Məhkəmə qərarları › İş №2(060)-1991/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1991/2023

06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1991/2023 06.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbiətə dəymiş ziyanla bağlı 2702 manat məbləğin cavabdeh tərəfindən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına (“X2 üzrə Dövlət Fondu”na VOEN **********, H/H : AZN 10 CTRE ********************, Büdcə təsnifatı 142582, Büdcə səviyyəsinin kodu 3, Bank DXA, Kod 210005, VOEN **********, Müxbir Hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma zamanı xx.xx.2022-ci il tarixində Sumqayıt şəhəri, Saray bağları ərazisində olan 4718 saylı bağ sahəsindən faydalı qazıntı olan qumun qanunsuz olaraq daşınması faktı aşkar olunmuşdur. Faktla bağlı araşdırma aparılarkən qumun qanunsuz olaraq daşınmasını təşkil edən şəxslərin Cavabdeh və X1 olduqları müəyyən edilmişdir. Aşkar olunmuş inzibati xəta ilə bağlı xx.xx.2022-ci il tarixli, 74978 nömrəli akt tərtib olunmuş, ərazidən fotoşəkillər çəkilmiş, inzibati xəta törədən şəxsin izahatı alınmış, nəticədə, cavabdeh barəsində İXM-in 228-ci maddəsi ilə lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etdiyinə görə protokol tərtib olunmuşdur. Toplanmış materiallar əsasında xx.xx.2022-ci il tarixli qərarla inzibati xəta törədən şəxs inzibati qaydada fiziki şəxs qismində 600 manat məbləğində cərimə olunmuşdur. İnzibati xəta törətməkdə təqsirli bilinən cavabdeh cərimə məbləğini könüllü olaraq ödəməkdən imtina etdiyi üçün onun barəsində icra vərəqəsi məcburi icra tədbirləri ilə cərimə məbləğinin ödənilməsi üçün Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İnzibati araşdırma zamanı, eyni vaxtda, cavabdeh tərəfindən qanunsuz olaraq yerin təkindən istifadə olunması nəticəsində götürülmüş qumun miqdarı ölçülmüş, eni 12 metr, uzunluğu 14 metr və dərinliyi 1,2 metr olmaqla qazılmış ərazinin ölçüləri əsasında 201 m3 həcmində faydalı qazıntının daşındığı sübut olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə ödəmə normativlərinə” əsasən hesablama aparılaraq cavabdehə aid hissədə təbiətə vurulmuş ziyan 2702 manat hesablanmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş, öz nümayəndəsini göndərməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinərək törətdiyi əmələ görə 600 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. - İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 74978 №-li aktdan görünür ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma zamanı xx.xx.2022-ci il tarixində Sumqayıt şəhəri, Saray bağları ərazisində olan 4718 saylı bağ sahəsindən faydalı qazıntı olan qumun Cavabdeh qanunsuz olaraq daşınması faktı aşkar olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində Sumqayıt şəhəri, Saray bağları ərazisində olan 4718 saylı bağ sahəsindən faydalı qazıntı olan 2702 manat dəyərində 201 m3 qum daşınmışdır. Cavabdeh icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinərək törətdiyi əmələ görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə 600 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”in təsdiq edilməsi haqqında Qərarında qeyd olunmuşdur ki, bu Qərarla təsdiq edilmiş normativlərə əsasən dəymiş ziyan hesablanarkən, birinci dəfə cərimələnən subyektlər üçün 0.7 əmsalı, ikinci dəfə cərimələnən subyektlər üçün 1 əmsalı, 3-cü dəfə cərimələnən subyektlər üçün 1.3 əmsalı, 3 dəfədən çox cərimələnən subyektlər üçün 1.5 əmsalı tətbiq edilir. Həmin Qərardan görünür ki, Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə faydalı qazıntı olan qumun 1 m3 qanunsuz işlədilən faydalı qazıntıya görə (manatla) 20.0 hesablanır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən faydalı qazıntı olan qumun daşınması və onun buna gətirib çıxaran əməldə təqsiri habelə dəymiş zərərin məbləğinin 2702 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilməli olan 47.02 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən 2702 manat məbləğində dəymiş ziyan iddiaçı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2702 manat məbləğində pul tutularaq iddiaçı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (“X2 üzrə Dövlət Fondu”na VOEN **********, H/H : AZN 10 CTRE ********************, Büdcə təsnifatı 142582, Büdcə səviyyəsinin kodu 3, Bank DXA, Kod 210005, VOEN **********, Müxbir Hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22) bank hesabına ödənilsin. İddianın verilməsinə görə 47,02 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar