Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1993/2024 09.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 1200 manat məbləğində pul vəsaitinin və ödənilmiş 32 manat dövlət rüsumunun, cəmi 1232 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qohumudur. Cavabdeh Sumqayıt 1 saylı şəhər Xəstəxanasında böyük tibb bacısı vəzifəsində çalışır. İş yerini dəyişmək məqsədilə cavabdehlə həmsöhbət olan zaman Sevil ona dövlət müəssisəsində tibb bacısı vəzifəsinə keçirilməyinin mümkün olduğunu söyləmişdir. Bunun üçün 2023-cü ilin fevral ayında ilkin olaraq 1000 manat, bundan sonra yenə ayrı-ayrı vaxtlarda Cavabdeh onun işlədiyi yerdə ümumilikdə 4700 manat məbləğində pul vermişdir. Cavabdeh ondan aldığı 4700 manatdan 3500 manatını qaytarsa da, hal-hazırda 1200 manat ödənilməmiş qalıq borcu vardır. Cavabdeh 1 ildən artıqdır ki, qalıq borcu qaytarmır, hər dəfə onu get-gələ salır. Əlacsız qalıb DİN-nin 102 qaynar xəttinə müraciət etmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 sentyabr 2023-cü il tarixli qərarda da cavabdeh ondan pul aldığını təsdiq etmişdir. Bundan əlavə cavabdehin həyat yoldaşı onun yaşadığı evə gələrək ailə üzvlərini təhqir edərək pulu verməyəcəyini bildirmişdir. Hesab edir ki, Cavabdeh 1200 manatın və ödənilmiş 32 manat dövlət rüsumunun, cəmi 1232 manatın tutularaq ona ödənilinəsi barədə qətnamə qəbul edilməlidir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdeh qaynatasının qohumudur. 2023-cü ilin fevral ayının əvvəlindən aprel ayının sonuna kimi 5000 manat məbləğində pul almışdır. Onu dövlət işinə düzəldəcəyini bildirmiş, hər dəfə bəhanələr gətirmişdir. 2023-cü ilin iyun ayında pulunu tələb edərək işi istəmədiyini bildirmiş, çünki o da başqasından borc almışdır. 2023cü ilin avqust ayının 10 ya 11-i o, Polis İdarəsinə müraciət etmişdir. Bundan sonra hissəhissə olmaqla 3700 manat məbləğində ödəniş etmişdir. Cavabdeh tərəfindən yazılmış əlyazma da var, ödəyəcəyini bildirmişdir. İndi pulunu tələb edəndə isə yoldaşından istəməli olduğunu deyir. Yoldaşı da içkili vəziyyətdə evinə gəlib onları təhqir edir. Cavabdehin 1200 manat məbləğində borcu qalmışdır. Qeyd edilən borcdan heç bir ödəniş etməmişdir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. Sumqayıt şəhər Polis İdarəsinin 09 sentyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarından görünür ki, toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı ona dəymiş ziyanla bağlı məhkəməyə müraciət hüququnun olması izah edilmişdir.
6. Məhkəmə hazırlıq iclasında iddiaçı tərəfindən təqdim edilmiş əlyazmada qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixində saat 18:05-də 2300 manatı İddiaçı vermiş, 2400 manat pulu qalmış, 700 manat xx.xx.2023-cü il tarixində (bazar günündə) veriləcək, 1700 manat isə xx.xx.2023-cü il tarixində veriləcəkdir.
Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 28. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, iddiaçını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
10. Belə ki, mülki iş materialları ilə müəyyən olunur ki, hazırki iş üzrə İddiaçı Sumqayıt şəhəri 1 saylı xəstəxanada baş tibb bacısı işləyən Sevil adlı qadının onu işə düzəltmək üçün pul alması və onu işə düzəltməməsi ilə bağlı müraciəti əsasında toplanmış material Sumqayıt şəhər Pİ-nin İŞ-nə göndərilmişdir. Sumqayıt şəhər Pİ-nin İŞnin 09 sentyabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
11. Sumqayıt şəhər Pİ-nin İŞ-nin həmin qərarında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı hazırki iş üzrə Cavabdeh izahat verərək İddiaçı iş yerini dəyişmək istədiyini, bunun üçün ona 1000 manat pul verdiyini, qeyd olunan pulu özündə saxladığını, 2 gün sonra isə ona əlavə 1000 manat verildiyini, bundan başqa ona 2700 manat verildiyini, iş alınmadığına görə 3000 manat məbləğində pulu qaytarsa da, 1700 manat pulu qaytarmağa imkanının olmadığını bildirmişdir.
12. Beləliklə qeyd olunan qərardan görünür ki, iddiaçı qeyd olunan işin müqabilində iddiaçıya 1700 manat məbləğində pul vəsaitini ödəməli olduğunu etiraf etmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən ona 1200 məbləğində pul vəsaitinin ödənilməsini tələb edir.
13. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməsinə və eyni zamanda iddia tələbinə qarşı etirazını məhkəməyə təqdim etmək hüququnun ona izah olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və iddiaya qarşı münasibətini məhkəməyə təqdim etməmişdir.
14. Məhkəmə qeyd edir ki, mülki mühakimə icraatı qaydasında baxılan işlərdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir, dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
15. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
16. Hazırki işdə iddiaçı Sumqayıt şəhər Pİ-nin İŞ-nin Cinayət işinin rədd edilməsi haqqında yuxarıda adı qeyd olunan qərarını məhkəməyə təqdim etməklə cavabeh tərəfindən ona ziyan dəydiyini sübut etmiş, lakin qarşı tərəf qeyd olunan dəlili təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
17. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
18. Məhkəmə hesab edir ki, Cavabdeh 1200 (min iki yüz) manat pul vəsaiti və 32 (otuz iki) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
Nəticə:
19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 1200 (min iki yüz) manat pul vəsaiti və 32 (otuz iki) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva