanında Alagözə vermişdir. Hər dəfə Alagözə qızıl-zinət əşyalarını verəndə siyahı tutmuş və hər bir qızıl-zinət əşyasının çəkisi, forması və əyarı yazılmışdır. Qiymətini isə özləri öz aralarında danışıb razılaşmışlar. Nəticədə Alagöz onu aldadaraq 61000 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirtmişdir. Ondan qızıl-zinət əşyalarını qəbul etməsinə və ona 61.000 manat məbləğində borcu olmasına görə aralarında olan siyahıya imza etməsinə baxmayaraq, Alagöz hal-hazıradək onun nə qızıl-zinət əşyalarını, nə də onların dəyər qiymətini qaytarmamış, Alagöz ondan qəbul etdiyi qızıl-zinət əşyalarını Vüsalə adlı qadına satdığını bildirmişdir. Araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, o Sənəmlə əvvəllər qonşuluqda yaşamış, münasibətləri yaxşı olmuşdur. Sənəm ticarətlə məşğul olduğu üçün ondan müəyyən əşyalar götürüb öz tanışlarına satmışdır. 2020-ci ildə o Sənəmdən müəyyən miqdarda qızıl götürüb satmış pulunu Sənəmə vermişdir. Təxminən bir neçə aydan sonra o, Sənəmdən ayrı-ayrı vaxtlarda 11000, 5600, 16.000, 14.500, 17000, 16150, 8500, 1880 manat dəyərində qızıllar götürüb satmaqla ümumilikdə Sənəmdən 90730 manat dəyərində qızılını satıb 29730 manat ödəmiş və onun Sənəmə 61000 manat dəyərində qızılın pulunu vermişdir. O Sənəmdən götürdüyü qızılları qonşuluqda yaşayan Vüsalə adlı qadına vermişdir. Vüsalə ilə razılıqları o olmuşdur ki, hər ay Vüsalə ona 2100 manat ödəniş edəcəkdir. Hal-hazırda Vüsalənin ona 69080 manat borcu olmuşdur. O, Sənəmi aldatmamış, Vüsalə nə vaxt onun pulunu verərsə Sənəmin pulunu da o vaxt qaytaracağını bildirmişdir. Araşdırma zamanı X9 izahatında göstərmişdir ki, o İddiaçı tanımamış, onun qonşuluğunda yaşayan Cavabdeh ilə münasibəti olmuş, Alagöz xırda alver ilə məşğul olmuşdur. O, ondan əvvəllər müxtəlif vaxtlarda geyim əşyaları almış, 2020-ci ildə Alagöz ona qızıl da satdığını bildirmişdir. O da ona inanaraq bir qramını 250 manatdan razılaşaraq müxtəlif vaxtlarda qızıllar götürmüş və pulunu ödəmişdir. Hal-hazıradək Alagözə 60.000 manata yaxın pul ödəmiş, Alagözün qızıl verməkdə şərti ilkin ödəniş pul ödəyib, daha sonra qızılın dəyərinə görə aylığa bölüb ona ödətdirmək olmuşdur. O, Alagözdən çox qızıllar götürmüş, heç bir yerdə qeydiyyat aparmamışdır. Yadında qalan 11.000, 5.600, 17.000, 16000, 14.500,16.150, 8500, 8.800lük manatlıq qızılları Alagözdən götürüb ödəniş etmiş, Alagöz sonradan artırıb ona bu qədər borc yarandırmış, onun ona borcu olmamışdır. Alagöz ona 61.000 manat ödəsə də, həmin qızılları qramına kimi qaytarmışdır. O Alagözdən götürdüyü qızılları Lombarda qoyub pul götürmüş, Alagözə ödəmişdir. - Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. - Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, İddiaçı 61000 manat borcu olduğunu etiraf etmişdir. Həmin pul və onun pulu cəmi 69 min 493 manatı Vüsalədədir. Alıb, vermir. Neçə ildir ki, onun başına oyun açır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı ayrıayrı vaxtlarda 11000, 5600, 16.000, 14.500, 17000, 16150, 8500, 1880 manat dəyərində qızıllar götürüb satmaqla ümumilikdə Sənəmdən 90730 manat dəyərində qızılını satıb 29730 manat ödəmiş və onun Sənəmə 61000 manat dəyərində borcu qalmışdır. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara, cavabdehin özünün polis orqanlarında, eyni zamanda məhkəmə iclaslarında etirafı, həmçinin onun nümayəndəsi və vəkilinin də bildirdiyi kimi, Cavabdeh İddiaçı qızıllar almasıdır. Mübahisəli hissələr isə, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən qızıllarının dəyərinin qiymətləndirilməsi, eyni zamanda siyahının təqdim edilməsi ilə bağlıdır. Məhkəmə qızılların dəyərinin qiymətləndirilməsi ilə bağlı qeyd edir ki, hazırki mübahisə predmeti pul tələbidir. Qızılların qiymətləndirilməsini cavabdeh şəxsən özü həyata keçirmiş, cinayət işinin materiallarından iş materialarına əlavə edilmiş siyahıdan da görünür ki, Cavabdeh X3 90730 manat dəyərində qızıl verilmiş, 21650 manat ödəniş edilmiş və 69.080 manat borc məbləği qalmış, mübahisələndirilən 61000 manat məbləğdə pulun iddiaçıya qaytarılması ilə bağlı cinayət işinin materiallarında cavabdeh tərəfindən verilmiş izahatda, cinayət işinin rədd edilməsi barədə qərardad, məhkəmə iclasında yazılı qaydada verdiyi ərizədə, şifahi formada verdiyi izahatlarda qəbul edilmiş, keçirilən məhkəmə araşdırmasının gedişatında ona qarşı tələbi inkar etməyərək, qəbul etmişdir. Bundan əlavə məhkəmə sorğusu əsasında tələb edilmiş cinayət işinin materiallarında olan (69 səhifə) X4 izahatında İddiaçı tanınmadığını, qonşuluqda yaşayan Cavabdeh ilə münasibətinin olduğunu, Alagözün xırda alverlə məşğul olduğunu, 2020-ci ildə Alagözün ona qızıl satdığını bildirmişdir. O da, ona inanaraq bir qramının 250 manatdan razılaşaraq qızıllar götürmüş, pulunu ödəmişdir. O, Alagözə 60.000 manatadək pul ödəmişdir. Alagöz ona 61000 manat ödəsə, həmin qızılların qramına kimi qaytarar. O, Alagözdən götürdüyü qızılları lombarda qoyub pul götürüb, Alagözə ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar və işin araşdırılan halları o qənaətə gəlməyə imkan verir ki, iddia tələbi 61.000 manat pul tələbi hissəsində əsaslıdır. Məhkəmənin bu qənaətə gəlməsinə əsas işin tədqiq olunan halları, cinayət işinin tədqiq edilən halları, tərəflərin izahatları, “cinayət işinin başlanmasının rədd edilməsi barədə”qərarda qeyd olunan hallardır. İddia tələbinin qismən qəbul edərək Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 gətirdiyi dəlillər (qızılların dəyəri və sair) formal mülahizələrlə bağlı olub qeyd etdikləri etirazın öz gətirdikləri dəlillərlə təqzib edilməsidir. Belə ki, bir tərəfdən qızılların dəyərini (işin mübahisə edilməyən halını) mübahisələndirən cavabdehin nümayəndəsi vəkil, digər tərəfdən yəni 30.000 manatın qəbul edərək cavabdeh tərəfindən ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Qeyd olunanlar məhkəmə tərəfindən əsaslı sayılmayaraq, işin tədqiq olunan hallarına uyğunluq təşkil etmir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X20 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 6 iyun 2014-cü il tarixli qərarında qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına yönəlmişdir. Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin digər qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısı alınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (Ryabıx Rusiyaya qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli Qərar). Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdirlər. Belə ki, cavabdehin varlanmasına, yəni iddiaçının 61000 manat pulunu əldə etməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Odur ki, məhkəmə iddianı bu hissədə əsaslı sayır və belə qənaətə gəlir ki, əsassız varlanmış şəxs-cavabdeh əldə etdiklərini məhrum olana-iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarına əsasən Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin mənasına görə, məhkəmələr qanunla nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla, əsas və qarşılıqlı iddianın predmetinə aid olmayan halları və faktları araşdıra və qətnamədə bunlara hüquqi qiymət verə bilməzlər. Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən normalarını ümumiləşdirərək bir daha qeyd etmək lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin əməlinə hüquqi qiymət verilməsi üzrə xüsusi qərardadın çıxarılması tələbi ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə isə iddia tələbi üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Məhkəmə, iddianın məhkəmə xərcləri ilə bağlı olan hissəsini araşdıraraq hesab edir ki, iddiaçı məcburi köçkün statusuna malik olduğundan, bu səbəbdən də dövlət rüsumunu ödəməkdən azad olunduğundan, iddia tələbi birinci hissədə tam təmin olunduğundan, ona uyğun dövlət rüsumu, yəni 273 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 61000 manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 273 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1986/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1986/2024
03.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver