Məhkəmə qərarları › İş №2(060)-1991/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1991/2024

22.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1991/2024 22.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “mənzilə istifadə hüququnun tanınması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1978-ci ildə Cəbrayıl rayonu, Məzrə kəndində anadan olmuşdur. Hal hazırda qohumların evində yaşayır. Məcburi köçkündür. Məcburi köçkün olduğu üçün Sumqayıt şəhər İcra hakimiyyəti tərəfindən ona ünvan 2 ünvanında otaq verilmişdir. O, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayırdı. ünvan 3 xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onunla X2 arasında bağlanmış nikah pozulmuş və o vaxtdan sonra o, həmin evdən çıxmışdır. Sonradan ona məlum olmuşdur ki, Sumqayıt şəhər 6 saylı MKS-nin hesabat kitabına əsasən otaq xx.xx.2019-cu il tarixdən Cavabdeh3 adına olub, keçmiş qaynı Cavabdeh2 sonradan hansısa yolla xx.xx.2019-cu il tarixdə otağı öz adına keçirmiş, və mənzildə qızı X3, oğlu X4, Cavabdeh3 və onu ailə üzvü kimi həmin ünvanda yaşadıqları 6 saylı MKS-nın hesabat kitabına qeyd etdirmişdir. Ona görə də ona 3 otaq verilib. O, isə Cavabdeh3 Suleh qızı ilə aralarındakı nikah pozulduqdan sonra öz evi ola ola kənarda orda burda yaşayır. Onu da qeyd edir ki, Elvin həmin evdə öz anasını və atasını yerləşdirmişdir. Bu ona qarşı olunan haqsızlıqdır. O, bir məcburi köçkün kimi mənzilsiz qalmışdır. Bu günkü gün onun mənzilini başqa şəxslər istifadə edir. Aidiyyəti orqanlara da bununla bağlı müraciət etsə də həmin mənzilin hansı əsaslarla Cavabdeh2 verilməsi barədə məlumat istəsə də, həmin orqanlar da heç bir əsaslı cavab verə bilməyiblər. xx.xx.2023 - cü il tarixli Sumqayıt Şəhər İcra Hakimiyyətinin sorğuya cavabına əsasən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının özüdə etiraf edir ki, həmin ev Elvinin adına verilmişdir. İddiaçı həmin evdə yaşamamışdır. İddiaçının həmin evə istifadə hüququ olmamışdır. Hazırda həmin mənzildən Elvin istifadə edir. 2019-cu ildə mənzil cavabdehin adına keçən zaman iddiaçı tərəfindən heç bir etiraz olmamış, bu məsələ mübahisələndirilməmişdir. Hesab edir ki, iddia əsassızdır və təmin edilməməsini xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh3 və Azərbaycan Respublikası Cavabdeh1qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan ünvan 3 xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, İddiaçı ilə X2 arasında Sumqayıt şəhər nikah evində xx.xx.2004-cü il tarixdə bağlanmış, 787 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər İddiaçı yanında qalması qət edilmişdir. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, müvəqqəti məskunlaşdığı 2-ci mikrorayonda yerləşən 13 saylı yataqxananın qəzalı vəziyyətdə olması ilə əlaqədar yataqxana binasının hər bir otağında faktiki yaşayan hər ailə üçün ailə tərkibinə əsasən maddi yardım və ya mənzil nəzərdə tutulmuşdur. Qaynı Cavabdeh2 mülkiyyətində olan və həyat yoldaşı Sumqayıt şəhər sakini Cavabdeh3 qeydiyyatda olduğu otaqda məcburi köçkün kimi müvəqqəti məskunlaşdıqları nəzərə alınaraq qaynı da daxil olmaqla həmin otaqdakı ailə tərkibinə görə ailə üzvləri üçün 3 (üç) otaqlı mənzil nəzərdə tutulmuşdur. Ümumiyyətlə, yataqxana binasının hər bir otağında faktiki yaşayan bir ailə üçün ailə tərkibinə görə ya maddi yardım, ya da mənzil nəzərdə tutulmuşdur. Həyat yoldaşı və uşaqlar ilə birlikdə istifadələrində bir otaq olduğundan, hətta otağın mülkiyyətçisi olduğu halda belə iki imtiyaz şamil olunması imkan xaricindədir. Mənzil mübahisəsinə dair aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə daha məqsədə müvafiqdir. İş materiallarında olan AZ-İ №467591 saylı, xx.xx.2023-cü il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X2 arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə pozulmuşdur. İşə əlavə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli ətraflı arayışından görünür ki, yataqxana 13, ev 28, otaq 45 bir otaqlıdır. Otaq özəldir. 6 saylı MKS-nin hesabat kitabına əsasən otaq xx.xx.2019-cu il tarixdən Cavabdeh3 adına olub, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına keçib. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Pirəkeşkül ərazi dairəsi (ünvan 5 ünvanında yerləşən 43 saylı mənzil Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti arasındakı razılaşmaya əsasən Sumqayıt şəhəri, Kimyaçılar yaşayış massivi ərazisində yerləşən 49/3 nömrəli, 29-cu məhəllə ərazisində yerləşən 1 nömrəli və 2-ci mikrorayon ərazisində yerləşən 13 nömrəli yataqxanalarda məskunlaşmış vətəndaşların mənzillə təmin edilməsi məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə verilmiş 113 mənzildən biridir. Həmin mənzilin Cavabdeh2 və Cavabdeh3 təqdim edilməsi barədə Nazirlikdə hər hansı bir məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan Hüquqlarının və X5 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X5 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mübahisəli mənzilə dair istifadə hüququ əmələ gəlməmişdir. İstifadə hüququ olmadığı halda isə, yəni mövcud olmayan hüququn tanınması qeyri-mümkün olduğuna görə istifadə hüququnun tanınması barədə tələb irəli sürməsi əsassızdır. İddiaçının mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması faktına dair isə məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat əmlak hüquqlarını yaratmır. Çünki qeydiyyatın məqsədi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanmış və həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmədə iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi və öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiklər halların sübut edilməsi barədə sübutları məhkəməyə təqdim etmədi. Belə ki, iddiaçı özü də izahatında qeyd edir ki, hazırda istifadə hüququnun tanınmasını tələb etdiyi mənzildə bir gündə olsun belə yaşamamış, eyni zamanda mənzil Cavabdeh2 faktiki olaraq istifadəsinə verilmişdir. Belə olduğu halda onun hazırki mübahisəli mənzilə istifadə hüququnun tanınması yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “mənzilə istifadə hüququnun tanınması tələbinə” dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar