Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2/2024 15.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 15 fevral 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Kreditor İddiaçı borclu Cavabdeh qarşı borcun alınması barədə məhkəmə əmri verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borcludan onun xeyrinə 8877 (səkkiz min səkkiz yüz yetmiş yeddi) manat məbləğində pulun tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixində Cavabdeh məzmununa görə borcun etirafı haqqmda müqavilə hesab olunan, “Raspiska” (qəbz) yazmışdır (sonradan “borcun etirafı haqqında müqavilə” adlandırılacaq). Borcun etirafı haqqında müqavilə sadə yazılı formada tərtib edilmiş və borclu tərəfindən imzalanmışdır. Borcun etirafı haqqında müqavilənin şərtlərinə görə xx.xx.2014 tarixində borclu Abasov 8877 (səkkiz min səkkiz yüz yetmiş yeddi) manat məbləğində pulu borc götürmüşdür və hər ay 700 (yeddi yüz) manat ödəmək yolu ilə borcun qaytarılmasını öhdəsinə götürür. Ərizəyə əlavə edilmiş borcun etirafı haqqında müqavilənin məzmunundan görünür ki, 8877 manat borc öhdəliyi həy ay 700 manat məbləğində təmin edilmiş olsaydı, öhdəlik xx.xx.2015 tarixinə qədər tam icra olunardı. Buna baxmayaraq borclu Cavabdeh borc öhdəliyini icra etməmiş, borc öhdəliyi olduğu kimi qalmışdır. Hal hazırda borclu Cavabdeh ona 8877 (səkkiz min səkkiz yüz yetmiş yeddi) manat borcu vardır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-12323/2015 saylı məhkəmə əmri ilə xx.xx.1989-cu ildə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh 8877 (səkkiz min səkkiz yüz yetmiş yeddi) manat məbləğində pulun tutularaq ünvan 2 ünvanında yaşayan İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmışdır. xx.xx.2023-cü il tarixdə borclu Abbasov Cavabdehiçin Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-cı il tarixli, 2(060)-12323/2015 saylı məhkəmə əmrinə etiraz ərizəsi məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-12323/2015 saylı məhkəmə qərardadı ilə kreditor İddiaçı borclu Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-12323/2015 saylı məhkəmə əmrinin ləğv edilməsi, işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Daha sonra İddiaçı məhkəmə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, əsas borc üzrə 8877 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi üzrə hesablanmış faiz üzrə 3.994,65 manat, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş haqq üzrə 300 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 13.201,65 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, halhazırda ləğv olunmuş məhkəmə əmrinin verilməsindən 8 il, xx.xx.2014-cü il tarixli borc müqaviləsindən isə 9 ildən çox vaxt keçmişdir. Beləliklə iddiaçının hüququ çatır ki, cavabdehdən əsas borcun 5 faiz hissəsini təşkil edən 8877*5%=3994,65 manat faiz tələb etsin. Beləliklə iddiaçı iddia tələbinin həcmini artırmaqda haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vərərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh həbsdə olduğu üçün əvvəllər ödəniş edilməsi ilə bağlı iddiaçı tərəfindən icraya müraciət edilməmişdir. Sonradan maraqlandıqda isə iddiaçı məhkəmə əmrinin ləğv edilməsindən xəbərdar olmuşdur. Hesab edir ki, borcun ödənilməsi cavabdeh tərəfindən 9 il yubadılmışdır. Bu səbəbdən həmin borca hesablanmış 5 faiz də ondan tutulmalıdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir. Həmin əlyazmanı şəxsən özü yazıb. Lakin orada qeyd edilən borcu ödəmişdir, borcun çox az bir hissəsi, təxminən 1000 manata qədər hissəsi qalıb. İddiaçıya birinci dəfə üçün 2600 manat ödəniş edib. Aralarında olan münasibətlər qeyri-rəsmi və mülki xarakterli olduğu üçün polis baxıb araşdırma aparmamışdır. 2016-cı ilin mart ayında həbs olunub və 2019-cu ildə azadlığa buraxılıb. Məsələnin üstündən 4 il keçib. Lakin azadlığa çıxdığı vaxtdan ona icra ilə bağlı hər hansı məlumat gəlməyib. İcradan xəbər tutduqda isə əmrin ləğv edilməsi üçün məhkəməyə müraciət edib. Bundan başqa atası polis vəzifəsində işləmiş və şəhid olmuşdur, anası xəstədir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir. Cavabdeh borclu olduğu pul vəsaitinin böyük bir hissəsini qaytarıb. Cavabdehin hazırda iddiaçıya təxminən 800 manat borcu qalıb. Bundan başqa tərəflər arasında olan borc məsələsinin üstündən 9 il keçib. Bu günə qədər iddiaçının cavabdehdən borcu ödəməsini tələb etməməsi sual doğurur. Elə bu hal da borcun ödənildiyini təsdiq edir. Bundan başqa cavabdehin məhkəmə əmrindən məlumatı olmamışdır. Məlumatı olsaydı vaxtında borcunu ödəyərdi. Bu səbəbdən hesab edir ki, borca hesablanmış 5 faiz borcun cavabdehdən tələb edilməsinin heç bir hüquqi əsası yoxdur. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan əlyazma ilə yazılmış xx.xx.2014-ci il tarixli iltizamdan (tərcümə ilə) görünür ki, Cavabdeh 2014-cü ilin əvvəlində İddiaçı 8877 mant borc aldığını bildirmiş və həmin borcu hər ay 700 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bu iltizam hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 882-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2). Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir (882.4). Nəzərə alınmalıdır ki, mövcud borcun etirafı haqqında müqavilənin bağlanması və həmin tərəflərin müqavilədən irəli gələn hüquq və vəzifələri Mülki Məcəllənin 882-ci maddəsi ilə tənzimlənir. Başqa sözlə belə müqavilədən irəli gələn iddia tələblərinin qanuni əsasını həmin norma təşkil edir. Mülki Məcəllə belə müqavilənin qüvvəsini o halda tanıyır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bununla yanaşı, Məcəllənin 882.2-ci maddəsi bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadığı halda mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn etirazların irəli sürülməsinə yol vermir. Çünki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Başqa sözlə, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar. Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Odur ki, borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Mülki Məcəllənin 882.3 və 881.5-ci maddələrinin mənasına görə mövcud borcun etirafı haqqında müqavilənin o zaman qüvvəsi olmur ki, tərəflər həmin müqavilədən irəli gələn vəzifələrini özlərindən asılı olmayan səbəblərlə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilməsinlər. Belə halların mövcud olduğunu sübut etmək vəzifəsi isə onlara istinad edən tərəfin üzərinə düşür. Qeyd olunan hallardan kənar etiraf edən bu müqavilədən irəli gələn tələblərə başlıca əqddən irəli gələn etirazlar verə bilməz. Bu baxımdan mövcud borcun etirafı haqqında etibarlı müqavilədən irəli gələn mübahisələrə baxan məhkəmə həmin borcun məbləğinin yaranması, müqavilənin bağlanmasından əvvəl baş vermiş hərəkətlər nəticəsində onun məbləğinin artması və ya azalması ilə bağlı müqavilə tərəflərinin sübut və dəlillərini araşdırmaq vəzifəsi daşımır. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməməklə həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda, 8877 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh həmin borcun əsas hissəsini ödədiyini bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi üzrə hesablanmış faiz üzrə 3.994,65 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri 2014-cü ilin əvvəllərində yaranmış, borc məbləği hər ay 700 manat olmaqla təxminən 1 il ərzində, yəni 2015-ci ilin əvvəlində cavabdeh tərəfindən ödənilməli olmuşdur. Lakin borc bugünədək ödənilməmiş, beləliklə borcun ödənilməsi 9 il müddətinə gecikdirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, müqavilə müddəti bitdikdən sonra, yəni 2015-ci il tarixdən 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3994,5 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də iddia tələbi əsaslıdır. Məhkəmə cavabdehin məhkəmə əmrindən məlumatlı olmadığı üçün iddia tələbinin əsas borca illik 5 faizlə hesablanmış borcun tutulması hissəsində təmin edilməli olmaması barədə etirazının dəlilləri ilə də razılaşmır. Belə ki, cavabdeh məhkəmə əmrindən məlumatlı olmasa da, iddiaçıya borclu olduğundan məlumatlı olmuş, bunu öz xətti ilə yazdığı iltizamda etiraf etmişdir. İltizamın yazıldığı vaxtdan keçən 9 il müddətində isə cavabdeh borcunu ödəməmiş, nəticədə iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi vəkilə hüquqi yardıma görə ödənilən xərclərə görə cavabdehdən 300 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya verilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin məzmunundan pulun iddiaçı və ya başqa şəxs tərəfindən ödənilməsini, hazırda məhkəmə iclasında iddiaçının hüquqlarını təmsil edən vəkil üçün ödənilib-ödənilməməsini müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilən maddəyə istinad edərək hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən ödənilmiş 130 (20+100+10) manat dövlət rüsumu da Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 12871,65 (on iki min səkkiz yüz yetmiş bir manat altmış beş qəpik) manat məbləğində borc və ödənilmiş 130 (bir yüz otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2/2024
15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver